O dünyaya imtahan…

(satirik hekayə)
“…Hörmətli tamaşaçılar, bir elanı nəzərinizə çatdırırıq: Yaşı 75-i ötmüş şəxs­lərin nəzəri­nə… Əgər hə­yatınızın heç olmasa bu son çağlarını rahat yaşamaq və siz dünya­dan köçəndən sonra, yaxınlarınızın əziyyət çəkməməsini və ən azından sizə “rəhmət” oxumasını istəyirsi­nizsə, bizə müraciət edib, üç aydan bir keçirilən imtahanlarımız­dan birində iştirak et­məyiniz kifayət­dir. İm­ta­hanın şərtləri çox sa­dədir. Buyurun, gəlin! İmtahanın vaxtı…”

Televiziyada qəfildən bu elan yayımlananda, Qafar kişi namazını yenicə qılıb, otağın kün­cündəki qol­tuqda otu­raraq, dörd yaşlı nəticəsi Nihata alma soyurdu… Elan kişinin diqqətini o qə­dər cəlb elə­di ki, bir də­qiqə sonra o, artıq şəxsiyyət vəsiqəsini axtarmaqla məşğul idi. Yazıq kişi ya­şının neçə olduğunu da unut­muşdu.
…1933 rəqəmini görmək və Qafar kişinin riyazi qabiliyyəti, sanki onun bitməkdə olan ömrü­nə daha on il caladı. Ma­hiyyətini hə­lə tam olaraq anlamadığı bu xəbər, nədənsə onun diqqətini tamamilə özünə cəmlə­mişdi. Bəlkə də bu, son vaxtlar onun ölüm haqqında beynini daha çox məşğul etməsinin nəticəsi idi. Yox, o, ölümdən qorx­murdu. Yetmiş yeddi ili əsl kişi kimi yaşa­mışdı. Nigarançılığı o, dün­yadan köçəndən sonra, baş verəcək hadisələrin necə cərəyan edəcə­yində idi. Qorxurdu ki, illər öncə boğazından kəsib, təhsil verdiyi yeganə oğlu olan Mahmud, onu bu dünyadan adına layiq yola sala bilməyəcək. “Niyə naşükürlük eliyirəm?! Ma­şallah, mə­nim oğlum kimdən əksikdi?!” – deyə düşünmək istəsə də, Qafar kişi elə həmin an oğlunun mü­əllim işlədiyini xatırladı və tərslik­dən gözü, dünən Mahmudun aldığı və indi nəticəsinin dodağını büzərək yedi­yi, yan-yörəsi qaralmış almaya sataşdı. “Əgər mənim yas məclisimdə də, Mah­mud süfrəyə belə “alma” qoysa, vay mənim halıma… O dünyada dost­ların üzünə necə baxaram?! Məni ələ sa­larlar e… – deyə, Qafar kişi bu “paradoksuna” özü də tə­əccübləndi – Bu imtahan işi, ziyanlı bir şeyə oxşamasa da, görən, bunun nə kimi xeyiri var? Axı, mən xəbərə niyə sonuna ki­mi qulaq as­ma­dım?!”
Qafar kişi həmin günün səhəri televizorun qarşısından kənara çəkilmədi. Əlacı olsaydı, vaxt itirməsin deyə, lap “mədəniy­yət məclisini” də qonaq otağında qurardı, amma bu mümkünsüz idi. Evdəkilərdən ayıb olardı. Odur ki, “vacib işlərini” də tələm-tələsik yerinə yetirir və bu yaşına xas olmayan cəldliliklə yenidən ekran qarşısına cumurdu. Axşamçağı dostu Vidadinin “domino” ça­ğı­rışına isə rədd cavabı verməsinə bir az təəssüf hissi keçirsə də, az keçmədi ki, doğru addım at­dı­ğının şahidi oldu…
“Yaxşı deyiblər e: İstədiyin yar idi, yetirdi pərvərdigar.” – xəbəri tam olaraq dinlədikdən son­ra tele­vizoru söndürməmişdən əvvəl, Qafarın ağlından keçən ilk fikir bu oldu. Son beş-altı il­də ilk dəfə idi ki, o, ölüm haqqında düşünərkən narahatçılıq keçirmirdi. “Bu imtahan lap yerinə düş­dü. Ay Allah, sənə çox şükür!” – deyə, dərisi bükülərək sonradan açılmış kağız vərəqi kimi qı­rış-qırış olan əllərini bir-birinə sürtdü.
…Televiziyadan verilən məlumata görə, imtahan gələn həftə keçiriləcəkdi. Qafar kişi, imta­hanın keçiriləcəyi ünvan kimi vacib şeyləri bir kağız parçasına qeyd etmək istəsə də, sonda onun cəhdi nəticəsiz qalmış və o, eşitdiklərini beyninə yazası olmuşdu. Yarım saat sonra isə o, dostları ilə əzəmətli bir tut ağacının altında qurulmuş “domino döyüşündə” sanki yenicə təzələnmiş “be­yin məlu­mat kitabının” artıq qopmaq üzrə olan, saralmış səhifələrini vərəqləyirdi.
– Deyirəm ay Qafar, aləmsən e, vallah… – Qafarın az öncəki, “sizə şad xəbərim var” deyə başladığı monoloqu sonuna qədər dinləyən Ələkbərin bir gözü domino masasında idi – Sən bunu hə­lə indi eşidir­sən? Biz də bayaqdan fikirləşirik ki, bu Qafarın evdə nə vacib işi var?!
– Hə, mən heç eşitməmişdim… – Qafar kişi incik səslə dedi – Bəs yaxşı, mən eşitməmişəm, siz niyə bunu mənə demirsiz, a vicdansızlar?
– Düzünə qalsa, biz də təzəlikcə eşitmişik, amma sənin yanında demişdik də… Yəqin fikir ver­məmisən. – Vidadi söhbətə qarışdı – Camaat çox­dan imtahan verirmiş. Biz­dən keçən dəfə Zülfü­qar getmişdi imtahana. Yaxşı da bal yığmışdı. Keçid balı­dı, nədi, onu yığa bilmişdi.
– Ayə, o gün ölən Zülfüqarı deyirsən? – Qafar təəccübləndi – Təsadüfə bax e… Mən də de­yirəm, bu Saleh, atasını hansı pulla “götürdü”?!
– Bəs nə… Yazıq Salehdə pul hardandı?! Fəhləliklə, kim atasını “Badamdar” qəbiristanlığın­da basdıra bilərdi?! Hələ yas yerində süfrəyə düzülənləri özünüz gördüz də…
– Nə yaxşı şeydi e, bu imtahan… Gələn həftə mən də gedəcəm. – Qafar kişi heç toya gedəndə belə sevinmirdi – Sabah Mahmudla danışım, görüm nə deyir?!
…Mahmud işdən evə, həmişə başağrısı ilə gəlirdi. Şagirdlərə danışdıqlarının eynisini təzədən dinləmək, təbii ki, ancaq bu nəticəni verə bilərdi. İllah da ki, o fənn tarix olsaydı… Öz peşəsini sevsə də, bəzən işi onu çox bezdirirdi və elə ona görə də, evə qayıdarkən, ancaq yatmaq haqqın­da fikirləşirdi. Bu gün də, həmin günlərdən biri idi… Qafar kişi oğluna məsələni dolayı yolla izah etmək haqda düşünsə də, bilmirdi ki, Mahmud öz ürəyində, bu işə çoxdan razılıq verib, sadəcə hələ ki, etiraf etmək istəmir.
– Ay dədə, axı buna nə ehtiyac var? – oğul süni səslə dedi – İmtahan-zad nədi?
– Niyə elə deyirsən a bala? – Qafar etiraz etdi – Onsuz da mənim bir ayağım o tərəfdə­di. Sa­bah mənə bir şey olsa, sən mənim yas məclisimə pulu hardan tapacaqsan? Müəllim adamsan…
– Dədə, gəl bu söhbəti bağlayaq…- ürəyində sevincindən göylərə uçan oğul, əslində atasının israr etməsini arzulayırdı.
– Sözümü kəsmə! Mən sənə görə deyirəm. O de, yazıq Zülfüqar elə bil, bilirmiş ki, öləcək, gedib imtahan verib, yaxşı da bal yığıb. Nəyi pis oldu?! Saleh əlini cibinə də salmadı, apardı ata­sını “Badamdar” qəbiristanlığında basdırdı. Heç bilirsən, orda 1 kvadrat metr torpağın qiyməti ne­çəyədi? Sənin pulun hardandı?! Həm də, sənin nəyin Salehdən əksikdi? – Qafar kişi elə bil dilotu yemişdi – Mən imtahanı daha yaxşı verəcəm. Deyirlər ən çox bal yığana “Qurd qapısı” qəbiristan­lığında yer verirlər. Bacardığım qədər çalışacam ki, ora düşüm. Bəd ayaqda “Hövsan” da pis de­yil. Yenə 600-700 manatın cibində qalar. Hələ sonrasını demirəm… Yasda süfrəyə ba­nandan tut­muş, adı da yadımdan çıxıb, o tüklü kartofa kimi hər şey qoyurlar.
– Kivini deyirsən?
– Hə, nə bilim, dəyən o idi… Yəni sözümün canı odu ki, mən mütləq o imtahana getməliyəm.
Mahmud onsuz da dünəndən razı idi, sadəcə bir övlad kimi “vicdanını” nümayiş etdirirdi. Dildə atasına etiraz etsə da, ürəyində, “kaş, dədəm yaxşı bal yığa…” – deyə fikirləşirdi. O yaxşı bilirdi ki, sabah onun atasının yas məclisinə gələnlər, onu Salehlə müqayisə edəcəklər.
– Yaxşı ay dədə, nə deyirəm?! – deyib, ayağa qalxdı – Xeyirli olsun…
Qafar kişi bayaqdan oğlunu razı salmaq istəsə də, indi Mahmudun birdən-birə “ Ay dədə, xe­yirli olsun” deməsi, onu çox incitdi. Axı o, bütün bu canfəşanlığı, qapını döyməkdə olan əcəli üçün edir­di. Amma Mahmudun nə günahı var idi?! Qafar özü bu şəraiti yaratmışdı. Yox, günah Qafar ki­şidə də deyildi. Üzüqara zəmanə idi, hər şeyin səbəbkarı…
…Ertəsi gün, Mahmud olanları iş yoldaşı Nizamiyə danışanda, dostu ona çox da təəccüblən­mədi.
– Mənim qaynımın qaynatası da o imtahana getmişdi, amma o qədər də yaxşı nəticə göstərə bilmədi deyə, ona “Qaraçuxur” qəbiristanlığında yer verdilər. Hələ üstəlik, kişi öləndən sonra qə­birqazanların və yuyatxanayla məscidin xərcini də, qaynımgil özləri ödədi. – bu məsələdən çox­dan agah olan Nizami dedi – Çox yaxşı şeydi e, bu imtahan… İndi heyfslənirəm ki, kaş atam altı-yeddi il də dö­zə biləydi. Onu mütləq göndərmişdim bu imtahana. Heç nədən onun yasına o qədər xərc çək­dim. Borcunu da hələ təzə qurtarmışam. Bədbəxt oğlu elə bil dalınca düşən var idi…
– Mən dədəmi göndərmirəm ki… – Mahmud süni şəkildə etiraz etdi – Kişi özü getmək istəyir.
– Ağıllı adamdı da… Gül kimi şərait yaradıblar, gərək bacardığın qədər istifadə edəsən. Allah eləməmiş, kişi sabah ölsə, sən neyləyəcəksən? Aparıb, “kimsəsizlər” qəbiristanlığında basdırası deyilsən ki?! Qoy getsin, imtahanını versin, sən də kişi öləcək deyə narahat­çılıq keçirmə, arxa­yın yaşa da… Keçid balını yığsa, ona ən azından ya “Hövsan”, ya da “Biləcə­ri” qəbiristanlığında yer verəcəklər.
– Mənim dədəm bacarıqlı kişidi. Deyir, imtahanı yaxşı verib, “Qurd qapısı”na düşəcəm.
– “Yasamal” da pis deyil. Ən azı 5000-6500 qabağa düşərsən. Amma ordan yer almaq zara­fat deyil. Gərək çox bal yığa­san. – Nizami təəssüf hissi ilə dedi – Hələ keçən ay, 620 bal yığmış­dı de­yə, qonşumuzun bibisi­nə, “Biləcəri” də yarım sot “ailəvi məzarlıq” yeri verdilər. Bu da əla­və prob­lemdi e… Qəbiristanlıqlarda yerlərin sayı məhdudlaşır. Ona görə, kişiyə mane ol­ma, qoy getsin, imtahanını versin. Mənim adımdan ona uğurlar arzula!
Mahmud yoldaşının bu son “arzusunu” rahatlıqla həzm edib, evə qayıdarkən onun söylədik­lərini, sevincək hal­da bir-bir atası­na danışdı.
– Dədə, vəziyyət sən fikirləşdiyindən də yaxşıdı. – oğul daha atasından çəkinmirdi – Nizami deyir, lap yüksək bal yığana, “Biləcəri” qəbiristanlığı kimi yerlərdə, yarım sotluq “ailəvi məzar­lıq” deyilən torpaq sahəsi verirlər. Üstəlik, ölü yiyəsi, mərhumu qəbiristanlığa aparmaq üçün məsafədən asılı olmayan maşın, yuyatxana və qəbirqazan haqqı kimi bütün xərclərdən azad olur. Yas yerində də ki, əlini cibinə salmırsan, ən “xodgedən” molla da məclisi yola verir. – Mahmud sevindiyindən az qala uçurdu – Hələ istəsən, lap video çəkilişini də təşkil etmək olar, amma o, istəyə bağlıdı, qalanları isə mütləqdi.
Qafar kişi oğlunu diqqətlə dinləyirdi. Mahmudun hər bitən cümləsi, sanki onun ömründən bir ili də özü ilə çəkib aparırdı. Kişi artıq mövqeyini dəyişmişdi, nədi, bir qədər kefsiz görünürdü.
– Dədə, sən Allah imtahana yaxşı hazırlaş. – Mahmud son zərbələrini vurmaqda idi – Deyi­rəm, çox bal yığıb, “ailəvi məzarlıq” yerini qazansan, nə yaxşı olardı… Mənim də “yerimi” rahat­layardın, bu imtahan işindən də canım qurtarardı.
Qafar kişi son günlərini də, Mahmudun bu cür “gərəkli” məlumatlarını eşitməklə keçirdi. Tə­bii ki, oğulun bu cür sözləri, atanın yarasına duz səpməyə bilməzdi. Odur ki, Qafar kişi gün keç­dikcə, fikrinin dəyişdiyini hiss edirdi. “Mən oğlumun bu işə, sadəcə razı olmasını istəyirdim, se­vinməsini yox… – deyə Qafar, təəssüflə düşünürdü – Amma onu da qınaya bilmirəm. Axı o, əv­vəlcə razılaşmırdı, mən onu güclə yola gətirdim. Ona görə də, indi hər eşitdiyimə dözməliyəm.”
…İmtahana bir gün qalmış, Qafar kişi gecəni yata bilmədi. Tərəddüd, sanki onun bitməkdə olan ömrünü yeməkdən, ləzzət alırdı. Yox, Qafarın yuxusuzluğunun səbəbi, həyəcan deyildi. Mahmud növbəti dəfə atasının kefinə so­ğan doğramışdı: “Bu gün iş yolaşım Zərifə də qohumu­nun imtahan verməsindən danışırdı. Deyir ki, ona “Xırdalan” qəbiristanlığında yer veriblər. Ay dədə, bu imtahanı yaxşıca verə bilsəydin, bir dərdim qal­mazdı e…” – deyə, oğul arsız-arsız gü­lümsəmişdi. Qafar kişi də indi oğlunun bu gülüşünü göz önündən ata bilməyib, siqareti siqaret da­lınca calayırdı…
Həmin günün axşamı, Qafar həyətdən evə gəlmədi. Noyabr ayının özünəməxsus kifayət qə­dər soyuq bir gecəsi idi. Əynindəki nazik köynəklə üç-dörd saat, nar ağacının altında oturdu. Ki­şinin başı siqaretə elə qarışmışdı ki, saatın neçə olduğunu da unut­muşdu. Axşamçağı dostu Vida­dinin ona dediklərini isə, heç yadından çıxara bilmirdi: “Oğluma nə qədər deyirəm, razılaş­mır. – Vidadi əslində fəxr hissi ilə demişdi – Deyir ki, ata, ancaq mən səndən qabaq ölsəm, onda gedər­sən o imtahana.” Bu sözlər, Qafarın yetmiş yeddi illik həyatında üzünə dəyən ən sərt şillə olmuş­du. Vi­dadinin oğlu haqlı idi. Mahmud atasının yaxınlaşmaqda olan ölüm yox, onun ertəsi günü­nün dərdini çəkirdi. “Niyə mən Mahmudu Vidadinin oğlu ilə deyil, Salehlə müqayisə edirəm?! Mahmud qarşımda dayanmaqdan, hələ bir məndən “ailəvi məzarlıq” yeri tələb eliyir. Yox, mən o imtahana getməyəcəm.” – deyə, Qafar kişi fikrini konkretləşdirəndə, qəfildən siqareti dodağına aparan əlinin titrədiyini gördü və bərk üşüdüyünü hiss etdi. Siqareti ağaca sıxaraq söndürüb, hə­yətə tulladıqdan sonra, evə girdi. Artıq səhər açılmaq üzrə idi. Qafar otağına keçib, yatağa uzana­raq, yorğanı başına çəkərkən isə, “Onsuz da səhər imtahana getmirəm. Doyunca yataram.” – de­yə düşün­dü.
…Səhər tanış bir səs onu yuxudan oyadanda, Qafar kişi bəlkə də heç iki saat deyildi ki, yat­mışdı. Atasının ayılmadığını görən Mahmud, onun çiyinlərindən tutub, silkələməyə başladı.
– Ay dədə, vaxtdı e, dur! – deyə Mahmud səs tonunu qaldırıb, az qala qışqırırdı – Eşitmir­sən? İmtahana gecikəcəksən, tez ol, qalx!
Qafar kişinin gözlərini elə bil kəlbətinlə açırdılar.
– A bala, gecəni yatmamışam. – deyə, Qafar xırıltılı səslə dedi – Yaman üşüyürəm. Boğazım da ağrıyır. Dəyən, hələ qızdırmam da var.
– Yaxşı, naz eləmə, qalx gedək, cəld ol! – oğul istehza ilə qeyd etdi – Yoxsa məni dolamı­san? Zarafat eliyirsən?
– Nə zarafat ay oğul? – Qafar güclə danışırdı – Əlini alnıma vur, bax da. Görmürsən, qızdır­manın içindəyəm?! Gözlərim də alışıb-yanır. Mən heç yana gedə bilməyəcəm.
Mahmud əlini atasının alnına toxundurdu. Hərarətölçənə ehtiyac yox idi. Kişinin temperatu­ru, ən azı 38 ya 39 dərəcə olardı. Mahmudu soyuq tər basdı. “Birdən Allah eləməsin, kişi imtaha­na getməmiş ona bir şey olsa, mən neyləyəcəm?! – deyə, təşvişlə düşündü – Yox, mən belə riskə gedə bilmərəm.”
– Qalx, ay dədə, sən möhkəm kişisən. – oğul son cəhdlərini edirdi – Mənimlə oyun oynama. Özün deyildinmi bu imtahana getmək istəyən?! Dur gedək… Cəld ol!
– A bala, heç vaxt getməyəcəm, demirəm ki… – Qafar yalan danışmağa məcbur oldu – Bu imtahan olmasın, o biri olsun. Üç ay sonra gedərəm.
Mahmud artıq əsəbiləşməyə başlayırdı.
– Dur deyirəm sənə… – deyib, sözün əsl mənasında qışqırdı – Mən bu qədər müddət səbr elə­yə bilmə­rəm. Üç aya “çox şey” ola bilər. – Mahmud atasının üzərindəki adyalı götürüb, əsəbi halda kənara atdı – Qalx, gedək! Yoxsa gecikəcəyik.
Mahmud Qafar kişinin qolundan tutub yatağından qaldıranda, xəstəlik, kişinin müqavimət göstərməsinə mane oldu və bu münasibət bütün yol boyu eyni şəkildə davam etdi.
…Ata-oğul imtahanın keçiriləcəyi ünvana gələndə, ixtiyarlarında hələ on beş dəqiqə var idi. Qafar kişi rastlaşdığı izdihamı görüb, gözlərinə inana bilmirdi. “Heç Mahmudun qəbul imtahanı vaxtı, bu qədər adam ol­mamışdı.” – deyə, Qafar o illəri xatırladı. Doğ­rudan da hər şey oxşar idi. Lakin qəribə görünən fərqlilikləri və faktları da inkar etmək mümkün deyildi. O vaxt övladlarını imtahana gəti­rən valideynlər, bu dəfə özləri kəsilmək qorxusundan titrəyən “abituriyent” kimi idilər. Və bu, gələcəyə qalxan pil­ləkənin ilk pillələrində dayanan qəbul imtaha­nından fərqli ola­raq, insan həyatının son pillədəki son imtahanı idi.
“Zəmanə nə yaman dəyişib?! Mən elə bilirdim ki, bu­ra gələn ol­mayacaq. Əvvəlcə bu işə razı olsam da, sonradan qorxdum ki, birdən təkcə mən gə­lərəm, eşidib-bilən hamı da məni ələ salar. Ancaq görün, in­sanlar hansı vəziyyətə düşüblər ki, bu həyatdan köçəndən sonra, yaxınlarına əziyyət verməmək və yas mərasimlərinin “təmtəraq yarışın­da” övladlarının heç kimdən geridə qalmaması xatirinə, öz əlləri ilə qəbirlərini qazırlar.” – deyə Qafar, ətrafında saymaqla bitməsi mümkünsüz olan həmyaşıdlarına ürək ağrısı ilə baxaraq fikirləşirdi. Amma qəfildən onun düşün­cəsi yarıda kəsildi. Bir anda hamı az öncə açılan qapıya tərəf cumdu və bu, izdihamda qarma-qarışıqlığın yaranmasına gətirib çıxardı. Xəstə atasını qabağa itələyən Mahmud da çox keçmədi ki, kütləyə qoşuldu və Qafarı sərbəst buraxandan sonra, qapı bağlanana kimi onu izlədi.
Hər şey üç saata həll olunmalı idi. Hamı valideyninin imtahandan çıxmasını həyəcanla gözlə­yirdi. Elə Mahmudun da bir gözü qol saatının əqrəbini dartırdı. Var-gəl etməklə bir qutu siqareti boşaldan Mahmud, imtahanın bitməsinə az qalmış, başqalarından da siqaret istəməyə məcbur ol­du. Artıq “abituriyent”lər yavaş-yavaş gözə dəyirdilər. Hər dəfə qapı açılanda dədəsini görəcək deyə, Mahmud başını qaldırıb, tez-tez məlum istiqamətə baxırdı. Az keçmədi ki, axın gücləndi və Mahmud nəhayət ki, uzaqdan dədəsi Qafarın simasını görə bildi. Cəld şəkildə qabağına yüyü­rüb, onu sıxlığın içərisindən çəkib, çıxardı.
– Necə oldu, ay dədə? – Mahmud atasının səhhətindən əvvəl imtahanla maraqlanaraq, gözlə­rini bərəldib soruşdu.
– Deyəsən pis vermədim. – qızdırmadan gözünün içi alışıb-yanan Qafar, ancaq bunu de­məklə kifayətləndi və bu, demək olar ki, Mahmudun sonrakı günlərdə eşitdiyi son söz oldu.
…İmtahanın nəticələrinin açıqlanacağı günün gecəsi, Mahmudla Qafarın ikisinin də gözünə yuxu getmədi. Həyəcandan dodaqları quruyan və artıq səhhətində heç bir problem hiss etməyən Qafar kişi, tez-tez su içməyə qalxanda, oğlunun da yuxusuz olduğunu görürdü. Baxışları rastlaş­sa da, hər ikisi bir kəlmə də kəsmirdi. Qafar sanki, həyatından küsmüşdü. Çox vaxt təkliyə çəki­lərək, hətta bu son günlərdə dostları ilə də görüşməyi məsləhət bilmirdi. Atası­nın bu halını görən Mahmud isə bunu, Qafarın imtahanda pis nəticə gös­tərdiyini bilib, gizlətməsi ilə əla­qələndirir və buna görə də onunla yaxşı rəftar etmirdi. Ancaq xəbərlərdə elan yayımlananda, hər şey tamamilə dəyişdi. Qafar kişi imtahanı uğurla verib, keçid balını yığa bil­mişdi. Mahmud bunu eşitcək, üz cizgiləri qəfildən dəyişdi və sevincli bir halda yerindən sıçra­dı.
– Deyirəm ay dədə, anam beşcə il dözə bilmədi e… – deyib, dədəsini bərk-bərk qucaqladı.
Qafar kişi imtahanda 600-dən çox bal toplayaraq, “Xırdalan” qəbiristanlığında “ailəvi məzar­lıq” yeri qazanmışdı və üstəlik, Mahmud bütün yas xərclərindən də azad olmuşdu. Ertəsi gün bu məlu­matı “Son İmtahan” jurnalında oxuyanda, Mahmud se­vincindən gün ərzində özünə yer tapa bilmədi. Və onun bu halı sonrakı günlərdə də davam etdi.
Mahmud artıq atasının nə vaxtsa öləcəyini düşünəndə, buna görə narahatçılıq hissi keçirmir­di. Hətta bəzən gecələr yatanda da, dədəsinin hələ baş tutmamış dəbdəbəli yas mərasimini, süfrə­yə düzüləcək naz-nemətləri və qonşuların onu Salehlə müqayisə edəndə, Salehə yox, məhz ona daha çox üstünlük verəcəklərini gözləri önünə gətirib, yuxuya gedirdi və maraqlıdır ki, o, bu xə­yalla­rının tezliklə reallaşmasını belə, çəkinmədən düşü­nürdü. Yas mərasimindən sonra qohum-qardaşın hər birinin hələ uzun müddət bu cür əsrarəngiz məclisdən söhbət açacağını düşünmək isə, Mahmuda ayrı bir ləzzət verirdi. Bir sözlə, kobud dil ilə desək, Mahmud tez bir zamanda bu məclisin baş tutmasını və hər kəsin bir “oğul” kimi ondan bəhs etməsini arzulayırdı, amma…
…İllər bir-birini əvəz etməkdə idi. Mahmud artıq bu haqda düşünməkdən yorulmuşdu. Hər səhər yuxudan oyananda Qafarı süfrə başında görmək isə, onu qıcıqlandırırdı. “Daha bu kişi im­tahana nəyə getmişdi?!” – deyə Mahmud, hər dəfə atasının gümrah halını görəndə, əsəbi halda düşünür­dü. Mahmud daha səbr et­məkdən də bezmişdi və daha xəyal da qurmurdu, çünki atası sanki hər ötən gün onun gözünə da­ha sağlam görünürdü. Arzuları gerçəkləşməyən Mahmud, indi bu­nun fikrini çəkirdi və hətta əsəbilik, onun saçlarını da tamamilə ağartmışdı. Mahmud əlacsız vəziyyətdə idi. Arzularını reallaşdır­maq üçün, də­dəsini öldürəsi deyildi ki… Ona görə də çarəsiz­liklə, o “möhtəşəm” günün həsrə­tini çəkmə­yə məh­kum idi. Qafarın da elə bil tərsliyi tutmuş­du. Zalım oğlu öl­mək bilmirdi ki, bilmirdi…
Kamil İsayev
05.10.2010

4 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. aygun
    Avq 03, 2013 @ 06:00:17

    gozel hekayedi. oxudum. tesirlendim.uzun olmagina baxmayaraq maraqlidi

  2. Fuad
    Sen 16, 2013 @ 09:11:27

    Aygun x. cox cox uzr isteyirem. Olumu gozlemek olmekden daha cetindi. menim ele oglum olsa valllah billah ozum onu baltaliyaram. Adamda valideyininden kecer. Boyuksuz ev bos bir xarabadir.

  3. ilahe
    Fev 05, 2015 @ 20:13:08

    Salam.Yazib bildirmek isteyirem ki,10yasimdan indiye kimi seir ve meqaleler yaziram.Qeyd edim ki artiq 24 yasim var.cox boyuk hevesim var yazarliga.Bu yolda her hansi musabiqeye qatilmaq istemisem.sadece yollarini bilmirem.bu yolda komeklik gostermenizi xahis edirem.Evvelcen metni oxudugunuza gore tesekkurler.

  4. fidanazizli
    İyl 11, 2015 @ 09:56:38

    Uzun olsa da oxudum,ancaq sonluq yaxsi olsaydi lap yaxsi olardi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: