Həmrəylik günü.

Artıq YENİ İL yaxınlaşır bütün dünyanın qeyd edəcəyi bu bayram xüsusilə biz-Azərbaycanlılara  ikiqat bayramdır,31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi tariximizə daxil olmuşdur.Bəs bu Həmrəylik günü təqvimimizə necə daxil olub?

XX  əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə  əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi.  İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında  Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq  əlaqələrini bərpa etmək məqsədilə  əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, «Sərhəd hərəkatı» adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi. 
1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını  əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli  Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin. 
Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Hazırda YUNESKO-nun məlumatına görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 29 milyonu Cənubi Azərbaycanın,3 milyonu Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür. 
XX əsrin əvvəllərindən təşəkkül tapan və fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edir. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların 100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Müstəqillik qazanıldıqdan sonra  əldə olunan nailiyyətlər sayəsində bütün dünya 
azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 10-da 
Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultayda 36 ölkədən gəlmiş 1105 
nümayəndə, 906 qonaq iştirak edirdi. Qurultayda Azərbaycan Respublikası Prezidentinin söylədiyi 
proqram səciyyəli nitqinin aparıcı xəttini belə bir tezis təşkil edirdi: «Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz  ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün  əlimizdən gələni əsirgəməməliyik». 
Qurultay göstərdi ki, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən keçir. Qurultay dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi və qəti bir addım idi. Qurultay Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasına kömək edəcək diasporumuzun inkişafında həlledici  əhəmiyyətə malik qərarlar qəbul etdi. 
Türk dünyasının böyük lideri Heydər  Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi oldu. Azərbaycan dövləti Dünya azərbaycanlılarının I qurultayının tarixi qərarlarının əməli surətdə həyata keçirilməsi üçün bir sıra işlər gördü. O cümlədən, 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.

“El bir olsa dağ oynadar yerindən”-Yeni ildə Dünya Azərbaycanlılarına hər zaman həmrəy olmalarını arzu edirəm !

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: