KÖLGƏMƏ DEYƏ BİLMƏDİKLƏRİM . . .

Hə, öz-özünə deyirdi, bu gec-tez hamının ba-şına gəlir, ya təəccüblə qarşılanır, ya dəhşətlə, ancaq gəlir… Bunu düşünürdü, lakin ha¬vayı yerə ölüb getməsi onu qovururdu. Axı, o, ölümü üçün peşimançılıq keçirmirdi, əldən buraxdığı xoşbəxtliyi və xoş güzəranı düşünürdü… Düşündüyümdən xeyli qabaq ölürəm, ölürəm, həm də təkcə mən deyiləm, biz ölürük və hamı¬mız da acı təəssüflə peşimançılıq keçiririk ki, bizi qarşıda gözləyən xoşbəxtliyi və rahatlığı əbədi olaraq itiririk…

Con Sommerfild
“Ölmək asan deyil”
Həbsdən çıxarkən özümlə bir əlyazma götürmüşdüm. Bunu mənim həbsxana yoldaşım Fər-man yazmışdı. Həbsdən çıxmasına cəmi bir gün qalmış qələm-vərəqdən bu qədər asılı vəziyyətə düşməsi və onlardan bir müddət ayrıla bilməməsi bizim hamımızı təəccübləndirmişdi…
Qəribə xarakterə malik insan idi. Həbsə düşən hər bir məhbusun öz əhvalatı olduğu kimi, hər kəs də onu bir-biri ilə paylaşıb dərdini yüngülləşdirməyə çalışsa da, Fərman bunu etmir, heç kimlə yaxınlıq qurmazdı… O, çox danışmağı da sevmirdi. Yoldaşlarımızın bəzilərinin dediyinə görə isə, o, çox vaxt gecələr öz-özünə asta səslə nə isə danışar, ancaq heç kəs onun nə danışdığı¬nı tam ola-raq eşidə bilmirmiş.
Son vaxtlarda isə onun özünü bir qədər yaxşı hiss etməyib, ürəyindən şikayətçi olması, onu ətraf aləmdən tamamilə təcrid etmiş, bizdən daha da ayırmışdı. Fərmanın isə, burada onsuz da dostu yox idi. Mən bunun səbəbini aydınlaşdırmaqda həmişə çətinlik çəksəm də, onun yazdıqlarını oxuduqdan sonra, hər şey mənə aydın olmuşdu…
Fərmanın həbsdən çıxmasına bir gün qalmış qələmə aldığı bu məktub xarakterli yazı, əslində elə bizə ünvanlanmışdı. Bizə aydın olmayan sualların məntiqi cavabı məhz bu yazıdaydı, ancaq çox təəssüf ki, yenə də hər şey tam şəkildə deyildi…
Fərmanın öz xətti ilə vərəqə qeyd etdiklərini, elə olduğu kimi də yazıram:
“Artıq iki-üç gün idi ki, özümü o qədər də yaxşı hiss etmirdim. Ürəyimdə ara-sıra öldürücü ağrılar olsa da, konkret bir xəstəliyim yox idi, amma bəzən içimdə boşluq, maraqlıdır ki, bəzən də ağırlıq duyurdum. Bəlkə mənə hava çatmırdı?! Yox, mən artıq on üç il idi ki, bu otağın bar¬maq-lıqla örtülmüş pəncərəsindən içəri dolan oksigenlə kifayətlənməyə alışmışdım. Ancaq sanki indi, ilk günlər, ilk aylar və ilk illər məni qarabaqara izləyən cansıxıcı təəssüratlar yenidən mənimlə idi, yanımda idi. Belə çıxır ki, tək deyildim?! Əksinə, tək idim… Tamamilə tək… Yalnız gecələr özümü tənha hiss etmirdim. Hamı yatdıqdan sonra, dəmir çarpayımda əyləşib, arxamı pəncərədən otağa düşən ay işığına tərəf çevirir və saatlarla qarşımda dayanan bir varlığa tamaşa edirdim. O, dilsiz idi, simasız idi, cizgisiz idi… Bəzən ona cavabını bildiyim suallar verib, bəzən qarışıq keçmişimdən, bəzən də dumanlı gələcəyimdən söhbət açmağa səy göstərsəm də, o, həmişə məni səssizcə dinləyir, dinib-danışmır və cəhdlərim nəticə vermirdi. Çünki o, bir müddət qarşımda dayanıb, hər gecə təkrarlanan bir şəkildə qəfildən yoxa çıxırdı. Əslində o, aram-aram otaqdan qeyibə çəkilirdi. Sadəcə mən çox vaxt ona baxmadan danışırdım və bir də başımı qaldırıb baxan-da, onun burada olmadığını görürdüm və maraqlıdır ki, başıma gələnləri və gələcək xəyallarımı sonuna qədər ona danışa bilmirdim… Çevrilib, bir az əvvəl işıq saçan pəncərədən, indi göy üzü-nün dərin və sonsuz zülmətinə tamaşa edirdim. “Narahat olma, növbəti gecə biz sənin dostunu yenidən yanına gətirəcəyik.” – uzaqdan mənə göz vuran kiçik bir ulduz isə, sanki bununla mənə söz verir və mən də onunla razılaşıb, çarpayımda arxası üstə uzanaraq, bu dəfə ulduzsuz qaranlığı seyr edə-edə, ömrümdən amansızcasına qopmağa müvəffəq olmuş növbəti iyirmi dörd saatı da, bax beləcə yola salırdım…
Ötən saatlar yoldaşımı yenidən otağıma qonaq gətirir və mən də bu dilsiz məxluqla yenidən söhbətə başlayırdım. Bəzən, “Görəsən o, niyə tərpənmir?”- deyə, düşünsəm də, öz-özümə ünvanladığım bu mənasız suala asanlıqla tapdığım cavaba da gülməyim gəlirdi. Axı, mən özüm tər-pənməsəm, o yazıq necə hərəkət edə bilərdi?!
O, məndən asılı vəziyyətdə idi. Bu həyatda yeganə dostum, həmsöhbətim idi, məni başa düşən, yaşadıqlarımdan az-çox agah olan tək varlıq idi və ən əsası, divarın ağ fonunda əks olunmuş qara rəngli MƏN idi… KÖLGƏM idi…
Kölgəmlə on ilə yaxın bir zaman idi ki, dost idik… İlk vaxtlar hətta onu da görmək istəməsəm belə, bütün yaxınlarım tərəfindən atıldığımı dərk edəndə, olanlara baxmayaraq kölgəmin həmişə yanımda olduğunu hiss etməyə başladım və biz dostlaşdıq… Necə ki, bir zamanlar Elşadla dost-laşmışdıq…
Elşadı illər sonra indi də təəssüflə xatırlayıram. Bəzən bu haqda düşünmək istəməsəm belə, daxili duyğularıma hakim ola bilmir və bu dostluğun gətirdiyi acı nəticələri yoxdan saymağın müm¬künsüz bir şey olması ilə razılaşmalı oluram…
Elşadla məktəbi və universiteti birlikdə bitirmişdik. On illik sinif, altı illik parta yoldaşım olmuşdu. Dəliqanlı oğlan idi… Sinifdə çoxları ilə yola getməsə də, mənə qarşı həmişə mehriban davranır və eyni münasibəti də, özünə qarşı hiss edirdi. Hündürboylu, idmançı bədən quruluşlu, ya¬raşıqlı oğlan idi. Bəlkə də, elə buna görə idi ki, qəlbimin dərinliklərində dostuma qarşı yüngül bir paxıllıq hissinin mövcudluğunu özüm də duyurdum. Çünki, hələ məktəb vaxtlarından, ətrafımızdakı “zərif”lər həmişə ona qarşı xüsusi bir maraq nümayiş etdirirdilər. Etiraf edim ki, Elşad özü də bu məsələlərdə “duru su” sayılmazdı və qızlara qarşı olan bu hədsiz düşgünlüyü, bəlkə də onun ən pis xarakteri idi. Çox vaxt onu bu yoldan çəkindirmək istəsəm də, demək olar ki, hər dəfə eyni cavabı eşitməli olurdum: – “Fərman, məgər məndə günah var? Özün də görürsən ki, zalım qızları özləri məndən əl çəkmirlər.” “Düz sözə nə deyəsən?!” – deyə, öz-özümə fikirləşir¬dim. Elşad haqlı idi… Bəzən qızlar, hətta məni də ona qısqandıqlarını hiss etdirməkdən çəkinmirdilər… Bir dəfə Firuzə adlı bir qızın, üçümüz birlikdə dənizkənarı parkda gəzərkən Elşada pıçıldadığı sözləri, öz qulaqlarımla eşitmişdim: “Dostun bizlə hələ çox gedəcək?” – deyə, qız asta səslə soruşmuşdu. Özümü eşitməməzliyə vursam da, Firuzənin sözləri həmin vaxt mənə çox təsir etmiş və mən, gec də olsa “üçüncü artıqdır” prinsipinə sadiq qalaraq, ağlıma gələn ilk bəhanə ilə onlardan ayrılmışdım.
Elşadın macəraları durmadan yenilənir və mən demək olar ki, hər gün yeni bir qız adı eşidirdim. Bu vəziyyət isə, mənim üçün çox da xoş olmayıb, artıq az əhəmiyyət kəsb etsə də, bir gün Elşad, ciddi şəkildə etdiyi söhbətlə, məni sözün əsl mənasında sarsıtmağı bacardı.
– Sevgi yalan şeydir… – deyə o, sözə belə başladı – İndiki zəmanədə qızları ancaq pul-para, var-dövlət maraqlandırır. Əgər bu dediklərimə sahib deyilsənsə, onda adını “sevgi” qoyduğumuz olmayan bir şeyi axtarmağa dəyməz. Ona görə də qardaşım, – deyib, əlini əlimin üstünə qoydu – cavanlığın dadını çıxartmaq lazımdır.
Elşad həmin gün mənə, qızlar haqqında adını “iyrənc” qoya biləcəyim bəzi söhbətlərdən də söz açdı. O, doğrudan da qızlara qarşı bu cür münasibətdəydi və əks cinsin nümayəndələrini “kib-rit çöpü” kimi istifadə edirdi. Bir dəfə mənim bu bənzətməmi eşidəndə isə, hətta ürəkdən gülərək, mənə haqq qazandırmışdı.
– Fərman, gözəl oxşatmısan, amma bir şeydə səhv edirsən. Mən hərdən kibrit çöpünə pam-bıq dolayıb, qulaqlarımı da təmizləyirəm. – deyib, qəh-qəhə ilə gülmüşdü – Yəni onlar, təkcə nəyi isə yandırmaq üçün gərəkli deyil…
Nədənsə, Elşad bu mövzudan danışanda, həmişə gözümün önünə bacım Qönçə gəlirdi. Dos-tumun barmaqarası münasibət göstərdiyi qızların çoxu, elə mənim bacımla həmyaşıd idi və bu, mənə çox əzab verirdi. Bəlkə də, elə buna görə idi ki, mən həmişə bu söhbətdən qaçır və bacardığım qədər dostumu doğru yola çəkmək istəyirdim, ancaq alınmırdı…
Qızlar isə dostumun təkcə yaraşığına, boy-buxununa aşiq deyildilər… Elşad, bir vaxt mənə sadaladığı, “zəmanə qızları”nın maraq dairəsinə düşə biləcək hər bir şeyə sahib idi. Eynən məni kimi ailənin tək oğluydu və özündən yaşca balaca bir bacısı vardı. Atası, şəhərin yaxşı bir yerində klub işlədirdi və Elşad da onuncu sinifdə oxuduğu zamandan atasına qoşulub, onunla birlikdə işləyirdi. Odur ki, onun həmişə özünün şəxsi pulu olur, mən isə bunu nəzərə alıb, bəzən cibimdəki qəpik-quruşla dostumla görüşməyə utanırdım…
Sonrakı illərdə tale elə gətirdi ki, Elşadla mən eyni universitetə daxil olduq və dostluğumuzun möhkəmlənməsi üçün yaranan fürsətdən istifadə edib, daha dörd ili də birlikdə keçirdik. Ancaq bu müddət ərzində heç birimiz dəyişmədik. Nə mən, nə də o… Mən artıq Elşada məsləhət verməkdən yorulmuş, o isə köhnə alışqanlıqlarından və pis vərdişlərindən, hələ də əl çəkməmişdi. Hələ bu azmış kimi, klub həyatı onun siqaret və spirtli içki meylini də artırmışdı…
Universitetin bakalavr pilləsini bitirdikdən sonra, Elşad magistraturaya daxil olsa da, mən imtahandan kəsildim və məni əsgər apardılar. Beləcə, əgər iki-üç görüşü nəzərə almasaq, biz Elşadla bir illik ayrılmalı olduq. Getməzdən əvvəl mənə söylədikləri, indi də yadımdadır:
– Evdəkilərdən arxayın ol. – deyib, əlləri ilə çiyinlərimdən tutmuşdudu – Mən də Tamella xalanın oğlu sayılıram… Rahat get, sağ-salamat qayıt…
Həmin vaxt Elşadla qucaqlaşarkən, hər bir əsgərin xəyal etdiyi gələcək xidmət həyatımı yox, evdə tək qoyduğum anamla bacımı düşünür və bəlkə də ömrümdə ilk dəfəydi ki, atamın yoxluğunu bu qədər kədərlə hiss edirdim…
Xidmət vaxtı ara-bir evə zəng vurur və anamın bu müddət ərzində həmişə Elşadla bağlı xoş sözlərini eşidirdim. Mən evdə olmadığım gündən, Elşad ara-sıra bizə baş çəkməklə yanaşı, bəzən anamgilin ehtiyaclarını belə ödəyirmiş. Ancaq maraqlıdır ki, dostum mənimlə görüşdüyü zaman bu mövzudan söhbət açmağı məsləhət bilmir, mən də bunu görüb, bu haqda danışmağa səy gös-tərmirdim…
Ömrümdən hərbi xidmətə xərclədiyim bir il göz qırpımında elə sürətlə keçib-getdi ki, mən iki-üç günə evə qayıdacağımı düşünəndə, hətta təəccüblənməyə başladım…
Əsgərlikdən qayıtdıqdan bir həftə sonra isə, iş axtarmağa cəhd etsəm də, ali təhsilli olmağıma baxmayaraq, bir müddət doğru-dürüst iş tapa bilmədim. Bəzən yorğunluq içərisində Elşadın klu-buna gedir və uğursuz keçən günümün qalan hissəsini onunla keçirirdim. Nəhayət, bir gün Elşad öz təklifi ilə məni bataqlıqdan çıxartmağa nail oldu.
– Yenə alınmadı? – Elşad bu dəfə sözlü adama oxşayırdı – İş tapa bilmədin?
– Yox, – deyə qısaca cavab verdim – hələ ki, axtarıram.
Elşad əlini alnına çəkdi. Yaman narahat görünürdü…
– Nə olub sənə? – deyə soruşdum, amma cavab gəlmədi – Elşad nə olub? Niyə bikefsən?
– Kişi bərk xəstələnib. – Elşad gözünü döşəməyə zilləyərək dedi – Əməliyyat olunasıdı…
– Allah şəfasını versin. O, iki-üç ay əvvəl əməliyyat olunmamışdımı?
– Yenə olunmalıdı…
– Yaxşı olar, ürəyini sıxma… Başqa bir problem yoxdur ki?
– Problem ondadır ki, problemlər biri-birinə zəncirvari şəkildə bağlıdır. Klubu satırıq…
– Yəni, əməliyyata bu qədər pul lazımdır?
– Yox, klubdan gələn pulun bir hissəsi yol xərcinə, əməliyyata gədəcək. Qalan hissənə isə başqa bir iş qurmaq fikrindəyəm. – Elşad bu an gözlərini mənə zillədi – Doğrusu, bilmirəm necə deyim?! Sənə bir şey təklif etmək istəyirəm… Mənlə şərik olarsan?
– Necə yəni, şərik?
– Ay zalım, bunun necəsi də var? – deyib, gülümsədi – Pulumuzu bir yerə qoyaq, qazancı-mızı da bölək də…
İlk öncə Elşadın mənimlə zarafat etdiyini düşünsəm də, sonradan onun həqiqətən ciddi oldu-ğunu anladım. Atamdan qalma və o vəfat edəndən sonra, bir dəfə də olsun sükanı arxasına keç-mədiyim köhnə bir “Jiquli”nin hələ də həyətimizdə olmasını belə Elşad mənə xatırlatdı və biz or-taq razılığa gəldik.
Maşınla klub demək olar ki, eyni vaxtda satıldı və üç ay sonra dostumla mən, şəhərin bir qədər kənarında yerləşən, çox da kiçik olmayan kafeni almağı bacardıq. Beləliklə, Elşadla günümü-zün böyük əksəriyyətini birlikdə keçirməyə başladıq. Bəzən, axşamlar şam yeməkləri zamanı da birlikdə olurduq. Elşadın bizdə olarkən özünü çox vaxt qəribə aparması isə nəzərimdən yayınma-ya bilməzdi. O, əksər vaxt bizə gəlməkdən boyun qaçırmağa çalışır, mən isə onu çox da məcbur etmirdim, amma səmimi olaraq etiraf edim ki, o zaman nələr baş verdiyindən zərrə qədər də şüb-hələnməmişdim…
Aylar sonra Elşad hərbi xidmətə yollandı… Mən isə yaranmış fürsətdən istifadə edib, dostuma olan mənəvi borcumu ödəməyə başladım. Belə ki, ara-bir evlərinə baş çəkməklə bərabər, bəzən Elşadın özünü də görməyə gedirdim. Hər dəfə onun hərbi xidmətlə bağlı maraqlı əhvalatlarını eşidib, onun gülər üzü ilə qarşılaşsam da, bir dəfə hər şey tamam başqa cür oldu. Elşad hər zamankı kimi deyildi…
– Niyə kefin yoxdur? – deyə soruşdum – Nə isə olub?
Elşad bir müddət dinmədi. Məni daha çox narahat edən isə, onun mənim üzümə baxmaması idi. Sanki o, nə isə demək istəyir, lakin çəkinirdi və bu ona açıq-aydın əzab verirdi…
– Bizimkilərdən xəbərin yoxdur? – nəhayət ki, o, asta səslə soruşdu.
Düzünü desəm bu sualı eşitməyi heç istəmirdim. İndi Elşad yüz faiz düşünəcəkdi ki, o əsgərlikdə olan müddətdə, mən onun ailəsi ilə maraqlanmamışam. Əslində isə, iki gün əvvəl evlərində olmuşdum. Düzdür, ata-anasının bir qədər bikef olduğunu görsəm də, sağ-salamatçılıq idi. “Hər nə olubsa, dünən baş verib. Yəqin, Qoşqar dayı ilə bağlıdır.” – deyə düşünərkən, Elşadın atasının naxoş olduğunu xatırlasam da, suala necə cavab verəcəyimi müəyyənləşdirə bilmədim.
– Hə də, sənə niyə desinlər ki?! – Elşad mənim cavabımı gözləmədən, söhbətə başladı – Mən lap əvvəldən Aytəkinin Türkiyədə oxumasının əleyhinə idim…
Bu sözdən sonra, mən artıq nə baş verdiyini anladım. Hər nə olmuşdusa, Aytəkinlə bağlı idi.
Aytəkin Elşadın özündən üç yaş balaca bacısı idi. Türkiyədə təhsil alır və dörd il idi ki, ailəsindən kənarda yaşayırdı.
– Biabırçılıqdır… – Elşad sözünə davam etdi – Heç bilmirəm, bunu sənə necə deyim?! Sadəcə istədim ki, birinci elə mənim özümdən eşidəsən…
– Axı, nə olub? – nəhayət ki, səsimi çıxartdım.
– Aytəkin qəhrəmanlıq eləyib… – deyə, Elşad təəssüf hissi ilə dedi – Onun Türkiyəyə getməkdə məqsədi tamam ayrı şey imiş. – o, sanki öz bacısı haqqında deyil, həyatında olmuş müxtəlif qızlar barəsində danışırdı – Buradan tək gedib, amma yanında biri ilə qayıdır…
Artıq məsələnin nə yerdə olduğunu alayırdım, ancaq buradakı problemin ciddiliyinin nədə olması, hələ ki mənə aydın deyildi. Elşad bu an mənim sualdolu gözlərimə baxaraq, deyəsən hər şeyi hiss etdi.
– Bu yaxınlarda atam-anam baba-nənə olacaq, mən də dayı… Hər şey olub-keçib, biz isə bunu bir həftə qabaq öyrənmişik. – Elşad bunu deyib, ayağa qalxdı – Bax, problem bundadır… Heç bilmirəm, bu biabırçılığa qohum-qardaş nə deyəcək?!
– Oğlan türkdü? – özümdə cəsarət taparaq bu sualı verdim.
– Yox, azərbaycanlıdı… – Elşad laqeydliklə dedi – Bir yerdə oxuyurlarmış… Adı da, Nurlandı, deyəsən… Qoy, bura gəlsinlər, ikisinin də başına oyun açacam…
Elşadın bu hədəsini çox soyuqqanlılıqla dinlədim, çünki bu sözlərin söz xatirinə və bir qədər qeyri-ciddiliklə deyildiyini bilirdim. Hələ məktəb vaxtlarında, Elşad özü doğru yolda olmadığı zaman, bacısı Aytəkini də eyni yolun yolçusu hesab etmək olardı. Bundan Elşadın özü belə xəbərdar olsa da, bu məsələyə heç vaxt dərindən müdaxilə etmirdi. Bəzən isə, mənə elə gəlirdi ki, bu vəziyyət qızın qardaşından çox, məni narahat edir, çünki dostumun bacısı haqqında bəziləri¬nin pıçhapıçla dedi-qodu etməsi mənə çox pis təsir bağışlayırdı.
Aylar sonra Elşadın, – “Qoy, bura gəlsinlər, ikisinin də başına oyun açacam.” – hədəsi haq-qında olan ilkin düşüncələrimdə yanılmadığımın şahidi oldum. Türkiyədən, artıq tam bir ailə şəklində ata evinə qayıdan Aytəkin, cuzi narazıçılıqla qarşılaşsa da, tezliklə hər şey unuduldu və o, Nurlanla rəsmi nigah bağladı. Yaranmış vəziyyətin isə, Elşadgilin ailəsini də bir müddət dilə-dişə salmasına baxmayaraq, bu sözsöhbətin də ömrü uzun olmadı. Ailədən ilk nəvə səsinin gəlməsi, demək olar ki, ətrafdakı bütün çirkin səsləri eşidilməz etdi…
Nurlan, yeni qohumları tərəfindən qəbul olunsa da, mənim bu insana alışmağım, çox da asan olmadı. O, həmsöhbətinə uyuşmayan qəribə xarakterə malik, qapalı bir tip idi. Sarışın, orta boylu və bir qədər dolu bədən quruluşunda olması, onu bizdən asanlıqla ayırırdı. Eynəkdən istifadə edib, tez-tez onun şüşələrini silər və biz söhbət edərkən, çox vaxt müdaxilə etməyi məsləhət bilməyib, hiyləgər baxışları ilə bizi süzərdi. Qısaca desəm, nə vaxt ona müraciət etsək, onda danışardı. Bir sözlə mənim üçün o, çox maraqsız yoldaş və cansıxıcı həmsöhbət idi. Bəzən Elşadın onunla mehriban münasibətdə olduğunu görmək isə, məni çox qıcıqlandırırdı…
“Doğrudanmı, Elşad bu qədər həngaməni belə tezliklə unutdu?! – deyə, dostum haqqında tə-əssüf hissi ilə düşünürdüm – Normal insan da heç, bacısının belə bir səhvini bağışlayarmı?! Şəxsən mən, Qönçəni bağışlamaz, onun Nurlan kimi birinə ərə getməsinə isə, heç vaxt yol verməz-dim. Elə Elşad da onun kimi… – maraqlıdır ki, bu haqda ilk dəfəydi düşünürdüm – Nə olsun ki, dostumdur?! On bacım olsa, birinin də Elşadla ailə qurmasına razı olmazdım, çünki mən Elşadı yaxşı tanıyırdım… O, yaxşı dost olsa da, heç vaxt yaxşı bir ailə başçısı ola bilməzdi…”
Beynimdən bu qarışıq fikirlər keçərkən, Elşad Nurlana nə haqqındasa danışır və danışdıqlarına da, elə özü gülürdü…
Bütün bu xoş münasibətlər azmış kimi, Nurlan tezliklə bizlərdən biri olmağa başladı. İşlərimiz hər ötən gündən daha da yaxşı gedir, qazancımız durmadan artır və biz üç şərik, artıq üç obyektə birdən nəzarət edirdik.
Bu arada, mənim şəxsi maddi vəziyyətim də, bəzi gecikmiş addımları ata biləcəyim həddə gəlib çatmışdı. Odur ki, illərdir söyləyə bilmədiyim, ürəyimdə qalmış gizli ifadələri, kəlmə-kəlmə bibim qızı Ceyhunəyə deməyə, özümdə cəsarət tapmağı bacardım. Ailələrimizin gəldiyi ümumi razılığa əsasən isə, yaxın zamanlarda nişanlanacaqdıq. Həyatımda baş vermiş bu əlamətdar hadisədən xəbərdar olanların içərisində, ən çox sevinənlərdən biri də, elə Elşad oldu…
– Sağ əlim sənin başına… – o, səmimiliklə məni təbrik edəndən sonra dedim – Sənin nə vaxt tərpənmək fikrin var? Hərçənd, o gün səni maşınında biri ilə gördüm, amma dəqiq fikir verə bilmədim…
Bu an, Elşadın sifətindəki mülayim cizgilər, bir anda sərtləşdi və mənim son ittihamım, nədənsə onun çöhrəsindəki təbəssümü yox etdi.
– Harada görmüsən? – deyə o, boğuq səslə, sanki tərəddüd edərək soruşdu.
– Mən bankdan çıxanda, sən təsadüfən onun qarşısından keçirdin. Maşını bərk sürürdün de-yə, sizi dəqiq görə bilmədim, amma sənin yanında bir qızın oturduğunu gördüyümdən əminəm. – bu sözlərim, deyəsən onu bir qədər sakitləşdirdi – Elşad, deyirəm heç dəyişmə-yəcəksən, elə? Yenə hansı bədbəxti öz toruna salmısan? Kim idi o qız? Mən onu tanıyıram?
– Hə. Nə bilim?!… Yoox yox, haradan tanıyacaqsan ki? – Elşad, bir qədər çaşqınlıqla cavab verdi – Amma o, əvvəlki qızlardan deyil. Ona qarşı münasibətim tamam başqadır…
– Yaxşı, görək… – deyib, əlimi yellədim – Belələri sənin həyatında çox olub.
– Xahiş edirəm, bir də o qız haqqında belə danışma. – üzümü çevirib gedərkən o, məni qo-lumdan tutub saxlayaraq dedi – Çox xahiş edirəm, bir də belə danışma…
Çevrilib, Elşadın üzünə baxdım. Bir müddət gözlərini məndən ayırmadı. Sanki, nə isə demək istəyir, lakin bacarmırdı. Dostumun görünüşündən asanlıqla anlamaq olurdu ki, az öncəki sözlə-rimlə onun bərk xətrinə dəymişəm. Üzr istəməkdən başqa çarəm yox idi…
Görəsən, Elşad doğrudanmı bu dəfə hansısa bir qızla ciddi münasibətdəydi?! Heç inandırıcı deyildi və maraqlıdır ki, o qızı tanımasam belə, artıq həmin andan ona yazığım gəlməyə başla-mışdı…
Bir müddət sonra vəziyyət elə bir hal aldı ki, Elşadın hər şeyi mənə öz xoşu ilə söyləməsinə ehtiyac qalmadı. Təsadüf elə gətirdi ki, mən onu maşınında həmin qızla yenidən gördüm və bu təsadüf, dünyanın o qədər də böyük olmamasını mənə bir daha inandırdı…
Maşınımdan düşüb taksiyə əyləşərək, Elşadın avtomobilini izləməyə başladım. Maşın, bizim evin küçəsinə bir xeyli qalmış, tində saxladı və qız maşından düşdü. Elşadın keçən dəfəki müəmmalı təşvişini nəzərə alanda, indiki halda şübhələrimdə yanılmadığımı qismən də olsa anlasam da, yenə də qızı dəqiq görə bilmədim və işi yarımçıq qoymamaq üçün, Elşad getdikdən sonra, taksi sürücüsündən avtomobili çevirib, küçəmizə arxa tərəfdən daxil olmasını istədim. Küçəmizlə irəliləyib, evimizin qarşısından keçərkən isə, uzaq döngədə görünən qızı tanıdım. O, bayaq Elşadın maşınından düşən həmin qız idi…
– Əclaf… – heyrət içərisində, o qədər də asta olmayan səslə dedim.
– Necə? – taksi sürücüsü təəccüblü və çaşqın halda üzümə baxdı.
– Məni bayaq götürdüyün yerə qaytar… – əsəbi halda sanki əmr etdim və biz qızın yanından, sürətlə ötüb keçdik…
Taksi sürücüsünün haqqını verib, öz maşınıma əyləşdim. Yadımdadır ki, başqa vaxtlar yarım saata getdiyim yerə, bu dəfə qayda pozuntularından belə çəkinmədən, on dəqiqəyə gəlib çatdım. Nədənsə mən əmin idim ki, Elşad buradadır. Yanılmamışdım… Onun maşını kafenin həyətində idi. Sürətli addımlarla içəri daxil olub, dar dəhlizə keçərək, şəxsi kabinetimizə tərəf getdim. Həmin an fikrim o qədər qarışıq idi ki, səhv etmirəmsə, bir-iki nəfərin salamını belə almadım… Kabinetə yaxınlaşıb, qapını var-gücümlə açdım. Elşad otaqda tək idi…
– Bu nə hörmətsizlikdi? Adam da heç müdirin otağına qapını döyməmiş girər? – deyə o, məni görən an, gülümsəyərək dedi – Harada idin?
– Bəlkə, bu suala əvvəlcə özün cavab verəsən?
Elşad ağlına belə gətirməmişdi ki, mənə sözgəlişi ünvanladığı suala, özü ciddiliklə cavab verə bilməyəcək. O, deyəsən, məsələnin nə yerdə olduğunu, mənim üz cizgilərimdən anlamışdı.
– Nədir ki? – deyə o, asta-asta stulundan qalxdı – Niyə soruşdun?
– Artıq sual lazım deyil… – yumruğumu düyünləyərək ona yaxınlaşdım – Cavab ver… Harada idin?
Elşadın söhbəti bu qədər uzatması, artıq səbr kasamı daşırırdı… “Bəlkə də olanlar tamam baş-qa cürdür?!” – deyə, tərəddüd edir və hələ ki, dostuma əl qaldırmağa çəkinirdim…
– Özünü bilməməzliyə vurma… – bu dəfə onun yaxasından yapışdım – Cavab ver..!
– Fərman, hər şey sən düşündüyün kimi deyil. – Elşad yalvarıcı nəzərlərlə üzümə baxaraq, hər iki əli ilə biləklərimdən tutdu – Burax yaxamı… Mən, nə baş verdiyini sənə izah edə bilərəm…
– Yaxanı buraxım?… Yaxşı… – deyib, onu özümdən kənara itələdim – Əclafın biri əclaf… –daha özümü saxlaya bilməyib, Elşadın sifətinə qüvvətli bir zərbə vurdum – Sən deyəsən, mənim bacımı başqaları ilə səhv salmısan… İndi gedirəm, amma bu söhbət burada bitmir. Sən etdiyin hərəkətə görə, hələ cavab verməli olacaqsan…
Mən bu sözü deyib, otaqdan çıxaraq dəhlizə keçdiyim an, Elşad elə yerə yıxıldığı vəziyyətdə də qalmışdı. Kafenin çıxış qapısının kandarında olduğum zaman isə, qəfildən arxadan boğuq bir səs gəldi…
– Fərman, – deyə, Elşad məni çağırdı – insan öz bacısı haqqında bu cür fikirdə olmaz! – o, qanamış dodağını cib dəsmalı ilə örtmüşdü – Əgər sən, onun necə bir qız olduğunu bilirsənsə, onda mənim hisslərimə şübhə etməməlisən…
Ətrafda hamı bizə baxırdı. Bu an, Nurlan da içəri daxil oldu.
– Yum ağzını… – asta səslə deyib, bir-iki addım qabağa getdim.
– Sənin fikrinə hörmət edirəm, – Elşad laqeydliklə səs tonunu qaldırdı – amma heç kim, hət-ta sən də bizim qarşımızı kəsə bilməzsən. İstəyirsən məni vur, istəyirsən öldür, ancaq bunu bil ki, biz Qönçə ilə bir-birimizi sevirik… Bunu, hətta bacın özü də təsdiq edə bilər…
Bu sözdən sonra, kafedə olan müştərilərdən bəziləri, sanki olacaqları əvvəlcədən hiss edirmiş kimi cəld bir şəkildə bizə yaxınlaşmaq istəsələr də, artıq gec idi. Mən qarşımdakı stolu aşırıb, El-şadın üzərinə şığıyaraq, onu əvvəlkindən də pis vurdum. O, yerə yıxılsa da, mən yenə də ondan əl çəkmədim. Müştərilərdən çoxu isə, bu mənzərədən sonra, kafeni tərk etmək məcburiyyətində qal-sa da, iki-üç nəfər bizi ayırmağa cəhd edirdi, amma maraqlıdır ki, onların içərisində Nurlan yox idi…
Elşadı bərk əzişdirdikdən sonra, bir saniyə belə gözləmədən kafeni tərk edib, maşınıma əyləşdim…
“Doğrudanmı mən, Elşada əl qaldırmışdım?! – deyə, düşünərkən, az öncə baş verənlərə inanmaq istəmirdim – Yəqin iyirmi illik dostluqlar, bu cür bitir… Ancaq bu məsələdə günahkar, təkcə Elşad deyil…” – çılğınlıqla gəldiyim bu son qənaət isə, indi sanki qeyri-ixtiyari olaraq, məni evə doğru aparırdı…
Bacıma vurduğum ilk şilləni, indi də təəssüflə xatırlayıram. Anamın, qarşımı kəsərək Qönçəni qoruduqdan sonra, məni yan otağa aparması da, bu günkü gün kimi yadımdadır…
– Ay arvad, mən buna heç vaxt yol verə bilmərəm! – anama dedim – Mən, Elşadı yaxşı tanı-yıram. O, sənin qızını xoşbəxt edə bilməyəcək….
– Axı, mən neyləyə bilərəm? – anam çarəsizliklə üzümə baxdı – Qönçəyə, “Fərman bilsə, səni öldürəcək” deyə, çox xəbərdarlıq elədim, amma məni eşitmədi. Qız, onu həddindən ar¬tıq çox istəyir. Dediyinə görə Elşad, çox yaxşı oğlandı… Elə mən özüm də o cür fikirləşirəm… Üzümə elə baxma! Sən əsgərlikdə olanda, Elşad bizə çox yaxşılıq eləyib…
Anamın, Elşad haqqında söylədiyi sonrakı silsilə tərifləri eşitmirdim. Bircə onu bildim ki, mən hərbi xidmətdə olduğum vaxt ərzində, Elşad həmişə Qönçəni qorumuş, hətta bir dəfə bacıma söz atan bir əclafı da bərk döyübmüş…
Artıq, şüuraltı olaraq hirsimin soyuduğunu hiss etməyə başlasam da, Elşadın bir vaxtlar mənə söylədiyi bir ifadə, hələ də yadımdan çıxmamışdı. “Sevgi yalan şeydir. İndiki zəmanədə qızları, ancaq pul-para, var-dövlət maraqlandırır. Əgər bu dediklərimə sahib deyilsənsə, onda adını “sevgi” qoyduğumuz olmayan bir şeyi axtarmağa dəyməz.” – deyə, mənə məsləhət vermişdi. İndi, mən nə etməliyəm?! Qadın düşgünü olub, sevgiyə inanmayan birinin, bacımla olan münasibətinə necə göz yummalıyam?!
Bəlkə, heç Qönçə də onu sevmir?! Bəlkə, elə o da Eşadın bir vaxtlar söylədiyi “zəmanə qız-ları”ndan biridir və dostumun, ancaq var-dövlətinə vurulub?! Yəqin ki, mənim iş tapmadığımı gördükdə, Elşadla şərik olmağımı da, Qönçə ondan xahiş edib… Yox, mən bu cür maddi maraq üzərində qurulmuş şərikliyi də, dostluğu da, onların arasındakı saxta sevgini də, qəbul edə bilmərəm.
İndi anlayıram… Hərbi xidmətə gedərkən, ailəmi Elşada etibar etməklə, nə qədər səhv etdiyi-mi anlayıram… Axı, mən Elşadın necə bir insan olduğunu hamıdan yaxşı bilirdim?! Amma hələ ki, hər şey bitməyib və bu qədər təəssüf hissi keçirmək lazım deyil. Mən bu işi əngəlləmək üçün, əlimdən gələni etməliyəm…
Kafedəki dava-dalaş və Elşadın bərk yaralanması ilə əlaqədar, məni polis bölməsinə çağır-dıqda çox təəccübləndim. Həmin an, “yəqin ki, kafedəki müştərilərdən biri xəbər verib.” – deyə, düşünərkən, nədənsə adım qədər əmin idim ki, bu Elşad ola bilməzdi. Təxminimdə yanılmamış-dım… Elşad şikayətçi olmamışdı deyə, bölmədə məndən sadəcə “izahat” alıb, buraxdılar. Evə qa-yıdarkən isə, özümü bir qədər rahat hiss etsəm də, həmin vaxt ağlıma belə gəlməmişdi ki, bu gün mənim polis bölməsində olmağım, gələcək həyatımın nə cür formalaşmasında əsaslı bir rol oynayacaqdı…
O hadisədən iki gün keçsə də, mən heç kimlə görüşmür, vaxtımı dənizkənarı parkda və ya evdə keçirərək, daha da yaxşı düşünmək üçün, tək qalmağı üstün tuturdum.
Bu müddət ərzində isə, anam məni yola gətirməyə çalışırdı. O zaman fikrimin dəyişməz olduğunu söylədikdə, özüm-özümə qismən belə olsa haqq versəm də, ertəsi gün anamla bu möv-zuda danışarkən etdiyim səhvin nə qədər həlledici olduğunu, sonradan dərk etməyə başladım.
– Sənin bu tərsliyin, ancaq bizim ailəmizin adına ziyandır… – deyə, anam məni məzəmmət etdi – Qonşuların, tanışların çoxu, Qönçə ilə Elşadın münasibətindən xəbərdardır…
– Bu, məni maraqlandırmır… – son iki gündə beynimi əsir almış fikirlər, artıq məni təslim olmağa çağırsa da, sərt şəkildə dedim – Mən onların bir yerdə olmasının qarşısını almaq üçün əlimdən gələni edəcəm…
– Bəs, cəhdlərin boşa çıxsa, onda neyləyəcəksən? – mənim ayağa qalxıb getdiyimi görən anam, arxamca gələrək, əsəbi halda soruşdu – Yoxsa onları öldürmək fikrin var?
– Bəlkə də… – deyib qapıdan çıxarkən, çevrilib anama baxdım – Sən, hələ oğlunu yaxşı tanımırsan…
Son olaraq söylədiyim bu ifadə, əslində nakautdan yenicə ayılmış məğlub boksçunun təslim olmaq niyyətindən çəkinib, yenidən rinqə qayıtmaq cəhdinə bənzəyirdi. Elşada və bacıma qarşı olan hirsim hələ ki tam olaraq soyumasa da, qərəzim, əlimi qana bulaşdıracaq həddə deyildi…
Həmin an evdən çıxarkən, hara getdiyimi belə bilmirdim. Küçəmizdə Nurlanla rastlaşmaq isə, məni bir qədər təəccübləndirdi. O, taksi ilə düz bizim ünvana, məni görməyə gəlmişdi.
– Hər vaxtın xeyir. – deyə o, yaxınlaşaraq mənə əl uzatdı – Necəsən?
– Xoş gördük. – cavab olaraq onun əlini sıxarkən, çətinliklə də olsa, gülümsəməyə çalışdım – Çox sağol, pis deyiləm…
Nurlanın nəyə görə burada olmasını soruşsam, əlavə sual vermiş olardım. Böyük ehtimalla onu Elşad göndərmişdi…
– Məni bura Elşad gördərməyib… – iki-üç dəqiqəlik sükutu pozan Nurlan, dərhal mövzuya keçdi – Dedim, birdən səhv anlayarsan. Mən özüm səninlə söhbət etməyə gəlmişəm…
– Doğrudan? – artıq onun gəliş səbəbi məni maraqlandırır və onun burada olması məni təəccübləndirirdi – Nə haqqında?
– Gəl, gedək bunu başqa yerdə, təklikdə danışaq…
Hara getdiyimi bilməsəm də, maşınıma əyləşdik və Nurlan yol boyu, ancaq hansı ünvana ge-dəcəyimiz haqqında məlumat verdi. Yarım saat sonra, biz şəhərin çox gözəl bir yerində yerləşən üç otaqlı bir bina evində idik. Mən burada ilk dəfəydi ki, olurdum və bu cazibədar mənzilin kimə məxsus olduğunu bilmirdim.
– Axı, biz niyə bura gəldik? – bir qədər narahat halda Nurlandan soruşdum – Söhbətimizi hər hansısa bir çayxana və ya restoranda da edə bilərdik.
– Kütlə içərisində əlavə səs-küy salmağa nə ehtiyac var? – Nurlan mətbəxə keçərkən, qışqıraraq dedi. O, qonaq otağına müxtəlif çərəz və içkilər gətirirdi – Keçən dəfə siz dalaşan-dan sonra, sən gedən kimi ora polislər gəldi. Yəqin ki, hansısa axmaq müştəri onlara xəbər vermişdi. Eşitdiyimə görə səni də bölməyə çağırıblar. Yaxşı ki, Elşad şikayətçi olmamışdı… Ümumiyyətlə, gərək bu hadisə heç olmayadı… İndi çalışın məsələni, iki mədəni insan kimi həll edin.
– Dayan, dayan… – deyə, onun sözünü kəsdim – Məni bura gətirməkdə sənin məqsədin nədir?
– Sadəcə, sizi barışdırmaq…
– Bunu bacara biləcəyindən əminsən? Əgər Elşad da bu evə gələcəksə, mən elə bu dəqiqə buradan gedirəm…
Bunu deyib ayağa qalxarkən, Nurlan məni saxladı.
– İmkan vermərəm ki, bir yana gedəsən. – qolumdan tutaraq dedi – Əyləş… Bu günkü görüşü mən təşkil etmişəm. Amma hərçənd ki, bura Elşadın öz evidir, ola da bilsin ki, heç gələsi olmadı…
“Doğrudanmı, bu ev Elşadındır?! Bəs, mən niyə bunu bilmirdim?! Yəqin ki, təzəlikcə alıb… Hə, hə, çoxdan almış olsaydı, mənə deyərdi.” – deyə öz-özümə düşünərkən, bu sualları Nurlana verməkdən çəkinsəm də, deyəsən o, mənim üzümdəki təəccübdən hər şeyi anlamışdı.
– Elşad bu evi çoxdan alıb. – Nurlan qədəhləri viski ilə dolduraraq dedi – Bilirəm, indi bu¬nu səndən niyə gizlətməsi haqqında fikirləşirsən, amma vəziyyət bunu tələb edirdi. – viskidən bir qurtum alaraq, azacıq ara verdi – Elşad bu mənzili gələcək ailəsi üçün, Qönçənin seçimi ilə almışdı…
Nurlanın bu son açıqlaması həqiqətən mənə təsir etdi, lakin mən hələ ki, susmağı məsləhət bildim.
– Fərman, – deyə o, bir qədər mənə tərəf əyildi – bir qardaş olaraq nə edirsənsə haqlısan. Heç kim səni qınaya bilməz… Doğrudur, sən Elşadı məndən daha yaxşı tanıyırsan, amma onun Qönçəni nə qədər sevdiyini, mən bildiyim qədər bilə-bilməzsən… Təəssüf ki, Elşadın gənc ikən nələr etdiyindən də bixəbərəm. Eşitdiyimə görə o, xanımlara qarşı çox da laqeyd olmayıb. Təbii ki bu, kişi üçün o qədər də yaxşı xüsusiyyət deyil. Amma inan ki, Elşad çox dəyişib. Qönçəni yaxından tanıyandan sonra, Elşad tamamilə başqa insan olub.
“Özgə vaxt səsinə həsrət qaldığımız, ağzı bıçaqla açılan bu insanın nə gözəl danışıq qabiliyyəti var imiş?! – deyə öz-özümə düşünərkən, Nurlana haqq verməyə başlamışdım. İndi, Elşadın son zamanlarda olan davranışları haqqında fikirləşir və həmsöhbətimin sözlərində, səmimi olması qənaətinə gəlirdim.
– Zaman hamımızı dəyişir. – Nurlan boş qədəhləri doldurduqdan sonra, eynəyinin şüşələrini silərkən dedi – Məsələn, mən… Aytəkinlə tanış olmamışdan əvvəl, qızlarla heç maraqlanmazdım, amma onunla ailə qurduqdan sonra, tamamilə dəyişmişəm. – deyə o, eynəyini yenidən gözünə taxaraq, bu əxlaqsız zarafatına ürəkdən güldü – Elşad isə, tam əksinədir… Zarafat bir yana, onun sevgisi həqiqətən safdır. Buna şübhə etməyə bilərsən.
Elşadla mən dalaşarkən, bizi ayırmağı belə özünə çox görən bir insanın, indi bu cür sülhmə-ramlı barışıq planının arxasında nə gizlənirdi? Nurlanın üzünə baxarkən, onun o qədər də yaxşı insan olmaması qənaətinə gəlmək olardı, ancaq bu, onu deməyə əsas vermirdi ki, onun bu günkü canfəşanlığında nə isə pis bir səbəb axtarmaq lazımdır. Böyük ehtimalla o, dediklərində çox səmimidir. Amma maraqlıdır ki, həmin an onun eynək altından baxan gözlərində, indiyədək heç kimdə rastlaşmadığım hiyləgər bir parıltı, nədənsə məni çox narahat edirdi…
Dörd-beş qədəhdən sonra, artıq sərxoş olduğumu hiss etməyə başladım. Odur ki, günün sonunadək baş verən hadisələr tam olaraq yadımda deyil. Bircə onu bilirəm ki, Nurlan çətinliklə də olsa, məni yola gətirməyə nail oldu…
Dostuma və bacıma qarşı haqsızlıq etmişdim. Onların biri-birini həqiqətən sevdiyini inkar etmək üçün, artıq tutarlı bir səbəbim qalmamışdı. Bəlkə də bu içkinin təsirindən idi ki, mən elə həmin gecə deyilənlərlə razılaşmalı oldum.
Axşamçağı Nurlanın telefon zəngindən sonra, Elşadın gələrək bizə qoşulmasını da, dumanlı şəkildə xatırlayıram…
Hamımız vəziyyətimizdən məmnun idik. Elşad məndən üzr istədikdən sonra, onu bağışladı-ğıma görə çox sevinirdi. Mən də öz növbəmdə, bacımın xatirinə güzəştə getməyə məcbur olaraq, az qala iyirmi illik dostumu itirmək təhlükəsindən uzaqlaşdığım üçün özümü çox yaxşı hiss edirdim. Nurlan isə, bəlkə də həmin an hər ikimizdən daha çox sevinən tərəf idi. Onun planı uğurlu alınmış və o, öz istəyinə çatmışdı. “Bu gün sizin sonuncu xoş gününüzdür…” – yenidən susmağa üstünlük verən Nurlan, bəlkə də həmin vaxt bizə baxarkən, ürəyində bu sözləri demişdi…
Səhər başımda küt bir ağrı ilə yuxudan oyandım. Son zamanlar bu qədər spirtli içki qəbul et-mədiyimdən, halım çox pərişan idi. Axşamkı içkinin təsirinin nə qədər böyük olmasını isə, mənim yataq otağında olmağım bir daha təsdiq edirdi. Mən gecə baş verənləri xatırlamır və bu otağa necə gəlib-çıxdığımı, heç cür yadıma sala bilmirdim.
Çarpayımdan qalxıb, bir müddət oturaq vəziyyətdə qaldım. Saat on ikinin yarısı idi. “Yazıq anam, mənim razılaşdığımı eşitsə, kim bilir necə sevinəcək?! Hələ, Qönçəni demirəm… O gün ona əl qaldırdığım üçün ondan üzr də istəyəcəm. Hər halda məni bağışlayacaq.” – deyə düşünərkən, evdəki səssizlik diqqətimi cəlb etdi. “Yəqin ki, Elşadgil də yatırlar.” – bu ehtimalla ayağa qalxıb, qonaq otağına keçərkən isə, rastlaşdığım mənzərə məni çox təəccübləndirdi. Elşadın üzünü görə bilməsəm də, o, divanın qarşısında döşəməyə uzanaraq yatmışdı. Masanın üzəri dağınıq, Elşadın viski qədəhi isə, divanın üstündə idi. Evdəki abu-hava məni bir qədər narahat etdi və mən asta addımlarla stolun ətrafına dolanıb, mətbəxə doğru irəlilədim. Bu an, sanki bütün bədənim birdən süstləşdi. Belə ki, mətbəxə keçdiyim vaxt yenidən Elşada tərəf baxdım və bu dəfə onun üzünü görə bildim. Elşadın ağzından köpük gəlmişdi… Dəhşət içərisində özümü ona tərəf atıb, Elşadı yerdən qaldırdıqdan sonra, iki-üç dəfə adını çağıraraq üzünə ehmalca vurdum. O, heç nəyə reaksiya vermirdi. Cəld ayağa qalxıb, otaqları bir-bir gəzdim. Nurlan evdə yox idi… Telefonumu yataq otağından götürüb, ona zəng vursam da, telefonu da söndürülmüşdü. Əlacsız qalıb, qonaq otağına qayıdaraq, bir-iki dəqiqə çarəsizliklə nəfəs alıb, sadəcə Elşadın hərəkətsiz bədəninə tamaşa etdim. Bu an, gözüm otaqdakı telefon aparatına sataşdı. Yubanmadan ona yaxınlaşıb, təcili tibbi yardım çağırdım. Dəstəyi asdıqdan sonra, yenidən Elşadın yanına gəldim. Bu dəfə isə, divanın üzərindəki, içərisi yarısınadək dolu olan viski qədəhi diqqətimi cəlb etdi. Yaxınlaşıb onu əlimə alaraq, iylədim. Viskidən o qədər də kəskin olmayan, müəmmalı bir qoxu gəlirdi… Diz üstə çöküb, qorxu içərisində əlimi Elşadın nəbzinə toxundurdum. Bu an, bədənimdən qəribə bir istilik keçdi. Tərəddüd etməyə dəyməzdi. Elşad ölmüşdü…
Həmin an, Elşadın öldüyünə inana bilməyib, nə baş verdiyini anlamasam da, çox keçmədi ki, hər şey mənə aydın oldu… Həbs olunduğum gün, hadisəni tam təfərrüatı ilə öyrəndim. Elşad, içkisinə zəhər qatılaraq öldürülmüşdü və polislərin axtarışından sonra, binanın həndəvərindəki zibil qablarının birinin içərisindən tapılmış, qutuda gizlədilən zəhər flakonunun üzərində də, mənim əl izlərim var idi… Bütün bunlar azmış kimi, Elşad ölməmişdən iki gün əvvəl onunla olan ədavətim və Nurlanın özünün təşkil etdiyi son gecə haqqında polisə verdiyi yalan ifadə də, bütün faktların əleyhimə olduğunu bir daha təsdiqlədi…
Beləliklə də, Elşad öldü, məni isə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə həbsə atdılar…
Təkcə mənim üçün hər şey gün kimi aydın idi. Öz alçaqcasına qurduğu planını reallaşdırmağa nail olmuş Nurlan, istəyinə çatmış və işlərin başına keçərək, arzuladığı şəraiti özü üçün təmin edə bilmişdi.
Nədənsə indi də Nurlan haqqında düşünərkən, ondan çox maraqlı bir xatirə yadıma düşür. Bu da, Elşadla mənim barışdığım an, onun simasındakı müəmmalı gülüş və gözlərindəki hiyləgər parıltıdır…
Həbsdə olduğum müddətdə, ilk illər məni ancaq iki nəfər ziyarət edirdi. Hələ ki, təkliyin nə olduğunu hiss etmir və anamla Ceyhunənin yolunu səbrsizliklə gözləyirdim. Ancaq onların da mənim günahsız olduğuma inanmamaları məni çox sarsıdırdı. Anamın mənə inanmamaqda haqqı var idi, çünki mən, bu münasibəti əngəlləmək üçün əlimdən gələni edəcəyimi, hətta yeri gəlsə onları öldürməkdən belə çəkinməyəcəyimi anamın özünə söyləmişdim. Odur ki, yalnız Ceyhunə-nin mənə olan inamsızlığı məni daha çox qovururdu. Bütün bunlar azmış kimi o, mənə son zər-bəsini də vurmaqdan çəkinmədi. Anam vəfat edəndən bir il sonra, Ceyhunə də ziyarətlərinə dörd-beş aylıq ara verdi. O zaman bunun səbəbi haqqında düşünmək aylarla gecəmi gündüzümə qatsa da, nəhayət, bir gün Ceyhunənin gələrək qarşıma çıxmağa belə cəsarət etmədən, sadəcə mənə göndərmiş olduğu məktubla demək olar ki, hər şeyə nöqtə qoyuldu. Beləliklə də, onun baş¬qası ilə ailə qurması, mənim son on ili tamamilə tənhalıq içərisində keçirməyimlə nəticələndi…
Ancaq bütün bunlara baxmayaraq, axır vaxtlar ürəyimdən də bəzi şikayətlərim olsa belə, mən bu günə qədər dözməyi bacardım… Hətta indi, bu sonuncu cümləni yazanda da ürəyimdəki sancı məni narahat edirdi. Lakin mən dözdüm, mən dözəcəm… Hər nə olsa da, dözəcəm… Çünki mən, illərdir gözlədiyim bir günü yaşayıram. Sabah artıq, azadlığa çıxacam və indiyə qədər heç kimə, hətta ən yaxın dostum olan kölgəmə belə deyə bilmədiklərimi, bir-bir reallaşdıracam. Əvvəllər məni narahat edən fikirlərdən biri də, məhz bu idi. Mən bilmirdim ki, illər sonra azadlıqda olduğum, torpağa ayaq basdığım və nəhayət ki, yaşadığımı hiss etdiyim ilk gündə mən nə edəcəm?! Məhz ilk olaraq nə edəcəyimi düşünmək məni əldən salırdı. Bilmirdim ki, buradan çıxan kimi elə həmin an, on üç ildir üzünü belə görmədiyim, Elşad vəfat etdikdən sonra bir də heç kimlə münasibət qurmayacağını özünə söz vermiş bacım Qönçənin yanına gedib, günahsız olduğumu sübut etmək üçün onun ayaqlarına düşüb yalvarım, məni qatil adlandırıb başqasına ərə getmiş Ceyhunənin qarşısına çıxım, mal-mülk üçün Elşadı öldürüb, bacımla mənim həyatımı alt-üst edərək, məni həbslərdə çürütməyə müvəffəq olmuş Nurlandan qisasımı alım, yoxsa özünü belə olmasa da, qəbiristanlığa gedərək, sadəcə saatlarla anamın başdaşı üzərindəki şəklinə baxım?!
Əvvəllər bu suala cavab tapmaqda çətinlik çəksəm də, bu gün artıq nə cür hərəkət edəcəyimi, sabahkı yeni həyatımın ilk gününün necə formalaşacağını müəyyən etməyə müvəffəq olmuşam…
İllərdir üzərimdə gəzdirdiyim bu ağır yükü, bu gün bu qələm-vərəq vasitəsi ilə yerə qoyacam və hər şeyi, hətta kölgəmin belə bilmədiyi hər şeyi, məni məzəmmət etsəniz də bura yazacam:
Sabah azadlığa çıxıb, illər sonra dərindən nəfəs aldığım an, ilk olaraq…..”
Təəssüf ki, Fərmanın yazısı bununla da bitir. Bunu, mən özüm oxuyanda da çox mütəəssir olmuşdum. Fərman, illərdir dostluq etdiyi kölgəsinə belə deyə bilmədiklərini buraya da yaza bil-məmiş və hətta onun sonuncu cümləsi də yarımçıq qalmışdı. Çünki Fərman yazdığı cümləni bi-tirməyə macal tapmamış, həbsxana nəzarətçisi qapını açıb, – “Mustafayev Fərman, ziyarətinə gə-lən var.” – deyə, ucadan qışqırmışdı…

Fərman bunu eşitcək, çox təəccübləndi. Haqqı da var idi… Axı, illərdir heç kimin yadına düş-məyən və hər kəs tərəfindən atılan bir insanı, həbsdən çıxmasına bircə gün qalmış, kim ziyarət edə bilərdi?!
“Hər halda Qönçədir” – deyə asta səslə qeyd edən Fərman, sevincək halda yarıqa¬ranlıq dəh-lizlə irəliləyərkən, ürəyindəki ağrının qəfildən şiddətləndiyini hiss etdi. O, ağır-ağır addımlarla nəzarətçinin az öncə açdığı qapıdan otağa daxil olarkən isə, rastlaşdığı mənzərədən, bir anda bədəni titrədi…
– İlahi, niyə axı məhz bu gün mənim həyatımın son günü olmalıydı?! – deyə o, son olaraq onu ziyarətə gəlmiş əzrayıl cildli varlığa tamaşa edərkən, dəhşət içərisində boğularaq pıçıldadı…

Kamil İsayev

01.08.2010

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: