Çəhrayı Zolaqlı Varlıq

Çəhrayı Zolaqlı Varlıq…

DEBÜT – ilk addımlar…

MİTTELŞPİL – özünü doğrultma…

ENDŞPİL – hər şeyin sonu…

 

      Şahmat oyunu mərhələlərinin

              həyatı qanunauyğunluğu

I

Debüt

 

Üç aylıq tətil müddətimin demək olar ki, yarısından ço­xu­nu yatırdım. Sanki Bakıdakı təhsil həyatımın mənim üçün ən acılı dəqiqələri sayılan, səhər saat yeddinin yarısı durmaq əziyyətinin acığını çıxmaq üçün yaranan fürsətdən istifadə edirdim. Bəzən isə gecədən açıq qoyduğum, otağımın o qə­dər də kiçik olmayan pən­cərəsindən səhərlər içəri dolan ay­lardır həsrətindən boğuldu­ğum təmiz kənd havasını ciyərlə­rimə çəkərək, gün işığı zenit nöqtədə qərarlaşıb, göz qapaq­larımı açılmağa məcbur edənə kimi yatağım­dan durmurdum. Hələ üstəlik yarpaqları güclə titrətməyi bacaran həzin səhər mehi ki, öz mövqeyini dağlardan götürüb, istiqamətini kəndi­mizin sıx meşəliyindən salaraq uca-qoca ağacların, hələ bəl­kə də indiyədək rastlaşmadığımız çiçəklərin və güllərin ətir­lərini bir-birinə qarışdıraraq otağımın pəncərəsindən içəri doldururdu, vallah, heç səhər yeməyinə ehtiyac da qalmırdı. Ona görə də, çox vaxt yuxudan ayılanda, qonaq otağında anamın nahar süfrəsi ha­zırladığının şahidi olurdum.

…amma indi haqqında bəhs edəcəyim gün bir qədər fərqli başlamışdı. İki qadın səsi məni yuxudan amansızcasına oyatdıqda, ilk öncə dolabcanın üzərindəki saatı özümə tərəf çevirdim. Saat on birə işləyirdi. “Görəsən, qo­naq otağında nə söhbət gedir?” – deyə, yuxulu-yuxulu öz-özümə sual verdim və çarpayıma dirsəklənərək, başımı balışdan qaldır­dım. Səslərdən birini dərhal tanıdım. Bu, mənim anam Elmira xa­nımın səsi idi. Ona uşaqlıqdan “Elmira xanım” – deyə müraciət et­diyimi söyləsəm, heç də təəccüblənməyin. Mən indiyə qədər anama, maraqlı da olsa, “ana” – deyə səslənməmişəm. Bunun isə, mənim uşaqlığımla bağlı, məzəli və bir qədər də gülməli olan sə­bəb tarixcəsi var. Elmira xanım psixoloqdur. Yadımdadır ki, şə­hərdə yaşadığımız və rəhmətlik atamın sağ vaxtında, hansı ki, on­da mənim yaşım çox az idi və güzgüdə gördüyüm “məni” hələ ye­ni-yeni tanıyırdım, anamın yanına demək olar ki, eyni şikayətlə cürbəcür insanlar gəlirdi və onların hər biri də anama eyni şəkil­də müraciət edirdi: “Elmira xanım”… Bəlkə də fikirləşəcəksiniz ki, axı, burada qeyri-adi nə var ki?! Sizinlə razıyam, amma məni digər həmyaşıdlarımdan fərqləndirən fərqli uşaq psixologiyama əsasən, məni dünyaya gətirən şəxsə hamı məni kimi “ana” deməli idi. Odur ki, kiminsə dilindən bu müraciət formasını eşidən­də həm təəccüblənir, həm də qeyri-ixtiyari olaraq bu səslənişi sevməyə başlayırdım. İlk dəfə anama “Elmira xanım” – deyə səslənəndə, bu müraciət üçün hələ yaşım çox az idi. Ancaq anamın necə qəhqəhə çəkib, məni qucağına alaraq yanaqlarımdan öpməsi, bu günkü gün kimi yadımdadır.

Kəndə köçəndən sonra, anama müraciət edənlərin sayı kəskin şəkildə azalsa da, onun bu evdə də pasiyentləri üçün ayırdığı kiçik bir otağı var idi və adətən daxili sarsıntılardan əziyyət çəkən insanları bu otaqda müalicə edirdi. Amma bu gün mənim yuxudan belə tez oyanma­ğımla bərabər, bir çox şey fərqli idi. Elmira xanımla na­məlum qa­dının səsi qonaq otağından gəlirdi. Anam ara-bir suallar verir və məni yuxudan vaxtsız oyatmamaq üçün, bacardıqca asta səslə da­nışırdı. Digər qadının titrək səsindən isə, necə həyəcan keçirdiyi və yəqin ki, az öncə ağladığı hiss olunurdu. Başqalarının söhbəti­nə onların xəbəri olmadan qulaq asmağın qeyri-etik bir hal oldu­ğunu bilsəm də, etiraf edim ki, yuxudan gec oyanmağıma və hər şeyi əvvəldən eşitməməyimə təəssüflənirdim. Ancaq anamla hə­min qadın arasındakı dialoqun sonunu və bəlkə də ən maraqlı his­səsini eşitməyə müvəffəq oldum.

– Sizin sözünüzdən belə çıxır ki, bu artıq yeddinci hissdir, elə­mi? – anam həmin qadından soruşdu – Yaxşı, bəs, onda bu­na nə ad verək?

– Orasını  siz  məndən  yaxşı  bilərsiz… –  qadın  səs tonunu aşağı salıb, məyus halda pıçıldadı – Bəlkə də siz mənə inanmırsınız, amma MirHəmid proqnozlarında səhv etmir və o, siz dediyiniz bu “yeddinci hiss”inə çox maraqlı bir ad qoyub: “ölüm qoxusu”.

Bu sözü eşidən an, qeyri-ixtiyari olaraq çarpayımda dikəldim və qadınların səsini daha da aydın eşitmək üçün sözün əsl məna­sında quruyub-qaldım. Ancaq bir-neçə dəqiqə qulaqlarıma heç bir səda gəlmədi. Nəhayət, naməlum qadın asta səslə nə isə dedi.  Mən onun bu sözünü çətinliklə eşidərək, təəssüfləndim. O, artıq getməyə hazırlaşırdı. Anamın isə cavabında “necə istəyirsiniz” – deyə, kifayətlənməsini və dəhlizə doğru uzaqlaşan iki qadının ayaq səslərini aydınca duydum. Amma taxta döşəmə üzərindəki addım sədalarında nə isə bir qeyri-müəyyənlik olduğunu da hiss etdim. Sanki otaqda Elmira xanım və naməlum qonaqdan başqa daha kimsə yeriyirdi.

 

 

II

 

…Yarım saat sonra yuyunub hamam otağından çıxanda, anam dəhlizdə kiçik qardaşım Muradı rayon bazarına yola salırdı. Nə danışdıqlarını eşitməsəm də, Elmira xanımın nəyi isə dönə-dönə izah etməsindən, söhbətin nədən getdiyini anlayırdım. Çünki illər öncə mən elə Murad yaşında olanda, anam məni bazara yola sa­larkən, dəhlizdə eyni sözləri təkrar edirdi və mən bilirdim ki, ana­mın gözəl xətti ilə siyahıya alınmış hər bir şeyi almalı, cibimdəki puldan və ən əsası özümdən muğayat olmalı idim.

Murad gedəndən sonra bir müddət mətbəxdən dəhlizə açılan qapıya söykənib, güzgü qarşısında dayanaraq saçlarını darayan Elmira xanıma tamaşa etdim. “Hər halda nə vaxtsa qarşıma anam təbiətli bir qız çıxsa, yəqin ki, onu da anamı sevdiyim tək sevər­dim” – deyə, düşündüm. Çünki qadınlara olan sevgim məhz anamdan başlayırdı.

Elmira xanım qırx yeddi yaşında olsa da, öz yaşından bir qə­dər artıq nəzərə çarpan xarici görünüşü vardı. Təbii ki, on dörd il öncə həyat yoldaşını avtomobil qəzasında faciəli şəkildə itirərək, tək başına iki oğul böyütmüş bir qadını ancaq belə təssəvvür et­mək olardı. Boyu o qədər də bəstə deyildi. Düzgün üz cizgiləri və ona çox yaraşan kəsik, sarı saçları var idi. İndi o, güzgü qarşısın­da məhz bu saçları ilə məşğuldu. Mən elə düşünürdüm ki, anam məni görmür, odur ki, səssizcə onun nə vaxt geriyə çevriləcəyini gözləyirdim.

– Sabahın xeyir. – anam üzünü çevirmədən, güzgü vasi­təsilə məni salamladı – Niyə bayaqdan səsini çıxarmırsan?

– Elə bilirdim məni görmürsən. – gülümsəyərək dedim – Sə­nin də sabahın xeyir.

– Bu  sözü  səndən  eşitmək,  bilirsən  necə  xoşdur? – bu, Elmira xanımın mənimlə zarafatı idi – Son vaxtlar ilk dəfədir ki, səndən “sabahın xeyir” kəlməsini eşidirəm. – anam üzünü çevirib asta-as­ta mətbəxə doğru yaxınlaşdıqda, onun güzgüdəki əksinin get-gedə necə kiçildiyi diqqətimdən yayınmadı – Bunu nəyə borcluyuq? Yoxsa tənbəlliyin daşını atmısan, xəbərimiz yoxdur?!

– Xeyr, əzizim Elmira xanım, sizin səhərki qonağınızla olan şirin söhbətiniz məni yuxudan oyatdı. Bir qədər ehtiyatla danışsaydınız, mən hələ də şirin-şirin yatırdım.

– Hm… Əhvalatı eşitdin?

– Yox, tam eşidə bilmədim, amma nə isə maraqlı bir söhbətə oxşayırdı.

– Hə, nə qədər maraqlı idisə, bir o qədər də vahiməli idi.

Anam bunu deyib, yanımdan keçərək mətbəxə daxil oldu. Elə həmin an da, qaz plitəsi üzərindəki çaydan fit çaldı.

– Çay içirsən? – Elmira xanım plitəni söndürüb, mənə baxdı – Nə olub sənə? Niyə belə fikirlisən? – deyib, əlindəki fincanları masanın üzərinə qoydu – Deyirəm, bəlkə çay içək?

Mən doğrudan da anamın ilk çay təklifini eşitməmişdim. Hə­qiqətən fikrim, səhərki naməlum qadının vahiməli əhvalatında idi.

– Hə, hə, içərəm… – deyib, stol arxasına keçdim.

İki-üç dəqiqə aramızda heç bir söhbət olmadı. Bu vaxt ərzin­də isə Elmira xanım naxışlı fincanları pürrəng çay ilə doldurub, mənimlə üzbəüz oturdu.

– Sən səhər qonağı yola salanda Murad harada idi?

– Mənim iş otağımda… – deyə, anam cavab verdi – Gecə gə­lib, orada yatıb. Ona görə mən qadını qonaq otağında qəbul etmə­yə məcbur oldum… Niyə soruşdun ki?

– Siz otaqdan çıxanda, mən güclə eşidiləcək bir səsin iki nəfə­rin addım nizamını necə pozduğunu  eşitdim, axı?! – çayımdan  bir qurtum  alıb, fincanı yenidən masanın üzərinə qoydum – Sanki, otaqda iki yox, üç nəfər yeriyirdi.

– Düz bilmisən. – anam təsdiqlədi – Minarə xanım səhər tək gəl­məmişdi. Ögey qızı Laləni də özü ilə gətirmişdi.

– Kimdir bu Minarə xanım? Mən onu tanıyıram?

– Deməzdim… – anam ayağa qalxıb, fincanı əlinə aldı – Dedi­yinə görə, T. kəndində yaşayır.

– Hə, onda tanımaram. – dərhal razılaşdım – O, deyəsən ağ­lamışdı?! Səsi titrəyirdi?!

– Yazıq ağlamasın, neyləsin?! Gecələr çox qorxulu yuxular görür. Əsəbləri tamamilə pozulub. Danışdığı əhvalat da o qədər vahi­məli idi ki, az qala mən də ağlayacaqdım. Çox qorxmuşdum.

– Bəlkə sən də məni qorxudasan? – deyə, anamdan dolayı yol­la eşitdiklərini danışmasını xahiş etdim.

Elmira xanım yenidən mənimlə üzbəüz oturdu.

– Minarə xanım iki il ərzində həm həyat yoldaşını, həm də bir yaşlı qızını faciəli şəkildə itirib. Maraqlısı isə, qızı Nigarla, yoldaşı Nərimanın ölüm şəraitləri arasındakı bənzərliyin olması­dır. Onların hər ikisi eyni şəkildə ölüb. Sadəcə gecəni yataraq, sə­hərə sağ çıxmayıblar… Qadın bu səhnələri mənə təsvir edəndə, dəh­şətli bir həyəcan keçirirdi.

– Bəs Nərimanın birinci həyat yoldaşı haradadır?

– Sən nəcə bildin ki, o iki dəfə ailə qurub?

– Axı sən bayaq dedin ki, Lalə Minarənin ögey qızıdır?! – ana­mın sifətindəki təəccüb cizgiləri bir anda yox oldu – Yoxsa səhv eşitmişəm?

– Yox, yox, səhv eşitməmisən. – Elmira xanım əlini saçına çəkdi – Doğrudan da bunu bayaq sənə demişdim. Bu əhvalatdan sonra, mən də səni kimi bir az fikirliyəm. – o, köksünü ötürüb, on-on beş saniyə ara verdi – Nərimanın birinci həyat yoldaşı, yəni Lalənin doğma anası Mahirə adlı qadın dörd il bundan qabaq itkin düşüb. Nəriman qəzetlərə elan verib, onu hər yerdə axtarıblar, ancaq gördüm-bildim deyən olmayıb. Nəhayət, meşəbəyi Salman adlı bir kişi, meşənin dərinliyidəki dərənin yaxın ucunda bitən kolun üzərində ilişib qalmış çəhrayı zolaqları olan qadın paltarının bir hissəsini tapıb, kəndə gətirib. Nəriman dörd-beş nəfərin şahidliyi ilə, qızı Lalənin doğum günündə çəkilmiş bir fotoşəkli göstərərək, bu paltarın məhz həyat yoldaşı Mahirəyə aid olduğunu sübut edir. Daha sonra meşədə bir xeyli axtarış aparılsa da, Salman kişinin tapdığı əski parçasından başqa heç nəyə rast gəlinmir. Üstəlik Nərimanın ifadəsində qeyd etdiyi sözlərin də həqiqət olduğu üzə çıxır. O qeyd edibmiş ki, Mahirənin lunatizm xəstəliyi varmış. O, son vaxtlar gecələr oyanaraq, qeyri-ixtiyari gəzirmiş. Ölümündən əvvəl isə, üç-dörd dəfə Nəriman onu gecə ikən yoldan qaytarıbmış. Təbii ki, bundan sonra artıq heç kimdə şəkk-şübhə qalmır. Mahirə ölmüşdü… Beləliklə də, bütün faktlar öz təsdiqini tapdığına görə, açılmış cinayət işi bağlanılır.

– Çox nahaq… – sərt şəkildə reaksiya verdim.

– Niyə? – anam maraqla soruşdu.

Ayağa qalxıb üzümü çevirərək, mətbəxdən bağımıza və uca dağlara açılan əsrarəngiz bir mənzərəni seyr etməyə imkan yaratmış pəncərədən baxmağa başladım.

– Mən heç vaxt buna inana bilmərəm. – anama baxmadan asta səslə dedim – Mən inana bilmərəm ki, əhvalatı eşidib vahiməyə düşən mənim anam, ali-təhsilli Elmira xanım, bu cür cəfəngiyyata, bəndədən qisas alan bir varlığa, nə bilim, hər hansısa bir bədheybətə bu qədər qəlbən inanır. Heç vaxt inana bilmərəm…

– Sən nə bildin ki, söhbət məhz… – anam cümləsini tamamlamadı – Sən bizim söhbətimizi eşitmisənsə, daha məni niyə danışdırırsan?

– İstəyirsən inan, istəyirsən inanma… Mən sizin söhbətinizi eşitməmişəm. – laqeydcəsinə dedim – Minarə xanımın nədən şikayət etdiyini və nəyə görə sənə pənah gətirdiyini də mən sadəcə təxmin edə bildim.

– Sən çox sürətlə düşünürsən. – anam təəccüblə mənə baxdı – Əsl sanqviniksən. Səni kimi insanlara, yəni tez düşünüb, tez qərar verməyi bacaranlara belə deyirlər.

– Söhbət tez düşünüb qərar verməkdən yox, tez düşünüb doğru qərar verməkdən gedir. Məncə sanqvinik belələrinə deyilir.

– Yenə də məndən bir addım öndəsən… – Elmira xanım qollarını sinəsində çarpazlayıb, gülümsədi – Səninlə razılaşmağa məcburam, amma indi öz ilkin münasibətinlə də məni razı salmalısan.

– Sən əminsənmi ki, mənə hər bir şeyi danışdın?

– Təbii ki, yox. – anam bir qədər duruxdu – Orada daha da heyrətli təsadüflər var idi. Özüm sənə bəhs etmək istəmirəm. Minarə xanım mənə çox şeyi təfərrüatı ilə danışmadı, ancaq əgər sənə maraqlıdırsa, sabah onun özündən hər şeyi ətraflı soruşa bilərsən. Mən bəzi məsələləri doğru çatdıra bilmərəm deyə, qadının özü ilə söhbətləşsən daha yaxşı olar.

– Onda o, sabah bizə gələndə, məni yuxudan oyatmaq yadınızdan çıxmasın. Bu iş, mənim üçün çox böyük təcrübə ola bilər.

Bunu deyib, ayağa qalxaraq mətbəxdən çıxmaq istədiyim an, anam məni saxladı.

– Nicat, – deyib, qolumdan tutdu – tutaq ki, mən Minarə xanımın vahiməli aurasının təsiri altına düşərək, ona inanmaq məcburiyyətində qalmışam. Bəs sən bu haqda nə fikirləşirsən? Sənin fikrin mənim üçün çox maraqlıdı.

– Hələ ki, hadisə haqda tam təsəvvürüm yoxdur. Sən mənə cəmi dörd-beş fakt demisən, amma bir şeyə əmin olduğumu qəti surətdə söyləyə bilərəm. – anam diqqətlə mənim nə deyəcəyimi gözləyirdi – Nəriman və onun qızının faciəli vəfatını mifləşdirmək lazım deyil.

– Anlamadım. Sən nə demək istəyirsən?

– Mən demək istəyirəm ki, bunlar böyük ehtimalla, içərisində insan əli olan müəmmalı qətl hadisələridir…

 

 

III

 

 Ertəsi gün səhər, Muradın səsi məni yuxudan oyatdıqda, ilk öncə qardaşımın çağırışını qulaqardına vurdum, ancaq təkrarlanan cümlədə Minarə adını eşidən kimi, yuxum aldadıcı duman tək, elə o andaca çəkilib getdi.

Əynimi geyinib, Muradı da qabaqlayaraq cəld şəkildə qapıdan çıxıb, hamam otağına keçdim. Qadınların səsi bu dəfə Elmira xanımın pasiyentlər üçün ayırdığı yan otaqdan gəlirdi. Sözə necə başlayacağımı götür-qoy edərək, güzgü qarşısında da on-on beş dəqiqəyə yaxın  vaxt itirdim.

Nəhayət, kiçik otağa yaxınlaşıb əvvəl qapını döydüm, sonra isə dəstəyi burub, onu açdım.

– Hə, gəldin? – anamın dünənki həyəcanı hələ də keçməmişdi, odur ki, məni görən kimi qeyri-ixtiyari olaraq ayağa qalxdı – Keç, əyləş… – deyib özü də oturdu – Minarə xanım, bu mənim böyük oğlum Nicatdır. BDU-nun hüquq fakültəsinin üçüncü kurs tələbəsidir. – Elmira xanımın mənimlə necə fəxr etdiyi, ilk tanışlıqdan mənim harada təhsil aldığımı, qadına yersiz olaraq söyləməsindən açıq-aydın hiss olunurdu. – Nicat, Minarə xanımı isə, sən artıq qiyabi də olsa tanıyırsan.

– Hə, elədir. – deyib qonağımıza əl uzatdım – Bu kiçik xanımımız da, deyəsən Lalədir, eləmi? Tanış olmağımıza çox şadam.

– Mən də… – Minarə xanım güclə də olsa, gülümsəməyi bacardı…

Onun gülümsəyərkən nə qədər əziyyət çəkdiyini hiss etmək heç də çətin olmadı. “Görəsən, simasına bu qədər əzab cizgiləri həkk olunmuş bir qadın, həyatı boyu heç ürəkdən gülübmü?!” – deyə düşündüm.

Minarə xanımı mən elə bu cür də təsəvvür edirdim. Onun otuz beş yaşı ancaq olardı. İri, badamı qara gözləri aydın baxırdı. Şabalıdı, kəsik saçları isə çiyinlərinə tökülmüşdü. Üz cizgiləri düzgün idi, ancaq alt dodağının bir qədər sallaq olması, onun yeganə zahiri fərqliliyini nəzərə çarpdırırdı.

– Sizə mane olmadım ki? – söhbətə bu cür başlayacağımı əvvəlcədən düşünmüşdüm – Əgər hələ də nə isə danışacaqsınızsa, mən gözləyə bilərəm.

– Yox, ehtiyac yoxdur. – anam dərhal cavab verdi – Biz də elə səni gözləyirdik. Minarə xanıma hər şeyi danışmışam. O, səninlə məsləhətləşməyə razıdır.

– Lap yaxşı… – özünə güvəncli insanlar tək gülümsədim – O zaman Elmira xanım, sizdən bir xahişim olacaq. Zəhmət olmasa, Lalə ilə siz yan otağa keçin.

Anam heç bir kəlmə söz demədən Lalənin əlindən tutub, otaqdan çıxdı. Mən isə anamın bayaq oturduğu yumşaq qoltuğa keçdim. İndi Minarə xanım mənimlə üzbəüz oturmuşdu.

– Mənimlə məhz nə haqda danışmaq istəmisiz? – qadın söhbətə birinci başladı – Buyurun, nə sualınız varsa, verin.

– Hələ ki, elə bir konkret sualım yoxdur. – deyə cavab verdim – Siz əhvalatı başdan danışın, mənim nə sualım olsa, dərhal verəcəyəm.

– Axı, Elmira xanım deyir ki, siz əhvalatdan xəbərdarsınız?

– Anam düz deyir. O, mənə bəzi məsələlərdən bəhs edib, amma mən başınıza gələnləri, ögey qızınız Lalənin olmadığı şəraitdə bir daha eşitmək istəyirəm.

– O, otaqda qalsa da olardı.  – qadın çiynini çəkdi – Lalənin burada olub, ya olmaması heç nəyi dəyişməyəcəkdi.

– Siz məni düzgün başa düşmədiniz. – Minarə xanımın nəyə görə belə düşündüyünün əsl səbəbini bilmədən dedim – Mən əminəm ki, dünən anama da əhvalatı elə olduğu kimi danışmısınız.

– Siz mənə kömək edəcəksiniz?

– Bacardığım qədər, hə… Amma ilk öncə siz mənə hər şeyi gərək lap əvvəldən danışasınız. Məsələn, bu ailəyə necə düşdüyünüzdən başlayın.

Minarə xanım bir dəqiqəyə yaxın susdu. Sanki söyləyəcəyi ifadələrin ardıcıllığını qoruyaraq, onları beynində yerbəyer edirdi. Mən isə səbrlə gözləyirdim.

– Nərimanla dörd il bundan qabaq ailə qurmuşduq. – nəhayət, qadın dilə gəldi – Övladımız dünyaya gəlmədiyindən, ilk həyat yoldaşım Faiqdən altı il idi ki, ayrılmışdım. V. kəndindəki uşaq bağçasında işləyirdim. Elə Nərimanla da orada tanış olmuşdum. O, Laləni hər gün bağçaya gətirib, sonra da gəlib aparardı.

– Çox üzr istəyirəm, demək siz Nərimanla tanış olanda, Mahirə hələ ki, həyatda imiş?!

– Hə, onda Mahirə hələ itkin düşməmişdi.

– Bir sual da verəcəyəm, amma məni düzgün başa düşün. Nəyə görə Laləni Mahirə yox, məhz atası bağçaya gətirirdi. Sizcə bunun səbəbi nə idi?

– Nə demək istədiyinizi anladım. – Minarə xanım gözlərini məndən qaçıraraq, gülümsədi – Siz düşünürsünüz ki, Nəriman ora hər gün mənə görə gəlirmiş?! Ola bilər ki, haqlısınız, amma onun başqa çarəsi yox idi. Mahirə həm də epileptik olduğundan, Nəriman onu heç yerə tək buraxmazmış…

Bu anda iki məqam diqqətimi cəlb etdi. Birincisi, dünəndən bu yana artıq Mahirənin iki xəstəlikdən əziyət çəkdiyini öyrənmişdim. Bu, özlüyündə çox maraqlı fakt idi. İkincisi də, Minarə xanımın, bəzən həkimlərin belə “epileptik” deyil, “epilipsik” deyə səhvən işlətdiyi termini doğru şəkildə səsləndirməsi idi.

– Bağışlayın, siz ali-təhsillisiniz?

– Yox, – qadın sanki utanaraq dedi – amma məktəbdə əlaçı olmuşdum. Sadəcə sonradan davam etdirə bilmədim. Səkkizinci sinifdə oxuyanda, anam iflic oldu, yatağa düşdü. Ona görə də dərslərimi bir kənara qoydum. Məktəbdəki son illərimin necə keçdiyini isə, heç xatırlamıram da… – Minarə xanım bu anda gözlərini döşəmədən ayırdı – Niyə soruşdunuz ki?

– Heç, davam edin…

– Bizim rayonda təhsilli insan çox azdır. Hətta adını belə yaza bilməyənlərə də rast gəlmək olar. Siz,  mənim  indiyədək  rastlaşdığım  yeganə  ailəsiniz ki,   bir  evdən iki   oxumuş  şəxs var. – Minarə xanım özü də bilmədən səhv etdi – Bu, bizim əhatəmiz üçün təəccüblü haldır.

– Mənim rəhmətlik atam da ali-təhsilli idi. – bu an gec də olsa, düşündüm ki, gərək bunu heç deməyəydim – İndiki Tibb Universitetini bitirmişdi.

– Bağışlayın, bunu bilmirdim. – qadın məyus halda, sanki pıçıldadı – Allah rəhmətini əsirgəməsin.

– Amin! Cəmi ölənlər üçün, İnşallah…

– Çoxdan vəfat edib? – həmsöhbətim, ünvanladığı sonuncu sualın cavabını gözləmədən, azacıq gülümsədi – Yəqin ananızla da elə universitetdə tanış olublarmış?!

– Doğrusu, maraqlanmamışam… – bu an düşündüm ki, doğrudan da mənim bu haqda məlumatım yoxdur, çünki digər qadınlardan fərqli olaraq, vəfat etmiş həyat yoldaşı haqqında sentimental əhvalatlar danışıb ağlamaq, sızıldamaq, anamın xarakterinə xas deyildi – Nə isə, söhbətimiz yarımçıq qaldı – deyib, dərhal əsas mətləbə qayıtdım – Gəlin, davam edək…

– Səhv etmirəmsə, ailə qurduğum vaxta qədər baş verənləri danışdım. Sonra… – qadın əlini saçına çəkdi – Sonra Nərimanla evləndik.

– Bağışlayın, yenə sözünüzü kəsəcəm.  Siz Nərimanla ailə quranda, Mahirə artıq neçə müddət idi ki, itgin düşmüşdü?

– Mahirə itgin düşəndən bir ay sonra, Nəriman mənə evlənmək təklifini etdi. Əvvəlcə razılaşmadım, amma sonra çox götür-qoy etdim və düşündüm ki, hələ həyat bitməyib və mən öz gələcəyimi qurmalıyam. Həm də, Nəriman təklifi ilə məni çox inandırdı. O dedi ki, “Lalın dilini anası bilər. Mən Laləni səndən başqa heç bir qadına etibar edə bilmərəm. Həm də artıq biri-birinizə öyrəşmisiniz. Sənə çətin olmayacaq.”

– Başa düşmədim… Yəni, Lalə doğrudanmı…

– Bəli, o, anadangəlmə qüsurlu olaraq doğulub, eşidib-danışa bilmir. Mən bu səbəbdən bayaq söylədim ki, Lalə otaqda qala da bilərdi.

– Anladım. Bəs, yazıb-oxuya bilirmi?

– Hə, dördüncü sinifdə oxuyur… Niyə soruşdunuz ki?

– Təbii ki, mən onunla da danışmalıyam.

– Mən lal dilini bilirəm. Sizə kömək etməyimi istəyirsiz?

– Çox sağ olun, amma mənim ona bir-iki sualım olacaq ki, onu da təklikdə verməyi düşünürəm. O, yəqin ki, hadisədən xəbərdardır?! Anasının itgin düşdüyünü bilir?

– Hə, bilir. Amma təkcə itgin düşdüyünü bilir, öldüyünü yox…

– Anladım… Demək, siz Nərimanla ailə qurmağa qərar verdiniz. Bəs, sonra nə oldu?

Minarə xanım bayaqdan tələskənliklə cavablandırdığı suallarımdan fərqli olaraq, bu dəfə bir az duruxdu. Hiss olunurdu ki, ona bu haqda danışmaq çox çətindir.

– Nərimanla ailə qurduğum zaman çox xoşbəxt idim. – o, asta səslə dedi – Ancaq elə biz evlənən kimi, Nərimanda qəribə qorxu hissləri yaranmağa başladı. O, bəzən həyətdən səs gəldiyini eşidirdi və az qala ən kiçik səs də onu qorxudurdu, amma sonra bir müddət bu qorxunc hadisələr səngidi. May ayında qızımız Nigar doğulanda, sanki bütün dünyanı mənə bağışladılar. Eləcə də Nəriman… O da çox sevinirdi. Ancaq bu dəfə də xoşbəxtliyimiz uzun çəkmədi. – qadın azacıq ara verib, boğazını arıtladı – Bir müddət sonra, Nərimanın vəziyyəti tamamilə korlandı, yatağa düşdü…

– Niyə?

– Bərk qorxmuşdu… Bu haqda danışanda, məni də vahimə bürüyür. Gecə yenə də bağdan səs gəldiyini eşidib, pəncərəyə yaxınlaşıb… Sonra otağın işığını yandırıb, məni yuxudan oyatmışdı. Rəngi ağapağ idi. Mən nə olduğunu soruşdum. Dinmədi… Elə bil dili tutulmuşdu. Mən bir də soruşdum, amma o, mənə cavab verməyib, birdən həyətə qaçdı. Mən də onun arxasınca getdim. Qoluna girib, evə gətirdim. O, nədənsə evə girməyə çox qorxurdu, amma güclə onu razı sala bildim. Divana uzandı, mən də ona mətbəxdən bir stəkan su gətirdim. Bir az özünə gələndə, bir daha nə olduğunu soruşdum, yenə cavab eşitmədim. Nəhayət, dördüncü dəfə təkrarladığım suala səsi titrəyə-titrəyə cavab verdi.

Minarə xanım, bu an yenə də söhbətini saxladı. Sanki, mənim həlledici sualımı gözləyirdi.

– O, nə görmüşdü? – bir qədər qabağa əyilərək, asta səslə soruşdum.

– O, dedi ki… – qadın gözlərimin içinə baxaraq, eyni səs tonu ilə pıçıldadı – Dedi ki, bağda, çəhrayı zolaqlı paltar geymiş bir insan görüb…

 

 

IV

 

Qadının son sözündən sonra, bədənim ürpəşdi. Düşüncə mövqeyimi hələ ki, dəyişməsəm də, artıq anamın keçirdiyi vahimənin yersiz olmadığını anlayırdım. Özümü yumşaq qoltuğun söykənəcəyinə atıb, uzun müddət dinmədim.

– Mahirənin sağ olmasına inanırsız? – nəhayət, üç-dörd dəqiqəlik sükutu pozdum.

– Siz Mahirənin itgin düşən vaxt, məhz o geyimdə olduğunu bilirdiz? – Minarə xanım heyrətlə soruşdu, amma üz cizgiləri qəfildən dəyişdi – Hə, hə… Axı, mən bu haqda ananıza danışmışam. Mən Mahirənin sağ olmasından çox, başqa şeyə inanıram.

– Nəyə?

– Mahirənin ruhunun varlığına…

– Yaxşırın, görək. – istehzalı gülüşlə ayağa qalxdım – Bu, gülməli səslənmir?!

– Bəs, sizcə o yaşayır?

– Böyük ehtimalla, yox… – yenidən qoltuqda əyləşdim – Hər halda, bir epileptikin nəzarətsiz şəraitdə yaşaması inandırıcı deyil.

– Bəs, evimizdə, bağımızda dəfələrlə görünən, qızımın və həyat yoldaşımın ölümünə səbəb olan nədir? – Minarə xanım doluxsunub, cib yaylığını çıxardı – Əgər Mahirə ölübsə, bəs bu, onun ruhundan başqa nə ola bilər?!

– Sizi incitmək istəməmişdim. – az öncəki istehzalı gülüşümə görə üzr istədim – Buyurun, davam edin. Sonra nələrin olduğunu danışın.

– Nərimanın o hadisədən sonra vəziyyəti çox dəyişdi. – qadın bir neçə anlıq sükutdan sonra, incik səslə dedi – İki ay sonra isə, siz inanmadığınız həmin o varlığı evdə gördü. Onlar gecə ikən biri-birini dəhlizdə uzaqdan da olsa, görüblərmiş. Nəriman qonaq otağına qaçanda, qorxudan huşunu itirmişdi. O yıxılanda, mən də bu səsə oyandım. Mənim halımı təsəvvür edirsinizmi? İki körpə uşaq, qarşımda yıxılıb, öldüyünü sandığım həyat yoldaşım, gecənin zülmət qaranlığı və vahiməli ev… Az qala, olmayan ağlımı da itirmişdim, amma Nərimanın yaşadığını, ayılaraq özünə gəldiyini görəndə, rahat nəfəs aldım. Nəriman bütün gecəni sayıqladı, nəhayət, səhər ayılanda, hər şeyi ondan soruşdum. O, deyirdi ki, çəhrayı zolaqları olan məxluğu, dəhlizin sonundakı pəncərənin qarşısında görüb.

– Ümumiyyətlə, Nəriman nə işin sahibi idi? Necə insan idi?

– Bir az kobud insan olsa da, xasiyyəti o qədər də pis deyildi. Özünə fikir verən, səliqəli insan idi. Əlini ağdan-qaraya vurmazdı. Rəhmətliyin ən pis xarakteri də bu idi. Ailəli olduğumuz üç-dörd ildə, evin bütün işini mən görürdüm. Özü Rayon Bələdiyyəsində çalışırdı.

– O, keçən il vəfat edib, eləmi?

– Bəli, keçən il… Üç gündən sonra, ili tamam olur.

– Sonra nə baş verdi? Davam edin…

– Sonrasını danışmaq mənim üçün çox çətindir, – Minarə xanım qaşlarını çatdı – amma danışacam… Nəriman keçirdiyi güclü stressdən sonra, xeyli müalicə aldı. Əvvəl Gəncəyə, sonra Bakıya getdi, ancaq sağalmadı. Nəhayət, onu S. kəndində yaşayan və kənd adamlarının az qala fenomen adlandırdığı MirHəmid adlı bir şəxsin yanına apardıq. Onun çox qeyri-adi bacarığı var. Siz onun haqqında eşitmisiniz?

– Çox az…

– MirHəmid söz verdi ki, Nərimanın yüksək həssaslığa malik qorxu instinktini normal hala gətirərək, onu sağaldacaq. Biz isə ayda üç dəfə, hər ayın birinci, ikinci və üçüncü onluğunun ilk günləri onun yanına getməyə başladıq. Nəhayət, qəbulunda olduğumuz dördüncü ayın ikinci onluğunda, onun evinə gedərkən, qapıdan içəri keçər-keçməz MirHəmidin halı dəyişdi. Biz nə baş verdiyini soruşduq, o isə bir müddət cavab verməkdən imtina edib, az qala bizi otaqdan qovmaq dərəcəsinə çatdı. Bizim israr etdiyimizi gördükdə isə, məcbur olub nə hiss etdiyini söylədi. – qadın azacıq ara verdi – O, dedi ki, sizdən ölüm qoxusu gəlir…

– Siz də buna inandınız?

– Təbii ki, ilk öncə yox… Amma iki gün sonra… – Minarə xanım bu an cümləsini yarımçıq qoyub, daha dözməyərək, ağlamağa başladı – İki gün sonra ki, bir yaşlı qızım Nigarın… – qadın yenə də davam edə bilmədi və hıçqırıq səsləri ilə cümləsini tamamladı – Bağışlayın, – deyib ovcunda sıxdığı yaylıqla göz yaşlarını sildi – bağışlayın, amma bu haqda danışa bilmirəm…

– Sizi başa düşürəm… – deyib, bir az ona tərəf əyildim – Əgər istəyirsinizsə, biz söhbətimizi sonra da davam etdirə bilərik.

– Xeyr, ehtiyac yoxdur. Bir az su içsəm, həyəcanım keçər. – deyə qadın mənə cavab verdi.

– Gözləyin, gəlirəm… – ayağa qalxaraq otaqdan çıxdım və bir-iki dəqiqə sonra su ilə geri qayıtdım.

Minarə xanım sudan bir qədər içib, bardağı jurnal masasının üzərinə qoydu.

– Çox sağ olun. – deyib, mənə təşəkkür etdi – Davam edək?

– Əgər siz istəyirsinizsə, buyurun…

– Nigar vəfat edəndən sonra, istəsək də, istəməsək də, MirHəmidə inanmağa başladıq. Artıq, tək Nəriman yox, mən də yaşadıqca bir o qədər qorxurdum. Çünki Nigar müəmmalı şəkildə ölmüşdü. Nərimanla mən isə, qızımızın ölümü haqqında fərqli təsəvvürdə idik. Nigar ölən gecə mənim yanımda yatmışdı. Mən də onun ölümündə özümü günahlandırırdım. Düşünürdüm ki, yəqin, gecə bilmədən onun üstünə çevrilmişəm, o isə nəfəs ala bilməyərək boğulub. Nəriman isə elə hey deyirdi ki, Nigarı boğan Mahirənin ruhu olub, o, bizdən qisas alır. Nəriman o hadisədən sonra, dəli kimi olmuşdu. Evdən diksinirdi, tək qala bilmirdi…

– Bu hadisədən sonra, siz MirHəmidin yanına yenə də getdinizmi?

– Hə, getdik… Davamlı olaraq. Nəriman getdikcə yaxşılaşırdı. Ancaq düz bir il sonra, hər şey yenə də dəyişdi. İlk öncə, Nəriman bağda həmin varlığı gördü. Həmin ərəfədə mən onu MirHəmidin yanına getməyə məcbur edə bilmədim. Nərimanın halını təsəvvür edə bilməzsiniz. O, az qala mənə yalvarırdı ki, təcili şəkildə evimizi sataq. Ancaq vaxt çatmadı. Həm də belə halda evimizə hansı ağılsız yaxın düşərdi?!

– Yəni mənziliniz bu qədər vahiməlidir? – deyə soruşdum – Mən o evi görə bilərəmmi?

– Əgər sizə maraqlıdırsa, təbii ki, görə bilərsiniz…

– O zaman, bu gün mən də sizinlə T. kəndinə gedəcəyəm. – qətiyyətlə dedim – Demək, Nəriman yenidən güclü stress keçirməyə başladı. Yeri gəlmişkən, siz MirHəmidin hər qəbulunda olduqda, ona nə qədər pul ödəyirdiniz?

– Hər seansa on şirvan verirdik… (Yüz min manat. Söhbət köhnə Azərbaycan manatından gedir – müəllif)

– Aydındır… – deyə bu məsələni kənara qoydum – Bilirəm ki, sizə bu haqda da danışmaq çox çətindir, amma soruşmaq məcburiyyətindəyəm. Həyat yoldaşınız necə vəfat etdi?

– O, qorxudan sanki dəli olmuşdu. Nigar yataq otağında ölmüşdü deyə, gecələr yan otaqdakı divanda yatırdı. Amma bunun heç bir xeyiri olmadı…

– Ekspertiza hansı nəticəyə gəldi?

– Nəriman boğularaq ölmüşdü və heç bir əl izi yox idi.

– Maraqlıdır… Çox maraqlıdır… Deyəsən, siz bərk yatırsınız?!

– Doğrudur… Həm də çox bərk yatıram. Elə ona görə də, Nigarın ölümündə özümü günahlandırıram. Düşünürəm ki, əgər həqiqətən mən onun ölümünə bais olmuşamsa, hər halda o, yaşamaq üçün çırpınıb, ola bilər ki, səs də çıxarıb, amma mən eşitməmişəm. Nərimanı isə eşitməyə bilərdim, çünki o, yanımda deyildi. Onu boğmaq gücünə malik olan varlıq isə, əvvəlcədən yataq otağının qapısını bağlamaqda çətinlik çəkməzdi.

Bu an, divardan asılan saata baxdım. Artıq otuz beş dəqiqə idi ki, söhbət edirdik.

– Minarə xanım, sizdən son olaraq bir şey də soruşum. – deyib, ayağa qalxdım – Qızınızla həyat yoldaşınızın ölümü arasındakı bənzərlik, sadəcə onların ölüm şəraitinin eyni olmasıdırmı? Yoxsa siz mənə daha nə isə söyləyəcəksiniz?

Mənim ayağa qalxdığımı görüb, Minarə xanım da yerindən qalxdı.

– Ən əsas və ən dəhşətli bənzərliyi, mən sizə bu gün, öz kəndimizdə göstərəcəyəm. – deyib bayaqdan mənim nəzərimdən yayınmış kiçik, qara rəngli çantasını əlinə götürərək, qapıya yaxınlaşdı – Məncə siz, ancaq o zaman Mahirənin ruhunun varlığına inanacaqsınız…

Minarə xanım artıq bir neçə dəqiqə idi ki, otaqdan çıxsa da, mən hələ ki, yerimdə duruxub qalmışdım. Etiraf edim ki, artıq T. kəndinə getməyi, əvvəlki tək istəmirdim…

 

 

V

 

Elmira xanım ilk öncə mənim T. kəndinə getməyimə razı olmasa da, onu birtəhər yola gətirdim. Naharı bizdə edib, saat ikidə qonaqlarımızla bərabər mən də evdən çıxdım. Hava çox gözəl idi. Qonşumuz Səbuhidən, bizi maşınla T. kəndinə aparmasını xahiş edən kimi, razılaşdı. Səbuhi həm mənim yaxın dostum idi, həm də biz, altı il bir sinifdə oxumuşduq. Onun rəhmətlik atasından qalma köhnə bir ağ “Jiquli”si vardı və bu maşın, onun kiçik ailəsinin “çörək ağacı” sayılırdı. Odur ki, mən haqlı olaraq qərar vermişdim ki, xeyiri yoldaşıma versəm, daha yaxşı olar…

T. kəndi bizim kəndin bir neçə kilometrlik məsafəsində yerləşirdi. Yolumuzun bir hissəsi, sıx ağaclıqlar içərisindən salınmış kələ-kötür avtomobil yolundan keçdikdə, sanki mənə elə gəldi ki, daha öncə buralara heç gəlməmişəm. Səbuhi sükanı döndərib, maşını bir qədər hamar yolla təpəaşağı sürdükdə isə, mənzil başına çatdığımızı yəqin etdim, çünki uzaqdan gözümə, bir-birindən aralı yerləşən evlər göründü. Yolun sağında isə, kiçik kəndin böyük qəbiristanlığı nəzərimdən yayınmadı.

– Çatdıq, eləmi? – deyə dostumdan soruşdum.

– Hə, bura T. kəndidir, – Səbuhi mənə baxmadan cavab verdi – amma sizə məhz hansı mənzil lazımdırsa, onu deyərsiniz…

– Minarə xanım, düz gedirik? – güzgüdən qadına baxdım.

– Hə, amma əgər mümkündürsə, qardaş  burada,  qəbiristanlığın  qarşısında  saxlayıb, gözləsin. – o, çantasını əlinə götürdü – Nicat bəy, mənimlə gedə bilərsiniz?

– Təbii ki… – deyib, razılaşdım və elə o andaca Səbuhi “Jiquli”ni yolun kənarına çıxarıb, saxladı.

– Lalə, sən maşında qal… – qadın nə demək istədiyini həm də əl işarəsi ilə qıza izah edib, avtomobilin qapısını bağladı – Gəlin, Nicat bəy… – deyə məni arxasınca çağırdı – Qızımla, həyat yoldaşımın ölümü arasındakı əsas bənzərliyi sizə göstərmək istəyirəm.

Mən, Minarə xanımla birlikdə, qəbiristanlığın kiçik girəcəyindən içəri daxil oldum. Bütün əhvalım korlanmışdı. Az öncəki meşənin insanda yaşam həvəsi oyadan yaşıllığından, quşların qulaqbatırıcı cəh-cəhindən sonra, cansıxıcı və rəngsiz qəbirlərə baxmaq, buranın sanki anlaşılmaz bir dərin ölüm sükutunda karlaşaraq, kiçicik bir sədaya belə həsrət qalmaq çox çətin idi…

Qadın məndən təxminən on addım qabaqda yeriyərək, qəbirlərin arası ilə sürətlə addımlayırdı. Biz, əlli metrə yaxın yol getdik. Nəhayət, Minarə xanım yanaşı yerləşən dörd məzarın qarşısında dayanıb, mənə tərəf baxdı. Bunlar, Nərimanın atasının, anasının, qızı Nigarın və özünün məzarları idi.

– Bu qəbirlər sizə nə isə deyir?

Mən bu sualı cavabsız qoymalı oldum. Gözüm Nigarın qəbrinin başdaşına həkk olunmuş fotoşəkildə idi. Etiraf edim, mən hələ ömrüm boyu bir yaşlı belə bir gözəl körpə görməmişdim. Doğrudanmı insan bu qədər qəddar ola bilər ki, belə bir uşağa əl qaldırsın?! Artıq nifrət hissinin məni necə boğduğunu hiss etməyə başlamışdım.

Nigarın iri gözləri, hələ tam nəzərə çarpmayan qaşları, yumru yanaqları və uzun kirpikləri var idi. Dodaqları körpə çiyələk təki idi. Alt dodağının bir qədər sallaq olması isə, xüsusi ilə diqqətimi çəkmiş oldu.

– Qızınız eyni ilə sizə bənzəyirmiş… – Minarə xanıma baxaraq dedim. Qadın ağlayırdı…

– Yəni, mən belə gözələm? – o, güclə də olsa cavab verə bildi. Mən isə bu yerdə bir söz deməyə çəkindim. Hər halda qəbiristanlıq, kompliment söyləmək üçün elə də uğurla seçilmiş bir məkan deyildi.

Bu dəfə isə, nəzərlərim Nərimanın şəklinə dikilmişdi. Nəriman, Minarə xanım dediyi tək, kobud insana oxşayırdı. Burnunun kənarlarından uzanan xətlər və bığ saxlaması onu daha da zəhmli göstərirdi. Xırda gözləri isə bir qədər çökəkdə idi…

– Mənim məhz nəyə görə, sizi buraya gətirdiyimi anladınız?

– Təbii ki, anladım… – deyə Minarə xanıma baxdım.

– Mən ölüm tarixlərini nəzərdə tutmuşam. – o, bir daha dəqiqləşdirdi – İndi nə deyirsiniz?

– Mən yenə də fikrimi dəyişməmişəm.

– Yəni deyirsiniz ki, bu təsadüfdür, eləmi?

– Yox, əsla… Söhbət təsadüfdən getmir. Əksinə, mən artıq daha da əmin oldum ki, burada insan əli var.

– Mən sizin ananıza müraciət etmişdim ki, o, məni bu stressdən qurtarsın. Siz isə, məni daha da qorxudursunuz. – qadın əsəblərinə hakim ola bilmədi – Bəlkə, bu işi elə buradaca bağlayaq?! Mən artıq sizlə danışmaq istəmirəm.

Minarə xanım bunu deyib, qəbiristanlığın çıxışına doğru addımlamağa başladı. Mən isə, asta-asta onun ardınca gəlirdim. Qadın ancaq Laləni maşından çıxardanda ona çatdım.

– Xudahafiz… – o, qızın əlindən tutub, maşının qapısını örtdü – Bura qədər gətirdiyiniz üçün çox sağ olun.

Səbuhi nə baş verdiyini anlamayaraq, avtomobildən düşüb, çaşqın halda gah mənə, gah da bizdən uzaqlaşan hirsli qadına baxırdı.

– Mənim fikrim sizdə deyildi. – dostum təəccüblə üzümə baxdı – Sən ona neylədin?

– Axmaq-axmaq danışma… – deyib, üzümü çevirdim – Minarə xanım, – əllərimi cibimə salıb, yüksək səslə qadını səslədim və o, üzünü çevirdikdə, bir az ona yaxınlaşdım – Siz hardasa haqlısınız, amma bir şeyi unutmayın. Anam sizi sakitləşdirib, sizə kömək edə bilərdi. Bəs o, zəmanət verə bilərdimi ki, siz üç gündən sonra həyatda olacaqsınız?!

– Siz məndən nə istəyirsiniz?

– Mən sizə kömək etmək istəyirəm.

– Xahiş edirəm, məni qorxutmayın. Onsuz da əsəblərim təmiz pozulub. – qadının peşiman olduğunu o dəqiqə hiss etdim – Bayaq sizlə kobud danışdığıma görə, məni bağışlayın.

– Üzr istəmək lazım deyil. – deyə cavab verdim – Mən sizi anlamağa çalışıram… İndi mənzilinizə baxa bilərəmmi?

Minarə xanım heç bir söz deməyərək, azacıq gülümsünüb, başını tərpətdi. Səbuhinin yanına qayıdanda o, düz gözlərimin içinə baxırdı.

– Sən Allah, kimdi o qadın? – bic-bic gülüb, asta səslə dedi – Məndən gizlədirsən?

– Çox şey bilsən, – pulu ona uzadaraq dedim – saçın tez ağarar.

– Yenə başlama da… – adətən Səbuhinin ən yaxşı vəziyyətində, onun keçəl olduğunu yadına salaraq, əhvalını asanlıqla korlamaq olardı – Mənə sadəcə maraqlıdı. O qadın kimdi? Biz niyə bura gəldik? Qəbiristanlığa niyə keçdiniz? O, niyə səndən küsdü? Sən indi hara gedirsən?

– Səbuhi, gəl bura… – deyib, maşının qapısını açaraq, onu sükan arxasında oturtdum – Beş sualının beşi də yadımda qaldı. – gülərək ona baxdım – Söz verirəm. Bir gün bu haqda ətraflı danışarıq. İndi isə, heç vaxtım yoxdur, incimə. Hələlik…

Bunu deyib, Səbuhidən uzaqlaşdım. Mən Minarə xanımgilə çatanda, artıq o, maşınını çevirib yola düzəlmişdi.

Qadının yaşadığı ev, kəndin axırında yerləşirdi. Taxtadan o qədər də hündür olmayan hasarı, asanlıqla aşmaq olardı. Adətən kənd evləri, Bakıdakı kimi dəbdəbəli və “keçilməz” çəpərlərlə qorunmurdu. Minarə xanımgilin evi də eyni ilə belə idi. Ancaq, həyətə daxil olarkən, darvazadakı o qədər də kiçik olayan bir qıfıl diqqətimi çəkdi. Hər halda bu cür alçaq hasarla müqayisədə, bu qıfıl kifayət qədər böyük görünürdü. Birmərtəbəli evləri isə, kürsülü idi. Böyük və sıx ağaclı bağları vardı və mənzilin bu bağa üç pəncərəsi açılırdı. Evin sağındakı tikili isə, mənə daha çox qarajı xatırlatdı. Onun da darvazasından qıfıl sallanırdı.

– Deyəsən, rəhmətlik yoldaşınız qıfılları çox sevirmiş… – qadına baxaraq gülümsədim.

– Hə, elədir… – Minarə xanım da güldü – Nəriman SSRİ vaxtlarında xaricdə olan zaman, orada əlinə bəzi kiçik ev əşyaları keçib. Bir ara hətta al-ver də edibmiş. Cavan vaxtı… Bu qıfılları da Litvadan gətirib…

Qadın bu sözləri deyərkən, artıq evə daxil olmuşduq. Bu an, dəhlizin digər başında, yəni evin sağında, bağa açılan daha bir pəncərənin olduğunu gördüm. Dəhlizdən qonaq otağına keçəndə, Minarə xanım otağın sol küncündəki sobanı yandırırdı. Vəziyyətdən istifadə edib, yataq otağına daxil oldum. Burada bir qoşa çarpayı və sol küncdə kiçik bir uşaq yatağı vardı. “Görünür, Lalə burada yatır” – deyə düşündüm və mənzilin sonuncu otağına keçdim. Nərimanın, üzərində ölmüş halda tapıldığı divan burada idi və mən evin bu hissəsinin çox ağır olan aurasını dərhal hiss etdim. Lakin, otağın bağa baxan aşırım divarının üstündəki köhnə bir xalça, vəziyyətimi bir qədər dəyişdi. Onun çox gözəl naxışları var idi.

– Əgər baş vermiş ölüm hadisələri haqqında düşünməsək, mənə belə gəlir ki, vahiməli heç bir şey yoxdur. – Minarə xanımın yaxınlaşdığını görüb dedim – Mənə maraqlıdır ki, Nəriman nəyə görə bu evdən qorxurmuş?!

– Axı, mən onun səbəbini sizə dedim… Nigar öldüyü üçün, Nəriman evdə vahimələnirdi.

– Yox, doğru demirsiniz. – qadınla razılaşmadım – Nigar hələ təzə doğulan vaxt, hansı ki, Nəriman ilk dəfə bağda çəhrayı zolaqlı varlığı görmüşdü, həyətə qaçmışdı və siz onun qoluna girib, onu evə gətirmək istəmişdiniz, Nəriman hələ o zaman evdən qorxmuşdu. Nigar isə, bundan bir il sonra vəfat edib.

– Haqlısınız… – Minarə xanım daha nə isə söyləmək istəsə də, bir söz tapıb deyə bilmədi.

– Xahiş edirəm, Laləni mənim yanıma çağırın – yan otağa keçib, divanda əyləşdim – və zəhmət olmasa, bizi tək buraxın.

Qadın yenə də bir kəlmə kəsməyib, sadəcə başını tərpətdi. İki-üç dəqiqədən sonra, Lalə yanımda əyləşmişdi.

 

 

VI

 

Lalənin sarı, uzun saçları vardı. Sifəti bir qədər uzunsov, burnu dik idi. Yorğun baxışlı mavi gözləri isə ona çox yaraşırdı. Gözlərindəki nisgil və ürkəkliyi də asanlıqla hiss etmək olurdu.

Qız danışıb-eşidə bilmədiyindən, onunla dialoqumuz cib bloknotum vasitəsilə mümkün oldu. O, bloknotu dizinin üstünə qoyub, kiçik qələmlə mənim yazdığım sualları cavablandırır, mən isə onun xəttini çətinliklə də olsa oxumağı bacarırdım.

Laləni əsas mətləbə dolayı yolla gətirdim. Anası itgin düşəndə, onun cəmi altı yaşı var idi. Dörd il qabaq baş verənləri təfsilatı ilə nağıl etməsini istədikdə, azyaşlı bir uşaqdan çox şey tələb etdiyimi anladım, ancaq onun çox güclü hafizəsi vardı. Suallarımı demək olar ki, cavabsız qoymadı. İlk əvvəl, qızdan nənə-babası haqqında soruşdum. Mahirənin atası  Pənah kişinin illər öncə vəfat etdiyini öyrənə bilsəm də, nənəsi Gülgəz xanımın sağ olub-olmaması haqqında bir məlumat əldə edə bilmədim. Lalənin dediyinə görə isə, onun dayısı və xalası yoxdur… Mahirə evin tək uşağı olduğundan, ata-anası ilə də əlaqə kəsildiyindən, Lalə demək olar ki, anasını tamamilə itirmiş və qadın sanki bilərəkdən, arxasında özünü qızına xatırladacaq heç bir iz qoymamışdı. Ona görə də, anasını onun yadına salmaq, ondan bəhs etmək, Lalə üçün çox ağır olacaqdı və mən də bunu anlayaraq, bu mövzuda onu yormaq istəmədim. Ancaq o, mənə xüsusi bir bilgi vermiş oldu. Lalə otaqdan çıxandan sonra, mən bloknotumdakı bu sonuncu cümləni oxuyurdum: “mama itməmişdən əvvəl atamla dalaşırdı. Atam mamanı döymüşdü. Biz də qonşuya getmişdik.”

Minarə xanım otağa çay gətirəndə, mən artıq tək idim və hələ də əlimdəki bloknota baxırdım.

– Lalə sizə kömək edə bildi?

– Hələ ki, bilmirəm. – bloknotu cibimə qoydum – Siz zəhmət olmasa, Mahirənin itgin düşməsi haqqında, Nərimanın elan verdiyi qəzeti tapıb, mənə gətirin.

– Gərək, axtaram… – qadın ayağa durub, otaqdan çıxdı…

Beş dəqiqə sonra, üzəri qat kəsmiş qəzet qarşımda idi. Dərhal sondan üçüncü səhifəni açıb, elan köşəsinə baxmağa başladım. Yazıda önəmli bir bilgi olmadığından, xüsusi bir qeyd aparmağa ehtiyac qalmadı.

“Q. rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonunun T. kənd sakini Təhməzov Nəriman rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Təhməzova Mahirə Pənah qızı, 1996-cı il iyul ayının 25-i, saat 09:00 radələrində yaşadığı evdən naməlum istiqamətdə çıxıb və bir daha geri qayıtmayıb.

Təhməzova Mahirə evdən çıxan zaman əynində çəhrayı zolaqları olan paltar və qara rəngli yastıdaban ayaqqabı olub. Onun xarakterik əlamətləri aşağıdakılardır:

Sarışın, boyu 165 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi-mavi, uzun sarı saçları, boğazında qara rəngli xalı var.

Təhməzova Mahirəni görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan aşağıdakı nömrələrə zəng vuraraq, bu barədə ailə üzvlərinə və yaxınlarına xəbər vermələri xahiş olunur:  … ”

– Siz, hansısa qərara gələ bilirsiniz? – Minarə xanım maraqla mənə və qəzetə baxaraq soruşdu – Əvvəlki fikrinizi dəyişməmisiniz ki?

– Bilmirəm… – dalğın halda dedim – Vəziyyət çox qarışıqdır və burada çox maraqlı rəqəmlər var. Mahirə 1996-cı il, iyul ayının 25-də itgin düşür. Bir ay sonra siz evlənirsiniz. Siz evlənəndən sonra, Nəriman bağda səslər eşitməyə başlayır və qorxur. 1997-ci ilin may ayında Nigar dünyaya gəlir. Təxminən bu vaxtlarda, daha dəqiq desək, iyun ayında, yoldaşınız həyətdə ilk dəfə Mahirənin ruhunu görür.

– Siz artıq Mahirənin ruhuna inanırsınız?

– Xahiş edirəm, hələ ki, mənə sual verməyin. – deyib ayağa qalxdım – Deməli, belə… Bir ay sonra isə, Nəriman o varlığı evdə görür və qorxudan huşunu itirir. Daha sonra o, müalicə alır, ancaq sağalmır. Nəhayət, MirHəmidin qəbuluna yazılırsız və o, bir gün sizdən ölüm qoxusu gəldiyini iddia edir və iki gün sonra, 1998-ci ilin iyul ayının 23-ü qızınız Nigar vəfat edir. Düz bir il sonra isə, yəni 1999-cu il iyul ayının 23-də də, həyat yoldaşınız bənzər şəkildə dünyasını dəyişir. Bütün bunlar axı, nə deməkdir?!

– Mən sizə lap əvvəldən deyirəm ki, burada başqa izlər axtarıb, yolu azmaq lazım deyil.

– Yaxşı, tutaq ki, sizlə razılaşdım. – yenidən divanda əyləşdim – Bəs, sizin konkret fikriniz nədir?

– Bu ölümlərə bais olan Mahirədir. – qadın qəti şəkildə dedi – Ya özüdür, ya da ruhudur. Mən buna əminəm.

– Bu əminlik sizdə haradandır? – Minarə xanımın uşaq fikirlərini dinləmək ürəyimcə olmasa da, davam etməyi məsləhət bildim – Bəlkə çəhrayı zolaqlı məxluq Nərimanın gözünə görünürmüş?

– Xeyr, onu mən də görə bilərdim, amma o, gecələr peyda olurmuş. Mən həmişə tez və ağır yatıram. Nərimanın isə, yuxu problemi vardı. O, hamı yatandan sonra, gecə lampasını yandıraraq uzun müddət ya kitab oxuyar, ya da işi ilə əlaqədar nə isə yazıb-pozardı.

– Çox istərdim ki, sizə inanım, amma alınmır. Sanki qarşımı nə isə kəsir. – təəssüflə qadına baxdım – Bu qədər ağır cinayətləri bir ruhun etdiyini düşünmək, sadəcə gülməlidir.

– Bəs, onda bunu necə izah edək? Bu qətlləri ancaq Mahirə edə bilərdi. O isə ölüb…

– Axı, onun öldüyü rəsmən təsdiqini tapmayıb…

– Bəs, meşəbəyinin tapdığı?! Bu təsdiq deyil? Həm də Mahirənin bizdən qisas aldığı açıq-aydın göz qabağındadır.

– O meşəbəyi bu kənddə yaşayır?

– Hə, Nəriman onun haqqında bir dəfə nə isə danışmışdı. Deyəsən, meşədə kişinin üstünə ağac düşmüşdü. Bərk yaralanmışdı, amma sonra bilmədim nə oldu…

– Mən mütləq onunla danışmalıyam, amma kəndinizi elə də tanımıram. Siz də mənimlə gələ bilərsiniz?

Qadın sadəcə başını tərpətdi və mətbəxə keçib, iki-üç dəqiqə sonra qayıtdı.

Mənzilin qapısını açarla bağlayarkən, mən dayanıb, onu gözləyirdim.

– Bayaq bir söz işlətdiniz, – öz səsimi özüm güclə eşidirdim– amma mən fikir vermədim. Mahirənin sizdən qisas aldığının açıq-aydın göz qabağında olduğunu dediniz…

– Hə, dedim. – Minarə xanım çevrilib mənə baxdı – Lalənin toxunulmaz qalması, sizə də  təəccüblü görünmürmü? İki il dalbadal eyni gündə, həm həyat yoldaşım, həm də bir yaşlı qızım vəfat etdi, amma… – qadın bu an, diksindi. Sanki ona elə gəldi ki, Lalə hər şeyi eşidir. Çevrilib qıza baxdı və çox asta səslə əlavə etdi – Amma Lalənin burnu da qanamadı. Bu gün isə artıq, iyul ayının 20-dir. Üç gündən sonra, növbə mənimdirmi?

Kənd yolu ilə addımlayarkən, Minarə xanımın bu son sualını beynimdən ata bilmirdim. Bəlkə, hamı haqlı idi, bir tək mən yanlış düşünürdüm?! Qadının sözlərində az da olsa həqiqət var idi. Onun bu qədər həyəcan və qorxu keçirməsində də kifayət qədər əsası vardı. Ömrünün sonuna üç gün qaldığını güman edən şəxs, ancaq bu cür davrana, bu cür düşünə bilərdi.

Meşəbəyinin evini tapmaqda elə də çətinlik çəkmədik. Laləni Minarənin rəfiqəsinin evinə qoyduqdan sonra, qarşımıza ilk çıxan cavan bir oğlan, evin yerini tanıdığını söylədi və yol boyu bizə bələdçilik etdi. Oğlana təşəkkür edərkən, artıq ünvana varmışdıq. Salman kişinin mənzili böyük bir həyətin düz axırında yerləşirdi. Həyət, meşəbəyinin səliqəli şəkildə bir küncə yığdığı ağac qol-budaqları ilə dolu idi. Minarə xanımın dediyinə görə, Salman, meşədən topladığı qurumuş ağac budaqlarını, təmənnasız şəkildə kənd camaatına paylayarmış. Ancaq son illər səhhətində yaşadığı problem, onun bu xeyirxaq əməlindən daşınmasına səbəb olmuşdu.

Bizi, elə həyətdəcə ilk olaraq kiçik bir qız qarşıladı. Ünvanı dəqiqləşdirdikdən sonra, uşaq evə qaçdı və az sonra orta yaşlı bir kişi qapıdan çıxdı. Onun xarici görünüşü tipik bir kənd adamını xatırladırdı. Zəhmətkeş cizgilər, yorğunluqdan əsər-əlaməti olmayan dik baxışlar və kifayət  qədər   sağlam,  eyni   zamanda  da   möhkəm   bir   bədən  quruluşu…  “Yox,  Salman  bu deyil” – öz-özümə dedim və elə həmin an, kişi Minarə xanımı başı ilə salamlayaraq mənə əl uzatdı. Onun həm də çox kobud və iri əlləri vardı.

– Xoş gəlmisiniz. – qalın səs tonu ilə sözə birinci o başladı – Buyurun. Qızım dedi ki, atamı axtarmısınız…

– Bəli, bizə Salman dayı lazımdır. – tələsik cavab verdim – Ondan bir-iki şey soruşmaq istəyirəm.

– Buyurun, eşidirəm…

– Yox, əgər mümükündürsə, mən atanızla danışmalıyam. Təbii ki, əgər mümkündürsə…

– Xeyr, bu mümkün deyil. – həmsöhbətim deyəsən, ünsiyyəti heç sevmirdi – Nə soruşacaqdı­nız?

– Salman dayı bir neçə il öncə, itgin düşmüş Mahirə adlı qadının itgin düşən vaxt əynində olduğu paltarından bir parçasını meşədə tapıbmış… Mən bağlanmış həmin cinayət işini araşdırıram. – ev yiyəsi bunları eşidərkən, bir anda üz cizgiləri dəyişdi – Hər halda xəbəriniz var.

Qarşımdakı, söhbətə uyuşmayan şəxs, sualıma cavab vermək əvəzinə bir qədər susdu və nəhayət, gözləmədiyim şəkildə qapıya sarı çevrildi.

– Keçin içəri… – asta səslə dedi.

Beş dəqiqə sonra biz, yumşaq divanda əyləşmişdik. Bu köhnə və uçuq-sökük kənd evinin çox qəribə bir başağrıdan aurası vardı. Bəlkə də bu, elə içəri girən kimi əhvalımı korlayan, kəskin dərman qoxusunun təsirindən irəli gəlirdi. Hər nə idisə, başım bərk ağrımağa başlamışdı, ancaq başqa çarə yox idi. Sakitcə ev sahibinin gəlməsini gözləyirdik. Cavan bir gəlin, süfrəyə çay gətirərək, bizimlə salamlaşmadan otaqdan çıxdıqdan sonra, bayaqkı şəxs otağa daxil oldu və qarşımızdakı çox köhnə qoltuqda əyləşdi.

– Sizi eşidirəm. – o, bayaqkı səs tonu ilə danışmırdı – Nə sualınız varsa, soruşun…

– Axı, mən atanızla danışmalıyam. – bir daha təkrarlayası oldum – O, evdə deyil?

– Evdədir, amma… – kişi duruxub, siqaretini yandırdı – Görürəm ki, xəbəriniz yoxdur. Atam xəstədir. Vəziyyəti heç yaxşı deyil. – bir qədər susub, sanki çətinliklə əlavə etdi – Danışa bilmir…

– Anladım… – təəssüf hissi ilə dedim – Allah şəfasını versin. Çoxdan olub bu hadisə?

– Siz onun başına gələnləri bilirsiniz? – kişi heyrətlə mənə baxdı – Bəs bayaqdan məni niyə danışdırırsız?

– Bəli, bu haqda eşitmişəm, amma vəziyyətinin bu qədər pis olduğunu bilmirdim. Hadisə necə baş verib?

– Atam bir günə yaxın, meşədə huşsuz vəziyyətdə qalıb. – kişi sanki olanları ilk dəfə idi kiməsə danışırdı – Üstünə ağac budağı düşmüşdü. Bərk yaralanmışdı. Onu mən gedib tapdım. Elə bilirdim, artıq ölüb, amma atam möhkəm kişi idi. Yazığın indiki halını görəndə dəhşətə gəlirəm. Əvvəlki adamdan əsər-əlamət qalmayıb.

– Deməli bu hadisə, Salman dayı Mahirənin paltarını tapandan sonra baş verib?!

– Hə, ondan təxminən üç-dörd gün sonra.

– Atanız paltarı tapandan sonra, qadının cəsədini də axtarmağa cəhd göstərmişdi?

– Hə, o… – həmsöhbətim bu an, elə bil birdən ayıldı – Siz bunları hardan bilirsiz?

– Bilmirəm. Sadəcə təxmin edirəm.

– Axı, atamın üzərinə düşən ağacla, itgin düşmüş o qadının nə əlaqəsi var?

– Təbii ki, elə bir real əlaqə yoxdur, – çayımdan bir qurtum aldım – amma mən də məhz o əlaqəni axtarmaq istəyirəm.

– Mən sizin nə demək istədiyinizi anlamıram.

– Adınız necə oldu?

– Süleyman.

– Mənim də adım Nicatdır… Süleyman bəy, iş orasındadır ki, həmin itgin düşən qadının cəsədi ortada yoxdur. Yəni onun öldüyünü təsdiqləyən, sadəcə atanızın tapdığı əski parçasıdır. Bu qədər… Ona görə də biz, mümkün ola biləcək bütün variantları nəzərdən keçiririk.

Süleyman heç bir söz demədən, gözünü bir nöqtəyə zilləyib, susmuşdu. Sanki o, hər şeyi anlamışdı, ancaq mən adım qədər əmin idim ki, o, hələ də mənim nə demək istədiyimi tam olaraq dərk etməyib.

– Atanızın üzərinə düşən budaq… – söhbətin səmtini dəyişərək soruşdum – Yadınızdadır?

– Hə, böyük bir budaq idi. Kişinin başını bərk yaralamışdı.

– Atanız həqiqətən o budağın qopub düşdüyü ağacın altında idi?

– Doğrusu, buna fikir verməmişdim… Yəni, həmin an onu düşünəcək halda deyildim.

– Anlayıram… Bəlkə o, yaralanmamışdan əvvəl, meşədə daha nə isə görüb? Salman dayı indi heç danışa bilmir?

– Nəinki danışmaq, o, hətta yaddaşının da bir hissəsini itirmişdi. Bir ara vəziyyəti yaxşı idi, amma sonra evimizə girən bir oğru, onu bərk qorxutdu. Ondan sonra, o, daha da çəkingən oldu. Evdə tək qala bilmirdi. Elə bu günün özünə kimi də mən, gecələr onun yanında yatıram. Tək yatmağa da qorxur.

– Oğru onun otağına girmişdi?

– Görünür, hə… Kişi qışqıranda, biz onun səsinə ayıldıq. O, özündə güc tapıb qışqırmağı bacarmışdı.

– Bəs, hardan bildiniz ki, evinizə oğru girib?

– Biz yan otaqdan atamın otağına keçəndə, o, əli ilə dəhlizi göstərdi. – Süleyman qaşlarını çatıb, dəhlizə işarə etdi – Mən tez ora qaçdım. Pəncərə açıq idi. Həyətə baxanda isə, bir nəfərin qaçdığını gördüm.

– Kişi idi, qadın? – dərhal soruşdum.

– Hər halda qadın olmazdı, amma görə bilmədim. Gecə idi. Qaranlıqda onu görməyim mümkün deyildi. O, ağacların arası ilə qaçırdı. Mən sadəcə həyətdəki qaçış səsindən, atamın haqlı olduğunu anlamışdım.

Süleyman daha nə isə demək istədi, amma həyat yoldaşı çayları təzələmək üçün yenidən otağa daxil oldu. Qadın yeni çayları süfrəyə gətirənə kimi bir kəlmə də kəsmədik. Odur ki, otağın qapısı arxadan bağlanana qədər gözlədim.

– Oğru evinizdən nə aparmışdı? – nəhayət, asta səslə soruşdum.

– Allah köməyin olsun. – Süleyman gülərək dedi – Nəyimiz var ki, nə də aparsın… – o, daha da ürəkdən güldü – Heç nə… Heç nə aparmamışdı…

– Əgər oğru bir evə girirsə, mütləq aparmaq üçün nə isə tapır. – qətiyyətim, kişinin üzünü ciddiləşdirdi – Məsələ isə burasındadır ki, sizin evinizə girən oğru olmayıb…

– Başa düşmədim.  – o, üzünü turşutdu – Bəs, kim olub?

– Məni, atanızı yaralı halda tapdığınız yerə apara bilərsiz?

 

 

VII

Mittelşpil

 

Süleyman təklifimlə dərhal razılaşdı. Üçümüz evdən çıxarkən, artıq hava qaralmağa başlayırdı. Uzun yolu piyada gedəcəyimizi bilirdik. Odur ki, bir qədər də cəld olaraq, meşəyə vaxtından tez çatmağı bacardıq, ancaq burada da az vaxt itirmədik. Süleyman lazım olan yeri xeyli axtardı. Bundan istifadə edərək, mən də yan-yörədə nə isə bir iz, nə isə bir nişan axtarmağa başladım. Lakin diqqətimi cəlb edə biləcək xüsusi bir şey qarşıma çıxmadı. Süleymanın isə, atasını yaralı halda tapdığı yer, onun yaxınlığındakı böyük bir ağac kötüyü sayəsində yadına düşdü.

– Təxminən buralar idi. – kişi sevincək halda dedi – O böyük kötüyü görməsəydim, yadıma düşməyəcəkdi.

Həmin yerə yaxınlaşdım. Xeyli vaxt keçdiyindən, bütün ola biləcək izlər də silinmişdi. “Frans Kafka haqlıdır. Doğrudan da, təbiət izlərə qarşı çıxır” – deyə düşündüm və anladım ki, burada artıq vaxt itirmək lazım deyil.

– Gedək… – əhvalım tamamilə korlandığından, əlavə bir şey danışmaq istəmirdim. Odur ki, bunu anlayan yol yoldaşlarım da, heç bir kəlmə söyləmədən mənimlə razılaşdılar. Gəldiyimiz yolla geri qayıdanda, artıq hava kifayət qədər qaralmışdı. Xüsusən də meşənin qaranlığı, bu rəngi daha da tündləşdirirdi. Süleyman ehtiyat üçün götürdüyü fənəri yandırarkən, mən işıqda qolumdakı saata baxsam da, əqrəbləri tam görə bilmədim. Odur ki, işığı qoluma salmasını xahiş etdim. Saat yeddinin yarısı idi. Kişi fənəri kənara çəkərkən isə, yerdə ani olaraq gözümə nə isə göründü…

– Fənəri mənə verin. – deyib, heç Süleymanı gözləmədən, onu kişinin əlindən aldım və bir qədər onlardan ayrılıb, işığı yerə salaraq gördüklərimi izləməyə başladım. “Demək, dahilər də səhv  edir…  – təəccüblə az öncəki  fikrimi  təkzib  etdim – Təbiət də, hər  an  izin  qarşısında  aciz ola bilər…” – gördüklərim asanlıqla məni bu qənaətə gətirdi. Bu, artıq təsadüf ola bilməzdi, hər şey aydın idi, ancaq burada baş verənləri və ya baş verəcəkləri Süleymanın bilməsini istəmədiyimdən, yenidən geri qayıtmağa məcbur oldum.

– Fənər məndə qalsın. – tələsik şəkildə dedim – Siz isə hər ikiniz kəndə qayıdın…

– Yox. – Minarə xanım dərhal sərt reaksiya verdi – Mən də burada qalıram.

Nə isə demək istəsəm də, susdum, çünki qadını buna məcbur edə bilməzdim. Hər halda onu tanımadığı bir kişi ilə gecənin zülmət qaranlığında tək buraxmaq, düzgün olmazdı.

– Mən getmirəm. – qadının çarəsiz səsi aydınca duyulurdu – Sizi tək qoya bilmərəm.

Sonuncu söz, sanki qəfildən məni silkələdi. Qadından belə bir münasibət gözləməsəm də, bu sözləri eşitmək çox xoş idi. “O, məni cəmi bir gündür tanıyır, amma davranışında, mənə güvənə biləcək qədər əmindir.” – deyə düşündüm. Bu etibarı özüm qazanmışdım. Odur ki, ürəyimdə özüm-özümü təbrik edib, bu məsələyə aydınlıq gətirməyi bacardım. Süleymanı güclə də olsa, fənərsiz halda kəndə yola salmağa müvəffəq oldum. O, özündən çox, bizdən nigaran idi, lakin mən onu əmin etdim ki, biz kəndin yolunu rahatlıqla tapacağıq.

Minarə xanım, Süleyman gözdən itənədək gözlədi. O, nə baş verdiyini anlamadığından, elə bil danışmağa da qorxurdu.

– Siz onu niyə yola saldınız? – nəhayət, qadın asta səslə soruşdu – Nə baş verdi? Siz nə gördünüz?

– Bura baxın… – işığı bayaq gördüyüm yerə saldım – Daşı görürsünüz?

– Görürəm. Burda nə var ki?

– İndi buna baxın. – işığı bir neçə metr qabağa saldım – Daha bir daş… Bir az da gəlin… Buyurun, daha biri… Bu da digər daş…

– Yəni bu… – o, ancaq indi nə baş verdiyini anladı – Bunu kimsə edib?

– Hər halda… – deyib, əks istiqamətdə getməyə başladım – Meşənin bu yerində yerə basdırılan daş, nəzərimdən yayına bilməzdi. Kimsə yolu itirməmək üçün yerə iz salıb, amma izdən görünür ki, yolumuz elə də qısa olmayacaq. Bəlkə sizi evə ötürüm? Qorxa bilərsiniz…

– Əhəmiyyəti yoxdur. – qadın yenidən razılaşmadı – Siz bütün bu fədakarlığı mənə görə edirsiniz. Ona görə də, siz burda təhlükə ilə üz-üzə qalarkən, mən evdə rahat otura bilmərəm.

– Necə istəyirsiniz… – gülümsəyərək dedim. Hər halda, qadının qaranlıqda məni görmədiyinə əmin idim.

Yol boyu irəliləyərkən, hava qaranlıq olduğundan, biri-birindən aralı yerləşən daş parçalarını tapmaqda çətinlik çəkirdik. Onların arasında təxminən dörd-altı metr məsafə qoyulmuşdu və yerdəki yarpaq və kol-kos da izi axtarmağımıza mane olurdu. Zülmət qaranlıqda isə istiqaməti tapmaq, asan iş deyildi. Hətta ara-bir bəzi daşların arasındakı məsafə fərqinin daha da böyük olduğuna təsadüf edirdik və bəzən itirdiyimiz izin davamını da təsadüfən tapırdıq. Hər halda bunu izi itirmək üçün etməmişdilər. Böyük ehtimalla daşlar təsadüfən yerindən tərpənmişdi. Bəzən isə, çox kiçik daş parçalarına rast gəlirdik. Bax bu, izi itirə bilmək üçün çox ideal variant idi. Çünki bu hadisədən xəbəri olmayan bir şəxsin buradan keçərkən, yerdəki bu kiçik daşlara fikir verməyəcəyini arxayınlıqla güman etmək olardı. Üstəlik də üzərimizdə cəmi bir fənərin olması, işimizi daha da çətinləşdirirdi. Ancaq buna baxmayaraq, artıq bir saata yaxın idi ki, bu daşların izinə düşmüşdük. Meşənin sıx ağaclı hissəsini keçərkən, Minarə xanım geriyə qayıtmaq istədiyini söyləsə də, mən israr etdim. Nədənsə əmin idim ki, biz istədiyimizi tapa biləcəyik, lakin az sonra iz yox oldu və qarşımıza çıxan dərin bir çuxur, məni də ümidsizləşdirdi.

– Bu, çuxur işlərimizi korladı. – kənarda yerə yıxılmış o qədər də kiçik olmayan bir ağacın üstündə oturdum – Belə getsə, gecəni burada keçirəsi olacağıq.

– Niyə? – Minarə xanım təəccüblə soruşdu – Məgər qayıda bilmərik?

– Qayıda bilərik, amma əziyyətimizə heyfim gəlir.

– Bəs, nə edək? – o, yanımda əyləşdi – Çuxurun kənarlarını diqqətlə yoxladıq. Hər yerə baxdıq, amma heç nə yoxdur.

– Haqlısınız… – razılaşmağa məcbur idim – Bəlkə də iz var, sadəcə biz tapa bilmirik. Hava işıqlaşan kimi hər şey aydın olacaq.

– Nicat bəy, məni səhv başa düşməyin, amma mən gecəni burada qala bilmərəm. Mən çox qorxuram. – onun səsi titrəyirdi – İlk dəfədir meşəyə gəlmişəm. Onsuz da qaranlıqdan qorxanam. Üstəlik də buranın vahiməsi… Vəhşi bir heyvan hər an qarşımıza çıxa bilər. Üstümüzdə isə, fənərdən başqa heç nə yoxdur. Nə isə baş versə, özümüzü qoruya bilməyəcəyik. Qaçmaq da mümkün olmayacaq, çünki kənddən çox uzaqlaşmışıq. Gəlin, nə qədər ki, gec deyil, qayıdaq… Sabah səhər gəlib baxarsınız. Həm də işıqlı havada izi daha rahat tapa bilərsiniz.

– Sabah üçün mənim başqa planlarım var. – asta səslə dedim – Axı, nəyə görə belə olmalı idi?! – əsəbiliklə ayağa qalxdım – Niyə bu lənətə gəlmiş çuxur bizim qarşımızı kəsdi?! Mən az qala adım qədər əmin idim ki, bu iz, bizi axtardığımız yerə aparacaq.

Minarə xanım heç bir söz demədi və mən onu tək qoyub, çuxura tərəf getdim. Az sonra, qadın da mənə yaxınlaşdı.

– Bəlkə izin davamı, bu çalanın içindən keçir? – qadın çarəsiz halda soruşdu – Yəni ola bilər ki, digər daşlar onun içində basdırılıb. Yox, amma elə olsaydı, çuxurdan sonra, o iz davam edərdi.

– Bir dəqiqə, – çevrilib Minarə xanıma baxdım – siz nə dediniz?

– Nə dedim ki?

– Əgər çuxurun içindən keçsəydi, o iz davam edərdi…

– Hə, elədir. Axı, biz onun ətrafını yaxşıca yoxladıq. Heç nə yox idi. – qadın bu an mənim cəld hərəkətimdən diksindi – Nicat bəy, hara gedirsiz?

Mən Minarə xanımın sualına məhəl qoymadan, çuxurun içinə düşdüm. Qadın da mənim ardımca gəlirdi. Bura çox vahiməli idi. Hər an hansısa bir yatmış heyvanı ayaqlaya bilərdim. Yer ağac qol budaqları, hündür kol-koslarla dolu idi. Fənərin işığını ayağımın altına salaraq irəliləyirdim. Həyəcandan, qadının qaranlıqda arxamca gəlməsinin belə fərqinə varmırdım. Elə bu vaxt Minarə xanım qışqıraraq yıxıldı. Çevrilib, cəld ona yaxınlaşdım.

– Axı, siz niyə bura gəldiniz? – əsəbi şəkildə dedim – Məni gözləsəniz yaxşı olardı.

– Xeyr, siz məni gözləməli idiniz. Nəzərə almalı idiniz ki, mən qaranlıqda yeriyirəm. Həm də tək qalsam, qorxacaqdım. – o, fənərin işığında, dizindəki qana baxdı – Uf, ayağım bərk əzildi…

– Bu nədi belə? – işığı, çuxurun bitən hissəsinə saldım.

– Nəyi deyirsiz? – qadın da çevrilib baxdı və qorxudan içini çəkib, diksindi – Nicat bəy, gəlin gedək. Bu, hansısa heyvanın yuvasıdır. – Minarə xanım lap mənə yaxınlaşıb, qolumdan tutmuşdu – İşığı da söndürün. Xahiş edirəm. Mən çox qorxuram…

– Xanım, sakit olun. – fənərin işığında gördüyümüz yerə yaxınlaşaraq dedim – Diqqətlə baxın… Hələ heç bir heyvanın şüuru o dərəcədə inkişaf etməyib ki, yuvasına qapı qoysun.

Çuxurun bu hissəsi yuxarıdan baxanda görünmürdü. Odur ki, onu görmək üçün mütləq buraya düşmək lazım idi. Artıq biz həmin yerə lap yaxınlaşmışdıq. Onun giriş hissəsi o qədər də kiçik deyildi və ağac qol-budağı ilə yarıqapalı şəkildə bağlanmışdı.

– Orada kimsə var. – asta səslə dedim və qadının, qolumu daha da bərk tutub sıxdığını hiss etdim – Mən açıb, içəri baxmalıyam.

– Hə, açın, açın… – Minarə xanım gülümsədi – Zarafat edirsiz, hə?

– Yox, tam ciddiyəm. Mən mütləq ora baxmalıyam.

– Kaş mən gəlməyəydim… – qadın ağlamsındı – Birdən yaxınlaşdınız, işığı içəri saldınız və bir canavarın sizə baxdığını gördünüz. Onda?

– Onu deyim ki, heç də yaxşı zarafat deyil. – gülümsünərək dedim – Minarə xanım, siz bir şeyi unudursunuz. Biz buraya təsadüfən düşməmişik. Bizi bura bir iz gətirdi. Doğrudur, bu, hansısa bir heyvanın yuvasına bənzəyir, amma bir şey dəqiqdir. Orada insan yaşayır…

– Yaxşı, onda gedin baxın, amma inciməyin mən buradan uzaqlaşıram…

– Olsun. – gülərək qadına baxdım – Elə ən doğrusu da budur…

Minarə xanımın bir qədər kənara çəkilməsini səbrlə gözlədim. Əvvəlcə işığı qoluma tutdum. Saat on birə on beş dəqiqə qaldığını göstərirdi. Daha sonra, asta şəkildə yuvaya yaxınlaşdım. Yuvanın girişini örtən “qapı”ya toxunduqda, daha da əmin oldum ki, burada kimsə yaşayır. Çünki “qapı” rolunu oynayan ağac qol-budaqları, çox səliqəli şəkildə biri-birinə bağlanmışdı və kənardan şübhə doğura biləcək heç nə nəzərə çarpmırdı. Qapını ehmalla götürüb, kənara qoydum. “Fənərin işığı həmin insanın üzünə düşəndə, görəsən nə baş verəcək?!” – deyə işığı içəriyə salmamışdan əvvəl, keçirdiyim dəhşətli həyəcanı hiss etdim və fənəri yandırdım. Ürəyim, sanki yerindən çıxacaqmış kimi döyünməyə başladı. Qarşılaşdığım mənzərə məni daha da vahiməyə salmışdı. Çünki mən fərziyyəmdə yanılmamışdım. Bu sığınacağın içi, mən düşündüyümdən də böyük idi. Küncdə yerə düzülmüş qalın taxtalar üzərinə karton salınmışdı. Böyük ehtimalla bura, həmin insanın yatağı idi. Ortada isə ocaq qalamaq üçün nəzərdə tutulduğu güman edilən daşlar dairəvi şəkildə yerə basdırılmışdı, yanında da dəmir bir qab, hisdən tamamilə qaralmış çaydan və bir fincan vardı. Fənəri içəriyə gəzdirməyə davam etdim və digər küncdə plastik vedrədə su olduğunu gördüm. Nəhayət, içəri keçməyə qərar verdim, çünki orada heç kim yox idi. Ancaq, keçirdiyim dəhşətli qorxu və vahimə hissi, tez bir zamanda məni, buradan çıxmağa vadar edirdi. Həm də həmin insanın hər an bura qayıtmaq ehtimalı böyük olduğundan, daha burada qala bilməzdim. Cəld şəkildə içəridən çıxıb, qapını əvvəlki tək yerinə qoydum. Minarə xanım, dərhal mənə sarı gəldi.

– Nə gördünüz? – deyə maraqla soruşdu.

– Yaxınlaşdım, işığı içəri saldım və bir canavarın mənə baxdığını gördüm. – deyib, gülümsədim.

– Heç də gülməli deyil. – qadın bir qədər aşağı çöməldi – Nə gördünüz ki? İçəri boş idi, hə?

– Gəlin, özünüz görün… – yenidən asta addımlarla yaxınlaşıb qapını bir kənarə qoyaraq, işığı yandırdım – Baxın…

Minarə xanımın necə həyəcan keçirdiyini açıq-aşkar hiss edirdim. O, kəsik-kəsik nəfəs alaraq, sanki nə isə deməyə çalışır, lakin söz tapa bilmirdi.

– İlahi, axı bu necə ola bilər?! – qadın titrək səslə dedi və cəld əlimdən tutdu – Nicat bəy, gedək buradan. Yalvarıram sizə… O qadın hər an gələ bilər. Bizi burada görsə, ikimizi də öldürəcək. – o, keçirdiyi stressdən ağlamağa başladı – Siz haqlı çıxdınız… O, həqiqətən ölməyibmiş… Odur… Mahirədir…

– Minarə xanım, sakit olun. Bilsəydim ki, belə qorxacaqsınız, heç sizə göstərməzdim. Axı, hələ ki, tam əmin olmaq mümkün deyil. Burada başqa bir insan da gizlənə bilər.

– İçəridəki fincanı mənə gətirə bilərsiz?

Mən səbəbi soruşmadan, çevrilib sığınacağa daxil oldum və fincanı götürüb, çıxdım. Minarə xanım, fənərin işığında fincanı əlinə alarkən, halı daha da pərişan oldu.

– Odur, Nicat bəy, odur… – qadın ağlayaraq, onu mənə qaytardı – Mahirədir…

– Niyə bu qədər əmin oldunuz? – fənərin işığını əlimə tutdum – Fincan?

– Hə, o… – qadın əlimdəkinə işarə etdi – Mən Nərimangilə gələndə, onların evində, eyni ilə, bu fincandan beş ədəd var idi. İndi onlardan ikisi qalıb. Onları sizə göstərərəm. – Minarə xanım fincanı yenidən əlinə aldı – Yəqin ki, bilmiş olarsınız… Adətən onlar altı ədəd olurlar. Mən isə sadəcə düşünmüşdüm ki, yəqin biri sınıb.

– Bu, artıq təsadüf ola bilməz…

– Doğrudur. – qadın razılaşdı – Siz içəriyə işığı salan kimi, o fincanın üzərindəki qırmızı rəng diqqətimi çəkdi. Sonradan evimizdəki, üzərində çiyələk şəkli olan o fincanlar yadıma düşdü.

– Ancaq bunun üzərində toz var. – ehtiyatla fincanı əlimə aldım – Görünür, Mahirə daha burada yaşamır, amma o, hələ də gizlənirsə, demək hər an buraya gələ bilər.

– Xahiş edirəm, gedək… Nicat bəy, xahiş edirəm… Mən çox qorxuram…

Fincanı yerinə qoyaraq, hər şeyi əvvəlki vəziyyətinə salıb, şübhə doğura biləcək heç bir iz saxlamadan oranı tərk etdik. Minarə xanım, əlimdən tutsa da, çuxuru çətinliklə çıxa bildi. Onun sol ayağındakı yara hələ də bərk ağrıyırdı. Ona görə də bu, bizim üçün əlavə problem idi. Çünki yolu geriyə qayıtmaq üçün, yenidən həmin izi axtarmağa məcbur idik. Çətinliklə də olsa, bunu bacarırdıq, amma indi bayaqkı yol, sanki daha da uzun görünürdü. Ümumiyyətlə, insan məqsədinə çatacağını güman edəndə, istənilən maneəni aşmağa müvəffəq olur və bu vaxt əlavə güc gəlir, ikinci nəfəs açılır, uğura gedən yol isə qısalır…

Bu gün mən, bir daha bunun şahidi olmuşdum. İndi yolun yarısından çoxunu geridə qoymağımıza baxmayaraq, mənə elə gəlirdi ki, sanki uzun zamandır yola çıxmışıq. Süleymangi­lin evindəki dözülməz başağrım isə, yenidən şiddətlənməyə başlamışdı. Özümü o qədər də yaxşı hiss etmirdim. Hətta yorğunluğum o həddə çatmışdı ki, qaranlıq meşədə uzaqdan görünən işıq belə nəzərimdən yayınmışdı. Minarə xanım qolumdan tutub, əlimdəki fənəri bir qədər aşağı salanda da, ilk öncə nə baş verdiyini anlamadım. Ancaq qadın asta səslə məndən, qarşıya baxmağımı istəyəndə, gördüklərim məni dəhşətə gətirdi və cəld şəkildə işığı söndürdüm. Əlində fənər olan bir şəxs, bizə yaxınlaşırdı…

Minarə xanım arxama keçib gizlənsə də, mən nə edəcəyimi bilmirdim. Təhlükə bizi çox pis və köməksiz olduğumuz məqamda haqladığından, ilk dəfə idi ki, bu qədər həyəcan keçirdiyimi hiss etməyə başlamışdım. Ancaq, daha çox Minarə xanımdan nigaran idim. O, qolumdan bərk yapışmışdı deyə, qadının necə titrədiyini hiss edirdim. Minarə xanım özü də hər şeyi çox gözəl anlayırdı. Əgər bizim buraya gəlməyimiz, doğrudan da yaxınlaşan o insanın əleyhinə idisə, onda gecənin bu zülmətində, bizi heç kim və heç nə xilas edə bilməyəcəkdi. Ona görə də burada dayanıb, o insanı gözləmək ağılsızlıq olardı. Çünki o, əlimizdəki fənər sayəsində bizim yerimizi təyin edə bilmişdi. Odur ki, getdikcə bizə daha da yaxınlaşırdı. Ayağının altında sınan ağac budaqları və ətrafa yayılan tükürpədici xışıltı, meşənin dərin və qorxunc sükutunda olduqca vahiməli səslənirdi. O, səsini çıxarmadan bizə doğru gəlirdi. Sanki, həmin şəxs özü də qorxurdu, çünki addımlarını çox ehtiyatla atdığı görünürdü. Nəhayət o, asta sürətlə istədiyi yerə çatdı və fənəri bizim bayaq dayandığı­mız hissəyə salıb, ətrafa gəzdirməyə başladı. Biz isə buna qədər artıq oradan uzaqlaşaraq, kənardakı ağacların arxasına gizlənməyə macal tapmışdıq. Bu an, qaranlıqda çətinliklə də olsa, həmin insanın siluetini görüb, Minarə xanıma baxdım. Qadın sakitcə başını tərpətdi və mən gizləndiyim yerdən çıxaraq fənəri yandırıb, işığı uzaqdan həmin naməlum şəxsin üzərinə saldım…

 

 

VIII

 

– Siz niyə bura qayıtdınız? – yaxınlaşaraq soruşdum – Nə isə olub?

– Bəs, siz niyə məni görən kimi gizləndiniz? – Süleyman işığı üzümə salıb, güldü – Yox, heç nə olmayıb. Sadəcə sizdən nigaran qaldım.

Az öncə keçirdiyim həyəcanla müqayisədə əhvalım bir qədər yaxşı olsa da, bizi qorxutduğu üçün Süleymana bərk acıqlanmışdım, amma bunu birüzə vermək istəmirdim. Odur ki, söhbəti bu məcraya istiqamətləndirməmək üçün yol boyu da bu məsələ haqda söz salmamağa çalışdım.

– Sizdən ayrılandan sonra, meşənin gəldiyimiz girişində gözləməyə başladım. – Süleyman artıq evinin həndəvərində olanda dedi – Xeyli gözlədim. Doğrudan da sizdən nigaran idim. Gəlmədiyinizi görəndə də lap narahat oldum. Sonra evə qayıdıb fənər götürdüm və meşəyə qayıtmağı qərara aldım… Buraları az-çox tanıyıram. Yad insan üçün bu meşədə azmaq o qədər də gözlənilməz bir hal deyil. – kişi həyət qapısının kandarında dayanıb qapının çərçivəsinə söykənmişdi – Bu meşə siz təsəvvür etdiyinizdən də təhlükəlidir. Bilmirəm, nə məqsədlə meşəni tək gəzməyə qərar verdiniz, amma Nicat bəy, sizə bir qardaş kimi məsləhət verirəm. Bu günkü hərəkətinizi bir daha təkrarlamayın…

Süleymanın sözlərində nə qədər həqiqət olduğunu ona bildirmək istəyirdim, amma anlayırdım ki, əminliyimin səbəbini açıqlamaqda çətinlik çəkəcəyəm. Ona görə də sadəcə təşəkkür edərək, məsləhətinin mənim üçün çox önəmli olduğunu deyib, ondan ayrıldıq.

Minarə xanımgilin evinə çatanda, yaxınlıqdakı qonşunun açıq həyət qapısı diqqətimi çəkdi. Əslində mən bu işi sabah üçün planlaşdırmışdım, amma bu günkü hadisələrin inkişafı, mənə artıq vaxt itirməyin gərəksiz olduğunu aşılayırdı. Cibimdəki bloknotu çıxarıb, günorta Lalənin ora yazdığı sonuncu cümləyə bir daha baxdım: “…atam mamanı döymüşdü. Biz də qonşuya getmişdik.” Bu cümlə bir şeyi isbat edirdi: demək ki, Mahirənin yaxınlıq etdiyi qonşusu olub.

– İstəyirsiz, siz daha evə gedin. – Minarə xanıma baxaraq dedim – Mənim burada bir az işim var. Qurtaran kimi kəndimizə qayıdacağam.

– Nə işiniz var ki? Sizə kömək edə bilərəm?

– Təşəkkür edirəm, amma ehtiyac yoxdur. Mən sadəcə qonşunuzla danışacağam.

– Bu saatda? – qadın təəccüblə soruşdu.

– Başa düşürəm, gecdir, amma bu qonşunuzun uşağı hələ də həyətdədir…

– Hə, hələ lap uşaq ikən də o, yatmağı xoşlamazdı. – Minarə xanım gülümsədi – Elə indi də yatmağı sevmir. Çox yaxşı qızdı. Lalənin ən yaxın rəfiqəsidi.

– Ev sahibinin adı nədi?

– Adı Zivərdi… Tək qadındı. Bir qızı var idi… İlk ailəsindən ayrılandan sonra, ikinci dəfə ərə getdi, amma yoldaşı onun uşağını qəbul eləmədi. O da qızını gətirib Zivər xalaya verdi. İndi özü Türkiyədə yaşayır… – qadın bu haqda sanki nifrətlə danışırdı – Guya anası tək qalmasın deyə, bu addımı atmışdı. Belələrini düşünəndə dəhşətə gəlirəm. Hər şey gün kimi aydındır. Axı, insan öz xoşbəxtliyi üçün övladından necə imtina edə bilər?!

– Övlad itgisinin nə olduğunu sizdən yaxşı bilə bilmərəm. Amma inanın, o qadın qızını daha çox itirib, nəinki siz…

– Təsəlli verməyi bacarırsınız…

– Ola bilər, amma mən təsəlli vermirdim. Siz öz doğma qızınızı itirdiyiniz halda, ailənizdə baş verən neqativ hadisələrdə təqsirləndirdiyiniz Mahirənin qüsurlu qızını saxlayırsınız. Ancaq Laləni “uşaq evi”nə ataraq, bunu etməyə də bilərdiniz. Həm də mən görürəm ki, Lalə sizi çox istəyir. Mənim aləmimdə, bir körpənin gələcəyini düşünüb, öz taleyinin üzərindən xətt çəkməyi bacaran biri, doğma övladını görə bilməyəcək qədər, xoşbəxtlikdən gözləri kor olmuş qadından çox yüksəkdədir…

…Zivər xanımın mənzili, həyəti ilə müqayisədə o qədər də böyük deyildi. Açıq qapıdan içəri daxil olan kimi, kiçik qız məni görüb, yelləncəkdəki gəlinciyini də götürərək, evə doğru qaçdı. Qapını ardınca bərk örtsə də, az sonra yenidən açdı və həyətə çıxdı. Onun ardınca isə dolğun yaşlı bir qadın kandarda göründü. Zivər xanım bəstəboylu və bir qədər dolu bədən quruluşuna sahib idi. Yetmiş yaşı ancaq olardı, amma hərəkətlərində daha da yaşlı insanı andıran bəzi nüanslar da nəzərə çarpırdı. Çökəkdə olan gözlərinin kənarlarındakı qırışlar aydın görünürdü, amma dairəvi quruluşlu simasının mütənasibliyini qoruyan kiçik burnu və nazik dodaqları onun gənc ikən gözəl olduğunu aşılayırdı.

– Eşidirəm, oğlum… – qadın ayaqqabılarını geyinərək soruşdu – Kim lazımdı?

– Zivər xanım sizsiniz?

– Mənəm ay oğul… Kimsən? Tanımadım…

– Vaxtınızı çox almayacam, Zivər xala… – qadının həyətin kənarındakı stullardan birini götürməyə cəhd etdiyini görüb, əlavə etdim – Narahat olmayın. Sadəcə bir-iki sual verib, gedəcəyəm.

– Nə haqqında? – o, bir az ehtiyatla soruşdu.

– Əvvəla, gecə vaxtı sizi narahat etdiyimə görə məni bağışlayın. Məcburiyyət qarşısında qalmasaydım, gəlməzdim. – qadın lap qarşımda dayanmışdı – Mən itgin düşmüş qonşunuz Mahirə ilə bağlı qapınızı döymüşəm.

– Kimsən sən? – Zivər xala hirsli şəkildə üzümə baxdı. Deyəsən mənim son sözüm qadının heç ürəyincə olmamışdı.

– Mən cinayət işləri üzrə ekspertəm… – deyib, cibimdən adətən üzərimdə gəzdirdiyim saxta vəsiqəni çıxarıb, qadına göstərdim. Bu vəsiqə dəfələrlə ekstrimal hallarda mənim dadıma çatmışdı. Hər hansısa bir sənəd insanı elə həmin an, bacarıq və qabiliyyət isə, sonradan tanıtdırdığından, sadəcə hüquq fakültəsinin üçüncü kurs tələbəsi olduğumu bilib, kim mənimlə ünsiyyətə girərdi?!

– Vaxtında səni kimiləri ilə çox danışmışam… – amma deyəsən, vəsiqəm bu dəfə əks-effekt verdi – Bir xeyiri oldu?! Yox! Hamınız eynisiniz… Başa düşmürəm insanları dindirmək sizin nəyinizə lazımdır?! Onsuz da dediklərimizi heçə sayıb, öz bildiyinizi edirsiniz. Bu bilirsiz nədi? Təhqir! Gəlib məni söysələr bundan yaxşı idi. Gəldilər, danışdırdılar, guya dediklərimi qeyd elədilər, çıxıb getdilər. Mən də həvəslə hər şeyi danışırdım. Elə başa düşürdüm ki, bir xeyirim toxunacaq, – qadının bu qədər əsəb keçirməsi məni təəccübləndirirdi – amma sözlərimi vecinə alan olmadı. Kimisə ittiham etməmişdən əvvəl, yaxşıca düşünmək lazımdır. Yazıq qızım Mahirə səni kimilərinin qurbanı oldu…

– Zivər xanım, bir dəqiqə…

– Sözümü kəsmə! Məndən də heç nə soruşma… Gəldiyin kimi də get. Qapı açıqdı… Mən zamanında hər şeyi sənin dostlarına demişdim. – qadın yaxınlaşıb, qolumdan tutaraq üzümü çevirdi və məni həyət qapısına tərəf apardı – O vaxt demişdim ki, onda heç də gec deyildi və Mahirəni xilas etmək olardı… – Zivər xanım son sözlərini daha kəskin şəkildə qeyd etdi – İndi isə, get! Hər şey olub keçəndən sonra, səninlə heç nə danışan deyiləm!

– Bir dəqiqə dayanın… – bağlanan qapını əlimlə saxladım – İmkan vermədiniz mən gəlişimin məqsədini tam olaraq izah edim.

– Mənə hər şey aydındır…

– Heç nə aydın deyil… Aydın olsa idi, məni evinizdən qovmazdınız. – bu sözüm qadını sanki bir qədər ayıltdı – Birincisi, sizin verdiyiniz ifadələrdən bixəbərəm və həmin vaxt həmsöhbətiniz olan şəxslər mənim dostlarım deyil, ikincisi də, mən bu cinayət işində müstəqil xəfiyyəyəm.

– Olsun. Nə fərqi var ki?! Eyni şeydir…

– Eyni şey deyil, xanım. Siz bildiklərinizi danışmamaqla səhvə yol verirsiniz.

– Nəvəm yaşındasan. – qadın yarıqapalı qapıdan üzümə baxaraq, sifətini turşutdu – Mənə nə etdiyimi öyrədəcəksən? Səni kimisi ilə, heç danışmaq fikrim yoxdur.

– Dayanın… – qüvvətlə üzümə bağlanan qapını yenidən saxladım – Nəyə görə məsələni bu qədər qəlizləşdirdiniz? Mən bura böyük ümidlərlə gəlmişdim. Lalə mənə anası ilə bağlı bəzi məqamlardan bəhs edəndə, mən anlamışdım ki, Mahirənin çox yaxın bir qonşusu olub və təxmin etmişdim ki, bu, siz ola bilərsiniz. Yanılmadım. Bu siz idiniz. Ona görə də, yardımınıza böyük ehtiyacım var idi, amma çox təəssüf ki, siz ən yaxın qonşunuza növbəti dəfə olsa belə, yardım etmək istəmədiniz…

– Necə yəni? – Zivər xala son sözümdən çaşıb-qaldı – Necə yəni qonşuma kömək etmək istəmirəm. Mən zamanında köməyimi etmişəm. Bir nəticəsi olmasa da, etmişəm. İndi isə, daha gecdir. İşi-işdən keçəndən sonra, çənə yormağın da bir mənası yoxdur.

– İşin-işdən keçdiyinə niyə bu qədər əminsiniz?

– Məgər, Mahirə ölməyib?! Əmin olmaq üçün başqa nə lazımdır?

– Mahirənin öldüyü nə ilə təsdiqləndi? Adi bir əski parçası ilə? Axı, onun cəsədi hələ də aşkar olunmayıb.

– Demək istəyirsiniz o, sağdır? Bunu desəniz belə sizə inana bilmərəm…

– Bəs, sizin fikrinizcə, nəyə görə illər öncə bağlanmış cinayət işi yenidən araşdırılır?! – əlimi qapıdan çəkdim – Çox təəssüf ki, bizim əsas məsələ haqqında söhbətimiz baş tutmadı. Görürəm ki, ünsiyyətə girməməkdə qərarlısınız, amma mənim çox az vaxtım var. Bu işlə məşğul olmağı hələ bu gün öz üzərimə götürdüm və elə indicə Mahirənin sağ ola biləcəyi haqqında əsaslı dəlillərə rast gəldim. – qadın bu an, bayaqdan bərk-bərk tutduğu qapı dəstəyini buraxdı – Böyük ehtimalla Mahirə yaşayır, Zivər xanım. Vəfat etdiyi zənn edilən və zamanında ən yaxın qonşunuz olan qadın, yaşayır… O, ölməyib! Xudahafiz! – deyib, bu dəfə özüm qapını arxamca bərk örtdüm…

Uğurun bir addımlığında olarkən, sanki hadisələr yuxudakı kimi cərəyan etməyə başlayır. Əlini ona uzadırsan, lakin toxuna bilmirsən. Sən ona yaxınlaşdıqca, o, səndən daha da uzaqlaşır. Zivər xanımla baş tutmayan söhbətim də eyni ilə buna bənzəyirdi. Məsələ burasındadır ki, qadının söylədiklərində çox müəmmalı bir nüans vardı. “Zamanında mən Mahirəni xilas etməyə cəhd göstərdim, amma alınmadı.” Görəsən qadın nə bilir və o, Mahirəni necə xilas etməyə cəhd göstəribmiş?!

Beynimi qarışdıran bu suallar, evə gedərkən, yolboyu mənə rahatlıq vermədi. Hətta gecəni də demək olar ki, yatmaq asan olmadı. Zivər xanımın dedikləri, bəlkə də demədikləri bağlı düşüncə sandığının açarını oğurlamış, onun kobud davranışı isə, gözümün önündə sanki bir pərdə kimi asılaraq, qarşını görməyə imkan vermirdi. Lakin mən nədənsə, bir ucu uğura bağlanmış ipin digər ucunun nə vaxtsa ayağıma dolaşacağına qəlbən inanırdım və doğru cığırda olduğumu güman edirdim. Maneələr məni məhvetmə gücünə qadir olsalar belə, mən bu yolun sonuna çatmaqda qərarlı idim…

 

 

IX

 

…Ertəsi gün adəti üzrə küt bir başağrısı ilə yuxudan oyandım. Murad hələ də yatırdı. Dünən baş verən hadisələri anama danışmaq istəsəm də, onu da evdə tapmadım. Hamam otağına keçib yuyunduqdan sonra, mətbəxə daxil oldum. “Kaş ki, anamın bizə göstərdiyi bu qayğının heç olmasa yarısını, gələcək həyat yoldaşımdan da görə biləydim” – deyə gülümsəyərək, süfrəsi hazırlanmış masanın arxasına keçdim. Yarım saat sonra ev telefonu ilə Səbuhigilin evinə zəng etsəm də, dostumun həyat yoldaşı Rəvanə, Səbuhinin evdə olmadığını dedi. Vaxt itirmədən kənd yoluna çıxdım və qarşıma çıxacaq ilk avtomobili gözləməyə başladım. Ağ rəngli “Jiquli” uzaqdan mənə doğru yaxınlaşanda, ilk öncə diqqətimi cəlb edəcək bir hal yaşanmadı və yaxınlaşan avtomobil düz qarşımda dayandı.

– Rəvanə dedi ki, zəng vurub məni axtarmısan. – mən maşına əyləşərkən, Səbuhi onu yenidən işə saldı – O, dəstəyi yerinə qoyan kimi, mən evə girdim. Dərhal sizin evə zəng elədim, amma cavab verən olmadı.

– Tənbəl Murad… – deyib gülümsədim – Tənbəllikdə məni keçib…

– Murad evdə idi?

– Hə, yatırdı… Yüz faiz telefon zəngini eşidib, amma qalxmayıb.

– Elə sən də onun tayısan. O qədər olub ki, dərsə gedəndə qapınızı döymüşəm, – Səbuhi mənə baxmadan danışırdı – amma Elmira xala deyib ki, “Oğlum tək get, Nicatı yuxudan qaldıra bilmədim.”

– Çox olub, hə? – gülərək dostuma baxdım.

– Çox… Həddindən artıq çox…

– Düz deyirsən… Bu, mənim ən pis xüsusiyyətim idi. Məni universitet dəyişdi.

– Dəyişdi? – Səbuhi qəhqəhə çəkdi – Necə? Bir anda möcüzə baş verdi?

– Yox, möcüzə niyə?! – çiynimi çəkdim – Məktəblə universitet bir deyil, axı… Universitet insandan daha çox məsuliyyət tələb edir. Məktəb təhsili də çox vacibdir, amma fərq az deyil.

– Hə, haqlısan. Biz hara gedirik? – Səbuhi qəfilfən söhbəti dəyişdi.

– T. kəndinə… – dostumun üzünə baxdım. Onun əhvalı dəyişmişdi. “Lənət şeytana, axı niyə mən onunla universitet haqda danışdım?!” – deyə özümü danladım.

Səbuhi atasını həyatının ən pis çağında itirmişdi. Əlləddin dayı vəfat edəndə, Səbuhi onuncu sinifdə oxuyurdu. Hər ikimiz atasız idik, amma mənim anam işləyirdi deyə, ailəmizi saxlamağa və məni oxutmağa gücü çatırdı. Səbuhinin anası Xavər xala isə təhsilsiz qadın idi, həm də o zamanlar onun da səhhətində problemləri vardı. Ona görə də ailənin yükünü Səbuhi çəkməli olduğundan, təhsildən yayınmağa məcbur olmuşdu.

– Kişinin ali-təhsil alması o qədər də vacib deyil. – əlimi dostumun çiyninə qoydum – Kişi pul qazanmağı bacarmalıdı. Sənin kimi… Bilirəm, indi soruşacaqsan ki, bəs, əgər işləmək vacibdirsə, onda özün niyə işsizsən?! Mən tələsməyə bilərəm. Mənim bacım yoxdur, Səbuhi… Sən özün təhsil almadın, amma Ayşən bu gün universitetdə sənin köməkliyinlə oxuyur. Bunu hamımız bilirik… Qadının ali-təhsil alması daha vacibdir. Sən də bütün bunları bacın üçün etmisən. Fədakarlıq insandan daha çox güc tələb edir, nəinki şəxsi uğurun üçün çalışıb-vuruşmağın…

Səbuhi bircə dəfə çevrilib üzümə baxdı, amma heç nə demədi. Deyəsən sözlərimlə onu inandırıb, könlünü ala bilmişdim. Bəlkə o, özü də indiyədək bunun fərqinə varmamışdı, amma mənim dediklərimdə doğrudan da həqiqət vardı. Onun bacısı Ayşən üçün etdikləri danılmaz idi…

Yolboyu son günlər yaşadıqlarımı Səbuhiyə danışarkən, vaxtın necə gəlib keçdiyini hiss etmədim. Minarə xanımgilin mənzilinə çatanda, dostum məni gözləyəcəyini dedi. Elə mənim də istədiyim bu idi, çünki bu gün MirHəmidin yanına getməyi planlaşdırırdım. Amma ilk öncə Mahirənin ailəsi ilə əlaqə saxlamağa cəhd göstərməli idim.

– Dostunuz niyə evə gəlmədi? – Minarə xanım qonaq otağına keçərkən soruşdu – Axı, ayıbdır…

– Belə yaxşıdır… Mən özüm də burada çox qalmayacam. Bir azdan çıxıram. Siz zəhmət olmasa, Mahirənin fotoşəklini və telefon kitabçanızı mənə gətirin.

– Bu dəqiqə… – o, cəld şəkildə çevrildi – Kitabçanı verərəm, şəkli isə gərək axtaram…

Qadın evin telefon kitabçasını qarşıma qoyub, dəhlizə keçdi. Mən isə Mahirənin ata evinin nömrəsini asanlıqla tapdım. Mobil telefonumu çıxarıb, nömrəni yığmağa başladım, amma uzun müddət zəng getməsinə baxmayaraq, dəstəyin əks tərəfindən səs gəlmədi. Cəld şəkildə dəftərçəni yenidən vərəqləməyə başladım. Məqsədim oxşar bir telefon nömrəsi tapmaq idi. Az keçmədi ki, istəyimə çatdım. “Sənubər” adı qarşısında yazılan nömrə, Mahirənin ata evinin nömrəsindən son iki rəqəmi ilə fərqlənirdi. “Hər halda qonşu evdir” – deyə düşünərək, nömrəyə zəng etdim.

–  Alo… – incəsəsli bir qız ehtiyatla cavab verdi – Eşidirəm…

–  Alo, salam. – qalın səs tonu ilə dedim – Bağışlayın, sizi rayon “ATS”-indən narahat edirik.

–  Buyurun…

– Xanım, “Telefon qovşağı”nda qeydiyyat siyahısının yenilənməsi ilə əlaqədar olaraq,  abonentlərin ünvanını yenidən yaddaşa salırıq. Zəhmət olmazsa, ünvanınızı dəqiqliklə söyləyərdiniz.

– Bir dəqiqə… – qız dəstəyi kiməsə ötürdü və elə həmin an, əks tərəfdən dolğun yaşlı bir qadın səsi eşidildi.

– Buyurun, nə lazımdır?

Mən az öncəki yalanımı bir daha təkrarlayası oldum və otağa daxil olan Minarə xanımın artıq səs çıxarmamasını bildirərək, barmağımı dodaqlarıma söykədim. Dəstəyin o başından eşitdiklərimi bloknotuma qeyd edəndə, gözucu Minarə xanıma baxdım. Qadın təəccüblə gözlərini mənə zilləmişdi.

– O, kim idi? – telefon danışığımı bitirərkən, qadın əlindəki şəkli qarşıma qoydu – Siz nə danışırdınız?

– Yalan… – gülümsəyərək, Mahirənin şəklini götürüb, cibimə qoydum – Mən getməliyəm. Lazım olsa, buraya qayıdacam. Çalışın, evdə olun…

Qadın sadəcə başını tərpətdi və mən evdən çıxdım. Səbuhi “Jiquli”ni yolun kənarına vermişdi. Yaxınlaşıb maşının qapısını açarkən, dostum birdən dik atıldı.

– Ohoo… Mənə lağ edənə bax… – gülərək dedim – Bu nə vaxtın yatmağıdı?

– Gecə heç gözümü də yuma bilməmişəm… – Səbuhi başını silkələdi – Sən gedəndən sonra, dincəlmək üçün gözlərimi yumdum. Qəfildən yuxuya getmişəm.

– Əgər yorğunsansa, qayıt evə. Mən başqa maşın tapa bilərəm…

– Ehtiyac yoxdur… Əsas gözümü aldatmaq idi, ona da vaxt tapdım. – dostum mühərriki işə salıb, üzümə baxdı – Evə gedirik?

– Yox, S. kəndinə…

MirHəmidin daxması və evin qorxunc aurası onun özünün davranış və zəhmli siması ilə müqayisədə daha çox vahiməli görünürdü. Mənə bələdçilik edən bir qadının arxasınca otaqları keçəndə, ətrafa nəzər saldım. Evdə daha çox qara rəngə üstünlük verilmişdi. Hətta soyuducunun üzərində belə, qara rəngli örtük vardı. Müxtəlif rənglərdə olan pərdənin üzərindəki qara naxışlar da diqqətimdən yayınmadı. Qadın lazımi qapının qarşısında dayanıb, başı ilə içəriyə işarə edəndə, bu dəfə də divardakı çərçivəyə salınmış şəkil gözümə sataşdı. Şəkildə qara rəngdən başqa heç nə təsvir olunmamışdı. Qapının dəstəyini burub onu açanda, artıq bayaqkı qadın otaqda deyildi. Üzərimdə hiss etdiyim ağır bir yük, MirHəmidin simasını görənədək mənə əziyyət verdi. Kişinin mənfi aurada qərarlaşmasına baxmayaraq, zəhmli sifətində həm də müəmmalı bir nur vardı. Görücünün altmış yaşı ancaq olardı. Qısasaqqallı, ortaboylu və bir qədər ağır davranışlı biri idi. Sifətindəki qırışlar daha çox gözünün ətrafında görünürdü. Beli nəzərə çarpacaq dərəcədə bükülmüş, başının fəslə örtülən hissəsində isə, saç qalmamışdı. Mən otağa daxil olanda o, sol küncdəki divanın üzərində əyləşib, çaydandan özünə çay süzürdü. Məni görcək, eynəyinin altından üzümə baxdı və başdan-ayağa məni süzdü. Titrəyən əli ilə, çaydanı ehtiyatla yanındakı elektrik qızdırıcısının üzərinə qoydu və masanın üzərindəki kiçik güzgünü mənə tərəf çevirdi.

– Eşidirəm, oğlum… – xırıltılı səslə dedi – Keç əyləş…

– Çox sağ olun. – deyə onun işarə etdiyi qoltuqda kişi ilə üzbəüz oturdum – Dayı, ümid edirəm ki, sizi narahat etmirəm…

– Dayı?! – görücü birdən üzümə baxıb, güldü – Deməli, dayı… Mənə hələ heç kim belə müraciət etməmişdi.

– Üzr istəyirəm, nə isə pis bir şey dedim ki?

– Yox, sadəcə son vaxtlarda ilk dəfə idi ki, bu müraciəti eşidirdim… – qarşısındakı çaydan bir qurtum alıb, onu yenidən nəlbəkinin içinə qoydu – Mənə sadəcə MirHəmid deyə bilərsən… Gəlişinin səbəbini de… Sənə nə lazımdır?

Ömrü boyu bu cür fəndlərə və bu cür cəfəngiyyata iynənin ucu boyda da inanmamışam. Bu gün MirHəmidin yanında olmağım da, işimi onun proqnozu ilə yüngülləşdirmək istəyimdən irəli gəlmirdi. Sadəcə mənim ehtimalıma görə, MirHəmid bu qarışıq oyunda əsas və mərhum obrazlardan hər ikisi ilə ünsiyyətdə olubsa, deməli görücünün bu məsələyə aidiyyatı olduğunu asanlıqla təxmin etmək olardı. Mənə sadəcə onun deyəcəkləri və daha çox göstərəcəyi reaksiyası önəmli idi. Odur ki, kişinin sualına artıq bir cavab verməyərək, cibimdəki şəkli çıxarıb, masanın üzərinə qoyaraq, əlimlə görücüyə tərəf sürüşdürdüm. MirHəmid şəkli əlinə alan vaxt, simasında heç bir dəyişiklik və ya onun ifşa olunmasına səbəb ola biləcək heç bir qeyri-adi davranış nəzərə çarpmadı.

– Gözəl qadındır… – görücü şəkli masanın üzərinə qoydu – Nəyisən?

– Dayısı oğlu… – deyə yalan danışmağa məcbur oldum – Bibim qızı xeyli vaxtdır itgin düşüb, heç bir xəbər də yoxdur. Mənə sadəcə onun sağ olub, olmaması haqda məlumat verin.

– Adı, soyadı?!

– Təhməzova Mahirə…

MirHəmid yanındakı qara rəngli örtüyü şəklin üzərinə sərdi və masanın üstündəki qurumuş əncir yarpağını örtüyün üzərinə qoyub, eynəyini çıxararaq, gözlərini yumdu. Bir qədər sonra isə, sol əlini yarpağa yaxınlaşdırıb, ona ehmalla toxundu. İki-üç dəqiqə davam edən bu prosesin ardından, görücü şəkli çıxarıb masanın üzərinə qoydu və otağa girdiyim vaxt mənə tərəf çevirdiyi güzgünü yenidən əvvəlki vəziyyətinə qaytardı.

– Eşidirəm. – şəkli yenidən cibimə qoydum – Nə gördünüz?

– Qaranlıq… Başqa heç nə…

– Bu nə deməkdir?

– Bu, elə o deməkdir… Gözünü yum, sən də qaranlıq görəcəksən…

– Axı, bizim gördüyümüz qaranlıqlarda fərq olmalıdır?!

– Doğrudur, amma mən hiss edirəm ki, sən mənim gördüyüm fərqli qaranlığın həqiqiliyinə inanan insan deyilsən.

– Niyə belə düşünürsünüz? Mən sizə inanmasaydım, qapınızı niyə döyürdüm?!

– Elə mən də bunu demək istəyirəm. Bura niyə gəlmisən?

– Bibim qızı yaşayır?

– Yaşayır. Buna əmin ola bilərsən… İndi isə, otaqdan çıx!

– Necə məsləhətdir… – ayağa qalxıb, əlimi cibimə saldım – Təsadüfə baxın ki, mənim də burada çox qalmaq niyyətim yox idi. Nə qədər borcum var?

– Çox…

– Nə qədər?

– “Həqiqət” anlayışının böyüklüyü qədər… – kişi diqqətlə gözlərimin içinə baxdı – Mənə sənin pulun lazım deyil. Gedə bilərsən!

Əlavə bir kəlmə söyləmədən, otaqdan çıxdım. Qapını örtərkən, gözucu MirHəmidə baxdım və gördüklərim məni az da olsa heyrətləndirdi. Bəlkə də gözümə belə görünmüşdü, amma bayaqkı nurlu simadan əsər-əlamət belə qalmamışdı. Bu anda ağlımdan ancaq bir şey keçirdi: Uzaqlaşmaq… Bu vahiməli evdən və bu qəribə tipdən uzaqlaşmaq…

Səbuhi mənim dəyişən əhvalımı görüb, yolboyu nə baş verdiyini söyləməyimi xahiş etsə də, mən bu haqda danışmaq istəmədim. Fikrimdə çox qarışıq düşüncələr vardı və düyünlənən iplər əksinə dartılırmış kimi, sanki o düyün də getdikcə daha da sıxlaşırdı. Tez bir zamanda evə çatmaq istəyirdim. Vaxt məhdud olduğu üçün, plana uyğun davranmaq lazım gəlirdi. Ancaq maneələri aşmaqda çəkəcəyim çətinliklərin çoxluğu indidən içimi gəmirməyə başlamışdı. “Olanları Elmira xanıma danışsam, çox heyrətlənəcək” – deyə düşündüm, amma maraqlı idi ki, hələ dünən bu işlə dərindən məşğul olmağımın əleyhinə olub, mənim qonşu kəndə getməyimə güclə razılaşan anam, bu gün bu məsələ ilə əlaqədar Bakıya yola düşəcəyimi eşitsə, nə deyəcək?!

 

 

X

 

…Heç nə demədi. Çünki mən, bəlkə də həyatımda ilk dəfə anama yalan danışmağa məcbur olmuşdum. Odur ki, ağlıma gələn ilk qrup yoldaşımın adını çəkərək, onun məni doğum gününə dəvət etdiyini deyəndə, anam heç bir söz söyləməyib, bu xəbəri sakitliklə qarşıladı və mən vaxt itirmədən evdən ayrılıb, ilk avtobusla Bakıya yola düşdüm. Bütün yolboyu növbəti uğurun izində olduğumu xəyal edərək, bu günlər ərzində baş verən hadisələri analiz edib, müəyyən bir nəticəyə gəlməyə can atırdım, amma etiraf etməyə məcbur idim ki, bu, hüquq fakültəsinin üçüncü kurs tələbəsi üçün, ilk müstəqil iş kimi o qədər də asan deyildi. Elə ona görə də, hər an səhv edə biləcəyimi dərk edir və ruhdan düşməmək üçün, Tanrıya dua edərək, məni doğru yoldan çıxarmamasını diləyirdim və nədənsə sevincdolu həvəs hissini daxilən duyaraq, axır-əvvəl düyünü aça biləcək həmin vasitənin əlimə keçəcəyinə qəlbən inanırdım.

Minarə xanımın mənə ünvanladığı sualını isə, hafizəmdən silib ata bilmirdim. Qadın haqlı olaraq, “…üç gündən sonra növbə mənimdirmi?” – deyə, məni çıxılmaz vəziyyətə salmağı bacarmışdı.

Artıq iki gün qalırdı… Bu günü hesaba almayıb, daha dəqiq olsaq, bir gün… Çünki, Nigarla Nəriman hər ikisi iyul ayının 22-dən 23-nə keçən gecə vəfat etmişdi. Görəsən, burada nə bağlılıq var idi?! Yoxsa doğrudanmı söhbət hansısa bir ruhdan və ya əcinnədən gedir?! Yox, bu belə deyil. Axı, Mahirənin sağ olduğunu təsdiqləyə biləcək bir sıra dəlillərə rast gəldim. Demək, belə çıxır ki, ilk şübhəli şəxs Mahirə özüdür. Bəli, bəli Mahirə… Hər şey də uyğun gəlir. Tutaq ki, Mahirə itgin düşməzdən əvvəl, Bakıya, anasını görməyə gedir. Nərimanın elanda qeyd etdiklərini nəzərə alsaq, anlamaq olur ki, Mahirə ərinin xəbərdar olduğu şəraitdə evdən ayrılıb. Əks halda, Nəriman qadının əynində olan paltarını və onun saat neçədə evdən ayrıldığını xatırlamazdı. Minarə mənə söyləmişdi ki, Nəriman onun heç yerə tək getməsinə icazə verməzmiş. Hər halda Mahirə inadkarlıq göstərib və bu vaxt da, Nəriman onunla kobud rəftar edib. Lalə bildirmişdi ki, anam evdən getməmişdən əvvəl, atamla dalaşmışdı. Demək, hər şey bu cür baş verib. Mahirə Bakıya yola düşür, lakin müəyyən səbəblərdən kəndə qayıda bilmir. Axı, onun səhhətində bəzi problemləri vardı… Odur ki, hər yeri axtaran Nəriman, bir müddət sonra Minarə ilə ailə qurur. Məhz bu ərəfədə kəndə qayıdan Mahirə də, həyat yoldaşının ailə qurduğunu görüb, onda qisas almağı planlaşdırır. İlk öncə, itgin düşən vaxt əynində olan paltarın bir hissəsini cırıb, meşəyə atır ki, daha hamı onun itgin düşdüyünü yox, öldüyünü düşünsün. Doğrudan da belə olur və Mahirə bizim izinə düşərək aşkar etdiyimiz sıxınacaqda gizlənir. Lakin suların durulduğunu zənn edərkən, qəfildən onun planını meşəbəyi Salman kişi pozur. Meşəbəyinin oğlunun mənə dedikləri dəqiq yadımdadır. O, demişdi ki, atam o əski parçasını tapandan üç-dörd gün sonra meşədə üzərinə ağac düşdü. Süleymanın dediyinə inansaq, bu vaxt ərzində, Salman kişi Mahirənin cəsədini də axtarmağa cəhd edibmiş. Bu isə, qadının xeyirinə deyildi, çünki meşəbəyi hər an onun gizləndiyi sığınacağı aşkar edə bilərdi. Bundan ehtiyatlanan Mahirə də, Salman kişini aradan götürmək istəyir. Bunu bacarmadığını görəndə də, gecə ikən meşəbəyinin evinə oğru obrazında girərək, yarım qalmış işini tamamlamağa cəhd edir, ancaq bu dəfə də alınmır. Şübhəli şəxsin Mahirə olduğunu təsdiqləyən daha bir sübut da məhz, sığınacaqda tapdığımız, üzərində çiyələk şəkli olan fincandır. Minarə xanım o fincanı görəndə, daha da qətiyyətlə Mahirənin sağ olduğunu təsdiqləmişdi. Bəs, görəsən Mahirə itgin düşəndən sonra, evdən özü ilə o fincanı götürməyi necə bacarmışdı?! Xeyr axı, Minarə demişdi ki, mən evə gələndə artıq fincanlardan biri yox idi. Belə çıxır ki, Mahirə düşünülmüş şəkildə bu addımı atmış və bəzi əşyalarla birlikdə evdən məqsədli şəkildə ayrılmışdı. Tutaq ki, belə olmuşdu, ancaq nə səbəbə?! Qadın niyə ailəsindən üz döndərmişdi?! Niyə bu cür cinayətlərə qol qoymuşdu?! Bunun səbəbinin nə olduğunu zənn etmək belə çox çətindir, həm də lunatizm və epileptika xəstəsi olan Mahirənin və ümumiyyətlə hər hansısa bir qadının bu həddə olan qəddarlığını və bu cür fövqəladə şəkildə ola biləcək gücünü xəyal etmək belə inandırıcı deyil. Bəlkə də, qadını Nəriman evdən qovmuşdu?! Bu, daha inandırıcı fərziyyədir. Nərimanın başqa biri ilə ailə qurması da, qadının bu cür qisasına yol aça biləcək ən mühim faktdır. Belə olan halda, Mahirə ancaq sifarişçi qiyafəsindədir. Əsas obraz isə, məhz naməlum icraçınındır.

İcraçı söyləyərkən, ağıla gələn ilk ad, növbəti şübhəli şəxs olan, qeyri-adi bacarığın sahibi MirHəmiddir… Minarə xanım demişdi ki, bu qəribə tipin hər qəbulunda olanda, ona yüz min manat pul ödəyirlərmiş. Loru dil ilə desək, “on şirvan”… Bu isə, mövcud zaman üçün heç də kiçik məbləğ deyildi. Beləliklə, MirHəmid köməksiz və avam insanları tələyə salıb, “ölüm qoxusu” adında bir yalan uyduraraq, qurbanlarını özünə inandırmağa müvəffəq olur, sonra da onları məhv edir və yalnız pul, şöhrət üçün bu qədər risk etməyi gözə alır… Yox, əgər o icraçıdırsa, deməli eyni zamanda Mahirə ilə də əlbirdir. Ancaq bir şeyi də nəzərə almaq lazımdır. O, Mahirənin fotoşəklini görərkən, özünü itirmədi, çox soyuqqanlı davrandı və eyni zamanda da qadının sağ olduğunu söyləyərək, məndən əmin olmağımı istədi. Əgər o, yoldaşının izini itirməyə cəhd göstərsəydi, Mahirənin artıq öldüyünü söyləməli idi. O isə, əksinə məni əmin etdi ki, o, sağdır. Yenə də bütün bu faktlara baxmayaraq, MirHəmid əsas şübhəlilər siyahısındadır.

Bəs, daha kimin bu hadisədə əli ola bilər? Daha kimi Mahirə ilə işbirliyində ittiham etmək mümkündür? Bəli, daha bir şəxs var… Axı, mən onu niyə unutmuşam?! Bu, Minarə xanımın keçmiş həyat yoldaşı Faiqdir. Minarə xanım demişdi ki, onlar, övladları dünyaya gəlmədiyindən, Nərimanla ailə qurmamışdan altı il əvvəl ayrılıblarmış. Minarənin Nərimana ərə getməsi və üstəlik Nigar adlı qızının dünyaya gəlməsi, qadının ilk həyat yoldaşı Faiqi psixoloji cəhətdən sarsıda bilərdi. Təbii ki, kişilərə məxsus aşırı həddə olan qısqanclıq hissi, həmin duyğu sahibini istənilən cinayətə sürükləməyə qadirdir. Ancaq, yenə də ortada, bu faktı da inkar edə biləcək bir nüans var. Nəriman Minarə xanımla ailə qurandan dərhal sonra, artıq həyətdən gələn bəzi səsləri eşitmişdi. Mahirənin sifarişçi olduğunu zənn etsək, qadının bu qısa vaxtda Faiqlə və ya başqa biri ilə kontakta girməsi isə o qədər də inandırıcı deyil. Demək, qatil olmasa belə, Nərimanı qorxudan şəxs, elə Mahirənin özü olub. Bu, artıq dəqiqdir… İndi isə qatilin kim olduğunu araşdırmaq lazımdır, lakin belə görünür ki, bu məsələyə nöqtə qoymağa imkan verməyəcək vergüllər həddindən artıq çoxdur. Sanki hamı günahkardır və eyni zamanda da heç kimi təqsirləndirmək mümkün deyil. Elə bil hər kəsin bu labirintdən çıxa biləcək məchul bir yolu var və mən bu çıxışlardan xəbərsizəm. Hər nə olursa olsun, bu cavabsız suallar mənim qarşımda sədd olma gücünə malik deyillər və mən həvəsimi yaşadaraq, onların hər birinə cavab tapmaq iqtidarındayam. Odur ki, ani bir şübhədən belə yan keçmək olmaz. Bəzən gözümüzün qarşısında olanı, çevrilib arxada axtardığımızdan, bu zaman istəyimizə də üz çevirmiş oluruq. Bu dəfə isə, adi bir səhv, ehtiyatsızlıq və ya düşüncəsizlik sonradan birləşərək böyük bir peşimançılığa çevrilə bilər. Ona görə də, kəndə qayıdan kimi ilk işim Faiqlə görüşmək olacaq…

Beynimi əsir alan və biri-birini təkzib edən bu düşüncələr məni, saatların necə keçdiyinin fərqinə vardırmadı. Axşam artıq Bakıda idim. Qısa zaman ərzində, Mahirənin ata evinin ünvanını asanlıqla tapdım. Qarşıma ilk çıxan orta yaşlı bir kişidən Pənah kişinin harada yaşadığını soruşdum, o isə bir qədər tərəddüdlə mənə ünvanı söylədi. Hər şeyi doğru təxmin etmişdim. Mahirənin ata evi məhz bu küçədə yerləşirdi. Tünd göy rəngli darvazaya yaxınlaşıb, qapını döyməyə başladım, amma cavab verən olmadı. Elə bu vaxt arxamda bir kişi səsi eşitdim.

– Sizə kim lazımdır?

Çevrilib baxdım. Qarşımda əlli-əlli beş yaşlı bir şəxs dayanmışdı. İlk öncə nə cavab verəcəyimi bilmədim, çünki artıq Mahirənin ata evinin boş olduğunu anlamışdım.

– Sənubər xanımgil burada yaşamır? – deyə soruşdum və deyəsən hədəfi dəqiq vurdum. Kişi mənim sualımı eşitcək, artıq buralarda yad biri olmadığımı anladı və üzünün sərt cizgiləri bir anda mülayimləşdi.

– Yox, burada yaşamır… – əli ilə digər qapıya işarə etdi – Onların evi odur.

Vaxt itirmədən bu naməlum adama təşəkkür edib, yolumu qonşu evin qapısına tərəf saldım. Mənə bu küçənin ünvanını məhz bu mənzildən vermişdilər. Hər halda bu evin telefon nömrəsini Mahirə dəftərçəsinə qeyd edərək özü ilə aparmışdısa, böyük ehtimalla bu mənzil heç də yad ünvan deyildi.

Qapını bir qədər gec açdılar. İlk öncə əks tərəfdən kim olduğum soruşuldu və mən bu səsi dərhal tanıdım. Bu, mənimlə ilk olaraq telefonda danışan həmin gənc qızın səsi idi.

– Buyurun… – qız qapını yarıqapalı şəkildə saxlayıb mənə baxdı – Kim lazımdır?

– Sənubər xanım burada yaşayır?

– Bəli.

– Evdədir?

– Yox.

– Gec gələr?

– Sabah səhər gələcək. Gecə növbəsindədir. Siz kimsiniz ki?

“Lənət şeytana, bu nə uğursuzluqdur?! Niyə axı həmişə nə isə qarşımı kəsməyə müvəffəq olur?! İndi mən, bu cılız qızdan nə öyrənə bilərəm ki?!” – deyə təəssüflə düşündüm.

– Mən, cinayət işləri üzrə ekspertəm. – əlacsız şəkildə bir qədər qapıya yaxınlaşdım – Mütləq Sənubər xanımla danışmalıyam.

– Başa düşmədim, – qız bir qədər çəkindi – sizin mənim anamla nə işiniz ola bilər ki?

– Yox, qorxmayın xanım. Ananızla əlaqəli olan bir iş deyil. Sadəcə bəzi suallarım var idi.

– Axı, nə ilə bağlı?! Mən də sizdən, elə onu soruşuram…

– Qonşunuz… – bir qədər susub, asta səslə əlavə etdim – Daha doğrusu, keçmiş qonşunuz Mahirə ilə bağlı…

– Mahirə bacı haqqında? – qız təəccüblə gözlərini mənə zillədi – Nə olub ki?

– Siz onun başına gələnlərdən bixəbərsiniz?

– Yox, hər şeyi bilirəm. O vaxt onun axtarışı zamanı, bizdən də ifadə almışdılar…

– Bəs, onda niyə bu qədər təəccübləndiniz?

– Axı, biz bildiyimizə görə Mahirə bacı ölüb…

– Bu söhbəti davam etməyimiz üçün, bura o qədər də münasib yer deyil.

– Bilirəm, – qız narahat oldu – amma inciməyin. Sizi evə dəvət edə bilmərəm.

– Anladım. Yəqin təksiniz.

– Bəli…

– Təəssüf… Çox istərdim ki, ananızla danışım.

– Onda sabah gəlin. Anam evdə olacaq.

– Mənim çox az vaxtım var. Bu gün qayıtmalıyam.

– Əslində mən də sizə kömək edə bilərəm. – o, sevincək halda ilk dəfə qapını üzümə tam şəkildə açdı – Bu küçənin sağ tərəfindən avtomobil yoluna tərəf gedin, qarşınıza yanacaqdoldur­ma məntəqəsi çıxacaq. Onun yanında gözləyin, mən də gəlirəm.

Qız bunu söyləyib, qapını örtdü. Mən isə üzümü çevirərkən, onun qaçaraq evə girməsini aydınca eşitdim. Yanacaqdoldurma məntəqəsi həmin ünvandan on beş dəqiqəlik məsafədə idi. Yarım saat vaxt itirdikdən sonra, nəhayət, qızın əks tərəfdəki aptekin qarşısından məni əl işarəsi ilə çağırdığını gördüb, ona tərəf getdim.

– Qonşumuz da mənimlə gəlirdi deyə, sizə yaxınlaşa bilmədim… – qız gülümsəyərək saçını çiyninə atdı – Biz məntəqənin arxa tərəfindən keçdik. Ona görə, bizi görmədiniz. Qonşumuzu yola salana qədər də, dayanacaqda vaxt itirdim. Çox gözlətmədim ki?

– Yox, narahat olmayın…

Qızın mənə dedikləri, sadəcə gecikməsinə səbəb olaraq söylədiyi adi yalanlardan idi, çünki mən onun simasına baxarkən hər şeyi anlamışdım. O, üz-gözünü bəzəmək üçün o qədər də az vaxt sərf etməmişdi…

– Buralar çox gözəldir… – yaxınlıqdakı parkın girəcəyində dedim – Deyəsən, görüş təyin etməkdə təcrübəniz az deyil?!

– Mən sizlə görüş təyin etmədim. – o, bir qədər incidi – Sadəcə köməyə ehtiyacınız olduğunu gördüm. İstəsəniz gedə də bilərəm. Nə mən sizi tanıyıram, nə də siz məni…

– Yox, getmək lazım deyil. Adınız nədir?

– Ləman.

– Artıq, mən sizi tanıyıram. – gülümsəyərək skamyada əyləşdim – Mənim də adım Nicatdır. Gəlin, əyləşin…

– Doğrudan, siz bizim ailəni hardan tanıyırsız? – qız yanımda oturdu – Anamı, ünvanımızı…?

– Bu gün səhər sizə “Telefon qovşağı”ndan zəng edib, ünvan istəmişdilər?

– Anladım… – Ləman gülərək, özünü skamyanın söykənəcəyinə atdı – Axı, bu cür vacib məsələlərdə sizin digər qurumların yardımından istifadə etmək hüququnuz var. Ya da yəqin ki, “ATS”də tanışınız işləyir. Düzdür?

– Xeyr, – gülümsəyərək mobil telefonumu çıxardım – özüm zəng etmişdim. Bağışlayın, amma yalan danışmağa məcbur idim.

– Niyə ki?

– Birbaşa ünvan istəyə, ya da telefondaca Mahirədən bəhs edə bilməzdim. Bəlkə siz mənə qarşı gəlib, ünvan verməkdən imtina edəcəkdiniz?!

– O da düzdür, – qız qollarını sinəsində çarpazladı – amma onu deyim ki, heç də yaxşı iş görməmisiniz.

– Bilirəm…

Ləman etiraf edəcəyəmi gözləmədiyindən, bir anda çevrilib mənə baxdı. Onun çox gözəl və düzgün üz cizgiləri vardı. Doğrusu, bayaqdan ona heç fikir verməmişdim. Məsumluq onun badamı gözlərindən sanki yaş kimi axırdı. Dairəvi simasında da çox nadir hallarda rastlanan bir incəlik var idi. Qara, uzun saçları isə, üzünü gizlətmirdi. Xeyr bu, kosmetik vasitələrin əldə etmiş olduğu uğur yox, təbii gözəlliyə etdiyi kiçik bir yardımın məcmusundan başqa bir şey deyildi…

– Hava da qaralır. Nə soruşacaqdınızsa, tez soruşun! – qız qəfildən üzünü çevirdi, ancaq onun birüzə verməyə cəhd etdiyi bu narahatlıq, çox süni alındı…

 

 

XI

 

– Mən ona bacı deyirdim… – Ləmanın səsi titrəyirdi – Anam da onu çox sevərdi…

– Mahirənin öldüyünə inanırsınız? – bu sualım axşamın sükutlu qaranlığında kifayət qədər vahiməli səsləndi – Sadəcə fikrinizi deyin…

– Təbii ki… Mən eşitmişdim ki, meşədə onun meyitinin bir hissəsini tapıblar.

– Paltarının bir hissəsini… Meyiti hələ də tapılmayıb.

– Doğrudan? – qız təəccübləndi – Ola bilər. Mənə o vaxt kimsə elə demişdi.

– Kim?

– Dəqiq yadımda deyil, amma elə bir şey eşitmişdim. Hər halda anam demiş olar.

– Ananızla onun münasibəti necə idi? Çox yaxın idilər?

– O qədər də yox… Anam daha çox rəhmətlik Gülgəz xala ilə yaxın idi, amma Mahirə də elə həmişə onun yanında olardı. – Ləman sanki çətinliklə yaddaşını vərəqləyirdi – Pənah dayı öləndən sonra bu ailə sözün əsl mənasında başını itirdi. Çox çətinliklə dolanırdılar. Elə vaxtlar olurdu ki, evlərində bir quru çörək belə tapılmırdı. Ümumiyyətlə, çox problemli ailə idi.

– Anlayıram… Belə bir vəziyyətdə iki qadının ayaq üstə dayana bilməsi çox çətindir.

– Həm də, Gülgəz xala xəstə idi… O, rəhmətə gedəndən sonra Mahirə lap tək qaldı. Mahirin dərdi də yazıq arvadın ölümünü bir az tezləşdirdi.

– Mahir kimdir?

– Mahirənin qardaşı. – qız üzümə baxdı – Tanımırdınız?

– Yox…

– Laləni nə vaxt görmüsünüz? – qız gülümsəyərək soruşdu – O, anadan olanda Mahirə bizə zəng etmişdi. Demişdi ki, çox qəşəng uşaqdı.

– Elə dünən görmüşəm. Doğrudan da çox qəşəngdi…

– Təki, bəxti qəşəng olsun! Anasının taleyini yaşamasın.

– Amin! – deyib, bir qədər ara verdim – Mahir də Bakıda yaşayır?

– Deyəsən, hə… Əvvəlki işi Bakıda idi, amma indi harada yaşadığını bilmirəm. Bədbəxtçilik ondan da yan keçməmişdi. O, çox zəhmətkeş insan idi. Çörəyini əziyyətlə qazanırdı, amma bir gün onu şərlədilər. Həbsxanaya saldılar. Təbii ki, heç birimiz onun günahkar olduğuna inanmadıq. Onun bu vəziyyəti isə, daha çox Mahirəni narahat edirdi. O, qardaşına görə xəcalət çəkirdi, amma o vaxt onu vaxtından tez buraxdılar. O, ondan qisas alınacağını düşünsə də, günahsızlığı sübut olunmuşdu və əsl cinayətkar həbs edilmişdi. Elə birinci də bizə gəldi. Yadımdadır, həyətdə anamla söhbət etdilər. Sonra isə, getdi…

– Bu ailənin çox qəribə və acı yaşantıları var.

– Doğrudur. Problemləri həmişə başlarından yuxarı olub.

…Ləmanla parkdan çıxanda hava tamamilə qaralmışdı. Artıq bu vaxt kəndimizdə olmağı planlaşdırırdım, amma ayaqlarımı bu parkın döşəməsinə kilidləyən bir qüvvə var idi. Tərpənən hər saniyə əqrəbinin əleyhimə işlədiyini bilsəm də söhbəti, şirinliyini itirməyən saqqız kimi uzadırdım. Qız da etiraz etmirdi. İki dəqiqəlik ömrü olan müxtəlif mövzular biri-birini əvəzlədikcə, saatlar da biri-birinə calanırdı. Parkın giriş qapısı önündə, ayaq üstə itirdiyimiz  son yarım saat isə, görüşün elə son insan nəfəsi kimi ağır keçdi…

– Ümidvaram ki, istədiyiniz nəticəni əldə edə biləcəksiniz. – qız, vida əlaməti olaraq uzatdığı əlini hələ də buraxmamışdı – Sizə kömək edə bildimmi?

– Sizcə?

– Məncə, yox… Onsuz da mənim əlimdən xeyirli bir iş gəlmir. – deyib, ürəkdən güldü – Bunu qəbul edirəm.

– Çox cəsarətli fikirdir.

– Siz cəsarətli deyilsiniz ki?

– Özümü tərifləməyi sevmirəm…

– Amma artıq təriflədiniz.

– Ola bilər…

– Mən də, bu cəsarətli insanı tanımağıma məmnun oldum. – nəhayət o, əlini çəkdi – Görürəm ki, sizin adi bir görüşü bitirə biləcək təcrübəniz, mənim görüş təyin etməkdə qazandığım təcrübənin heç yarısı qədər də deyilmiş. – qız gülümsəyərək azacıq çevrildi – Çalışın, bir az da cəsarətli olun, Nicat bəy… Burada söhbəti uzadaraq, niyə artıq vaxt itirdiniz?! Siz tələsirdiniz, axı… Xudahafiz!

Bakıdan qayıdarkən, avtobusun pəncərəsindən çölə baxanda qaranlıq fonlu şüşədə, Ləmanı deyil, sanki məndən uzaqlaşarkən onun arxasınca baxdığım həmin o səhnəni görürdüm. Bəlkə də bu səbəbdən yolboyu gözümə yuxu getmədi və mən bu mənzərənin təsiri altında Bakıda açılan yeni səhifəni bir daha gözdən keçirməyə macal tapa bilmədim, lakin şəhərdən özümlə bərabər gətirdiyim qaranlıq bir məqam da var idi. Bəlkə də yersiz olaraq üzərində dayandığım və beynimdə vurnuxan bir sual: “Nəyə görə Ləman, meşədə Mahirənin meyitinin bir hissəsinin tapıldığını zənn etmişdi?!”

Gecə saatlarında artıq kəndimizdə idim. Evimiz gecələr nədənsə gözümə çox kiçik görünürdü. Mən bunun səbəbini hələ də anlaya bilməmişdim. Sanki giriş qapımızın və həyətimizin ölçüsü də hava qaraldıqca kiçilirdi. Bu mütənasiblik nə üçün öz qeyri-real mövcudluğunu hər dəfə mənə isbat etməyi bacarırdı?! Hər gecə qapıdan içəri daxil olarkən, beynimdən külək kimi keçən son fikir də məhz bu olurdu.

Elmira xanımla Muradın yatdığını görüb, sakitcə mətbəxə keçdim və özüm üçün kiçik bir süfrə açdım. Beynim həmin an o qədər yüklü idi ki, heç indi də həmin axşam nə yediyimi xatırlamıram. Ancaq, yeməkdən sonra, qonaq otağına keçib, buxarının yanındakı qoltuqda əyləşərək çay içməyim və gecənin bu vaxtı Səbuhiyə zəng etdiyim dəqiq yadımdadır. Əhatəmdə dolanan yorğunluq, yuxunu əynimə paltar kimi geydirirdi. Nə isə düşünməyin belə əhəmiyyəti qalmamışdı. Amma otağın sakit qaranlığında, anladığım və qəbul etdiyim bir həqiqət var idi: Sabah hər şeyə son qoyulacaqdı…

Elə həmin sabah, anamın səsi ilə evimizə doldu.

– Burada niyə yatmısan? – məni oyatdıqdan sonra, yanımdakı qoltuqda əyləşdi – Gecə gec gəldin?

– Hə… Siz yatırdınız. – üzərimdəki örtüyü kənara atdım – Oyatmaq istəmədim.

– Kaş, oyadaydın, süfrəni sənə özüm açardım. Mətbəxi yaman günə salmısan. – anam gülümsədi – Qalx ayağa. Səbuhi gəlib. Həyətdə səni gözləyir. Deyir gecə zəng vurub demisən ki, səhər saat onda bizdə ol.

Səbuhiyə zəng etdiyimi xatırladım, amma onunla nə haqqında danışdığımı, yaddaşımla köhnə sandıq kimi davransam da, xatırlaya bilmədim. Anam “Bakı yalanımı” sakitliklə qəbul etsə də, nədənsə doğum günü haqqında bir kəlmə belə soruşmadı. Odur ki, yuyunduqdan sonra, bir stəkan da çay içib, olanları anama danışmağa macal tapmadan, evdən çıxdım.

Səbuhi gecə baş tutmuş dialoqumuzu mənə danışanda, gülməkdən özümü saxlaya bilmirdim.

– Hələ telefonu qapatmamışdan əvvəl dedin ki, – dostum gülərək üzümə baxdı – dedin ki, Səbuhi, Mahirəni tapmışam. Səhər vaxtında bizə gəlsən, səni onunla tanış edəcəm.

Bu sözüm yadıma düşdü və ürəkdən güldüm. Hətta dostum belə yalan danışdığımı anlamışdı. Səbuhi Minarəxanımgilin mənzilinə qədər deyib-güldü və sanki xəbərsiz şəkildə bu gün üzərimdə olan ağır stress yükünün bir hissəsini öz çiyinlərinə götürdü.

Minarə xanım bizi həyətdə qarşılayanda, dostum bu dəfə də maşında gözləyəcəyini dedi və biz evə daxil olduq. Qadın hər zaman göründüyü kimi deyildi. Masaya çay gətirərkən belə, əlinin titrədiyi aşkar şəkildə nəzərə çarpırdı. Təbii ki, bu yaşantılardan sonra belə bir gündə insanın daxili həyəcanını gizlətməyi bacarması, ondan çox nadir hallarda təsadüf edilən böyük bir iradə, eyni zamanda da daxili sarsılmaz bir güc tələb edir.

– Bir qədər fikirli görünürsünüz. – qadın qarşımdakı divanda əyləşdi – Bakıya getməyinizin bir xeyiri oldu?

– Hələ ki, yox… – deyib, sanki birdən ayıldım – Siz dünən bizə gəlmişdiniz?

– Gəlmişdim. Nədir ki?

– Mənim Bakıda olduğum haqda anama nə isə dediniz?

– Hə, mən ona hər şeyi danışdım və sizin saat neçədə yola düşdüyünüzü soruşdum. Nə olub ki?

Bu an, yola verdiyim kiçik səhv özümə gülünc göründü. Mən, Bakıya getməyimin əsl səbəbini anama söyləməyəcəyimi, Minarə xanıma deməyi unutmuşdum. İndi başa düşürdüm ki, Elmira xanım nəyə görə səhər mənimlə bu haqda danışmağı lazım bilməmişdi.

– Bəs, anam sizə nə cavab verdi? – gülümsəyərək, qadından soruşdum.

– Sadəcə yola düşdüyünüz saatı söylədi. Yoxsa siz ananıza həqiqəti deməmişdiniz? Çünki mən ona sual verəndə, bir qədər təəccübləndiyini hiss etdim.

– Nə isə, gəlin bu söhbəti unudaq.

– Əgər hansısa yalanınızın üstünün açılmasına səbəb olmuşamsa, məni bağışlayın.

Qadın məndən üzr istəyib, çayları dəyişmək istədiyini deyərək, fincanları masadan götürdü.

– Mənim elə də vaxtım yoxdur. – deyə ayağa qalxdım – Birinci həyat yoldaşınız Faiqi necə görə bilərəm?

– Faiqi? – qadın təəccübləndi – Onunla nə işiniz var ki?

– Bu haqda sonra danışarıq… O harada yaşayır? Mən onunla mütləq görüşməliyəm.

– O, V. kəndində yaşayır, ancaq bilmirəm indi oradadırmı?!

– Bunu öyrənə bilərsiniz?

– O vaxt mən qonşuluqda yaşayan Təhminə adlı bir qadınla rəfiqə idim. – Minarə xanım telefon aparatına yaxınlaşıb, dəftərçəni əlinə aldı – Onun telefon nömrəsi məndə var. Zəng vurub soruşaram.

Qadın axtardığı nömrəni dəftərçədə asanlıqla tapdı və telefonun çarxını fırlatmağa başladı. Ancaq belə göründü ki, əks tərəf zəngə cavab vermədi. Minarə xanım bir daha cəhd etdi və bu dəfə qarşı tərəf dəstəyi qaldırdı.

– Alo, salam… – qadın cəld cavab verdi – Bağışlayın, Təhminəgildəndir?… Təhminəni olar?… Yoxdur?… Rəfiqəsi Minarə idi… Hə, hə, mənəm… Danışan Ülkərdi, yoxsa Yasəmən?… Ülkər, necəsən qızım?… Çox sağ ol, mən yaxşıyam… Dərslərin necədi?… Təki yaxşı olsun… Anan nə vaxt gələr?… Heç, sadəcə təcili bir söz soruşacaqdım… Əslində səndən də soruşa bilərəm… Faiq hələ də orada yaşayır?… Hm, elə onu soruşacaqdım, çox sağ ol… Anana məndən salam deyərsən… Çox sağ ol, qızım… Sağ ol… – qadın dəstəyi asıb, narahat bir şəkildə kətilin üstündə oturdu – Deyir ki, hələ də orada yaşayır.

– Yəqin ki, əvvəlki evinizin telefon nömrəsini xatırlayırsınız?!

– Xatırlayıram. – qadın bu sözü aramla dedi – Xatırlayıram, amma zəng vura bilmərəm. Faiqin artıq yeni həyatı, öz ailəsi var… Biz ayrılandan sonra, hələ də üz-üzə gəlib, bir kəlmə kəsməmişik. Ona görə bacarmaram.

– Sizi anlayıram. Onda məcburam ki, elə birbaşa Faiqin evinə gedim.

– İstəməzdim sizə əziyyət verim…

– Yox, əziyyət deyil. Onsuz da onunla görüşmək üçün evinə gedəcəkdim… – bunu deyib, dəhlizə tərəf addımladım – Amma siz də bizimlə gəlməlisiniz.

– Nicat bəy, elə indicə zəng etməyə razı olmadım. – qadın təəccüblə dedi – Onun evində nə işim var?!

– Bəs, biz evin yolunu necə tapaq? – izah etməyə məcbur oldum – Evinə girməyiniz vacib deyil, Minarə xanım. Maşında gözləyərsiniz…

Qadın heç bir söz deməyib, razılaşdı və biz Səbuhi ilə birlikdə V. kəndinə yola düşdük.

Faiqin mənzili gözəl alaqapısı ilə fərqlənirdi. Minarə xanım, darvazanın rənginin dəyişildiyini desə də, naxışlardan onu dərhal tanımışdı. Qadının dediyinə görə, bu naxışı Faiqlə birlikdə bəyənmişdilər. Ümumiyyətlə Faiqin və ya onun yeni həyat yoldaşının evə qarşı çox səliqəli olmaması dərhal nəzərə çarpırdı. Buna sübut olaraq, qapını döyərkən diqqətimi cəlb edən daha bir nüansla rastlaşdım. Alaqapı demək olar ki, kənd yolunun toz-torpağı ilə örtülmüşdü. Sanki bu evdə heç kim yaşamırdı. Qapını döyərkən, bu fikrim daha da qətiləşirdi, çünki mən israrla istəyimə çatmaq istəsəm də, əks tərəf çağırışıma cavab vermirdi. Minarə xanım avtomobildən düşüb, mənə yaxınlaşanda, mən artıq geriyə qayıtmağa hazırlaşırdım.

– Çox təəssüf… – məyus şəkildə qadına baxdım – Hər halda evdə heç kəs yoxdur.

– Ola bilər, səsi eşitmirlər. – Minarə xanım sanki çıxış yolunun nə olduğunu bilirdi – Bəlkə, həyətə girək?

– Necə? – maraqla soruşdum.

Qadın, darvazanın sol hissəsinə yaxınlaşıb, əlini çərçivə ilə divarın arasında qalan kiçik boşluğa salaraq, oradan ağ rəngli bir ip çıxarıb, onu dartdı. İçəridən qapının cəftəsi də, elə həmin an açıldı.

– Faiq bunu mənə görə etmişdi. – Minarə xanım həyətə daxil olarkən dedi – O, adətən işdən gec gələrdi. Mən gecə vaxtı həyətə çıxmayım deyə, evə gələndə qapını özü açardı.

Həyətdə qəribə bir səssizlik var idi. Böyük həyətin sonundakı mənzilin arxa sağ küncündə də, bir yarıtikili görünürdü. Minarə xanım yenidən avtomobilə qayıtmaq istəsə də, ev qapısının arxasından da cavab gəlmədiyini görüb, yenidən qayıtdı. Qadının razılığı ilə dəstəyi burdum. Qapı açıq idi. İki-üç dəfə Faiqi səslədim, amma cavab gəlmədi.

– Darvazanın az öncə siz açdığınız cəftəsini, çöldən bağlamaq da olurmu? – Minarə xanımdan sakit səslə soruşdum.

– Təbii ki, yox. – o, əminliklə cavab verdi.

– Demək, evdə kimsə var. – içəri daxil oldum – Bu dəqiqdir. Bəlkə bir hadisə baş verib?!

Otaqları ehtiyatla gəzdim, hamam otağına, çarpayıların əks tərəflərinə qədər baxdım. Bu an, “Görəsən, elə dəhlizdəcə ev sahibi ilə rastlaşsam, nə deyəcəyəm?!” – deyə, beynimdən məni həyacanlandıran bir fikir keçdi, lakin mənzilin kimsəsiz olduğu öz təsdiqini tapdı.

– Heç kim yoxdur… – evdən çıxaraq, qapını arxamca bağladım – Çox maraqlıdır. Evdə mütləq kimsə olmalı idi.

– Bir dəqiqə… – qadın bir neçə an üzümə baxandan sonra qəfildən dedi – Yəqin ki, o…

Minarə xanım sözünü tamamlamadan, evin sağ hissəsinə keçərək onun arxasına tərəf sürətlə addımlamağa başladı. Mən isə qadının ardınca gedirdim. O, evin arxasındakı yarıtikilinin taxta qapısını açıb, içəri keçəndə, mən hələ oraya tam yaxınlaşa bilməmişdim. Həyətdəki ölüm sükutu ayaq səslərimi belə eşitməyimə imkan verirdi. Elə bil ağaclardakı quşlar da bir neçə saniyəlik susmuş, səssizlik özü isə, az sonra nə isə dəhşətli bir səda eşidəcəyini duyub, qulaqlarını boşluğa şəkləmişdi. Sanki nə isə bir hadisə baş verəcəkdi, çünki ətrafdakı qeyri-real gərginliyin son həddə çatması da, açıq-aydın hiss olunurdu. Elə bu vaxt qəfildən, Minarə xanım yarıtikilinin içərisində dəlicəsinə qışqırdı…

 

 

XII

 

Polislər gələnədək, mən hadisə yerindən uzaqlaşmağı bacardım, çünki ifadəmdə hər şeyi detalları ilə qeyd edəcəyimin zərurətini anladığımdan, əlavə bir problem yaşanmasını istəmirdim. Səbuhinin maşınına əyləşərkən, həyətdə Minarə xanımın bir cavan qızla söhbət etdiyini gördüm və biz oradan ayrıldıq. Minarə xanım çox keçmədən evə qayıdanda, biz artıq T. kəndində onun mənzilinin qarşısında idik. Qadın taksinin pulunu verdikdən sonra ağır addımlarla evə daxil oldu. Maşından düşüb, onun ardınca getdim və hər ikimiz həyətdəki skamyada əyləşdik.

– Onu görəndə dəli oldum… – o, hələ də hadisənin təsiri altında idi – Az qala ağlımı itirəcəkdim, çünki arxa otağa daxil olarkən, qəfildən gördüm. Nə yaxşı ki, siz orada idiniz. Yoxsa, inanın bəlkə mən də yıxılıb oradaca ölərdim. Artıq üçüncü yaxınımdır ki, faciəli ölümünə rast gəlirəm. İlahi, bu nə tale-qismətdi mənə yazmısan?!

– Faiq niyə intihar edib?

– Təhminənin qızı Ülkərlə danışdım. Hələ Faiqin yazdığı vərəq tapılmamışdan, artıq mən onun intihar səbəbini təxmin etmişdim. – qadının səsi titrəyirdi – Məndən ayrılandan sonra, onun ikinci dəfə ailə qurduğunu eşitmişdim, amma bilmirdim ki, övladı olmadığına görə iki il sonra o qadından da boşanıb. Son vaxtlar isə tək yaşayırmış… Ülkər deyir, axır günlər heç gözə dəymirdi, amma  heç ağlımıza  da  gəlməzdi ki, o, intihar  edə  bilər.  Bəlkə  də  bir-neçə  gündür özünü asıbmış. Bədbəxtin qapısını döyən də yoxdur. Biz getməsəydik, elə kəndirdəcə çürüyəcəkdi…

– Kağıza nə yazıb?

– Mən oxumadım. Bir nəfər dedi. Yazıb ki, “ölümümdə tək günahkar özüməm”… Altından da imzasını çəkib. Qələm də oradadır.

– Minarə xanım, – deyib, ayağa qalxdım – bilirəm bunu sizdən istəməyim heç doğru deyil. Çünki bu gün onsuz da əsəbləriniz pozulub, amma biz mütləq MirHəmidin qəbuluna getməliyik.

– Elə əvvəldə düz demişdiniz… – qadın rahat şəkildə cavab verdi – Bunu məndən istəməyiniz heç doğru deyil. Mən bir gündə bu qədər ağır yüklərin altına girə bilmərəm. İnanın, tab gətirə bilməyəcəyəm, gücüm çatmayacaq…

– Anlayıram, amma… – çarəsizlik sanki məni boğurdu – Mən bilmirəm nə edim?! Bu gün son gündür və artıq axşam saatları da yaxınlaşır. Nə qədər çalışsam da, çatdıra bilmədim. Bəlkə də sizə kömək edə bilərdim, amma sadəcə vaxt məhdudiyyəti imkan vermədi.

– Narahat olmayın, Nicat bəy… – qadın da ayağa qalxdı – Siz əlinizdən gələni etdiniz.

– Bəlkə bu gecəni bizdə keçirəsiniz? Sizin üçün ən yaxşısı bu ola bilər.

– Mənası nədir ki?! Onsuz da nə vaxtsa bu evə qayıtmalıyam…

– Heç olmasa bu gecə bizdə qalın.

– Ehtiyac yoxdur! – Minarə xanım gülümsəyərək, əlini mənə uzatdı – Alnımıza nə yazılıbsa, o da olacaq…

İnanmıram ki, nə vaxtsa kimsə mənim kimi həvəsinin və istəyinin necə öldüyünü bu qədər daxilən hiss etmiş olub. Qadının son sözlərinə cavab tapmamağımın dərinliyində idi bu səbəb… Nə edəcəyimi bilmədən, asta addımlarla qapıdan çıxanda, bir daha çevrilib arxaya baxdım. Minarə xanım artıq, həyətdə deyildi. Avtomobilə əyləşəndə, Səbuhi hər şeyi anlayıbmış kimi nə baş verdiyini soruşmadan mühərriki işə saldı, amma mən əlimi sükana qoyub, deyəcəklərimi bitirmədən maşını yerindən tərpətməməsini istədim.

– Alınmadı, qardaş… – məyus halda dedim – Alınmadı! Əlimdən gələni etdim, amma vaxt azlığı imkan vermədi. Axı, nəyə görə ilk oyunumdaca məğlub olmalı idim?! Mən hər şeyi doğru etdim, lazım ola biləcək şəxslərlə görüşdüm, amma ipucu əlimə keçmədi. Bəlkə də keçdi, sadəcə təcrübəsizliyim gözlərimi bağladı. İnanırsan, o qədər əmin idim ki… Meşədə o sığınacağı tapanda, MirHəmidlə tanış olanda, Bakıya yola düşəndə… Ancaq alınmadı. Mən köməksiz bir qadını qoruya bilmədim. Çünki gücsüzəm. Çox gücsüzəm…

– Belə danışma… – Səbuhi əlini çiynimə qoydu – Elə əsas mən şahidəm ki, sən uğur qazanmaq üçün nələr etdin. Sadəcə, özün dediyin kimi vaxt çatmadı.

– Bu işi yenə davam etdirə bilərəm, amma Minarə xanıma söz vermişdim. Bu gün yekun nəticənin nə olduğunu deyəcəkdim. Elə mənə də ən çox təsir edən budur. Sözümü tuta bilmədim… – deyib, əlimi sükandan çəkdim – Nə isə, qardaş… Sür, gedək… Alınmadı!

– O qadın kimdir? – Səbuhi başı ilə işarə etdi.

– Kim? – çevrilib baxdım – Nədir ki?

– Bayaqdan bizə baxır…

– Minarə xanımgilin qonşusudur…

– Tanıyırsan?

– Hə, onunla da söhbət etmək istəmişdim, amma razı olmamışdı.

– O, bizə niyə elə baxır? – dostum maraqlandı – Bəlkə sənə deyəcəyi var?

Səbuhiyə cavab vermədən, maşından düşdüm. Zivər xala çöl qapısının kandarında dayanıb, gözlərini mənə zilləmişdi. Asta addımlarla qadına doğru yaxınlaşdım.

– Salam, Zivər xala… – acıqlı səs tonu ilə dedim – Necəsiniz?

Qadın nədənsə, üzbəüz gəldiyimizdən bəri mənə tərəf baxmırdı.

– Bilirəm, mənimlə danışmaq istəmirsiniz. – özümü sığortaladım – Sadəcə dostum, bayaqdan bizə baxdığınızı dedi. Fikirləşdim ki, bəlkə mənə demək istədiyiniz bir söz var…

Zivər xala üzümə baxdı, bir qədər gözlədi, dinmədi və elə bil bir anda istəyindən vaz keçdi. Sanki o, tərəddüd içərisində nə isə demək istəyirdi, lakin bacarmırdı. Qadın bir daha mənə baxdı, sonra yenə üzünü çevirdi. Nəhayət, üçüncü cəhddə mən onun simasında müəyyən qədər qətilik olduğunu hiss etdim.

– O, əxlaqsız qadın deyildi… – Zivər xala qəfildən asta səslə dedi…

– Kim? – qaşlarımı çatıb, eyni səs tonu ilə soruşdum.

– Gəl içəri, oğlum…

Həyətə daxil olarkən, keçən gün onun məni buradan necə qovduğu gözümün önünə gəldi. Kiçik qız yenə həyətdə idi və bu dəfə qumla oynayırdı. Deyəsən, palçıqdan gəlincik düzəldirdi, amma məni görən kimi bir anda ayağa qalxıb, çirkli əllərini donunun ətəyinə sildi. Qadın isə, ilk görüşümüzdə etdiyi kimi, bu dəfə də evin kənarındakı plastik stullardan ikisini götürüb, mənə tərəf addımladı. Yaxınlaşıb, onların hər ikisini qadının əlindən aldım və Zivər xalanın istəyi ilə stulları tut ağacının altına qoydum.

– O gün deyəsən, çox xətrinə dəydim…  – qarşımda əyləşən kimi, qadın günahını boynuna aldı – Yaşlanmışam, ay oğul… Elə bil, uşaq kimi olmuşam. Adi şeylər belə elə həmin an, məni hövsələdən çıxarır, fikrimi doğru şəkildə çatdırmağı bacarmıram. Hərdən mənə elə gəlir ki, bu balaca qız, – deyib, nəvəsinə işarə etdi – düzgün qərar verməkdə, məndən daha bacarıqlıdır. Ona görə də, əgər səninlə çox kobud davranmışdımsa, məni bağışla, oğlum…

– Üzr istəmək lazım deyil. – qadın bu dəfə gözümə çox nurlu görünürdü – Həm də siz məndən böyüksünüz. Səhv etsəniz belə, üzr istəməyin.

– Mahirə yaşayır? – Zivər xala qəfildən pıçıldadı.

– Bilmirəm. – eyni tərzdə cavab verdim – Daha doğrusu, öyrənməyə imkan olmadı. Yardım etmək iqtidarında olan insanlar, nədənsə boyun qaçırdılar.

– Bilirəm, məni nəzərdə tutursan, – həmsöhbətim, nə demək istədiyimi anladı – amma inan ki, sən gedəndən, mənim gözümə yuxu getmir. Sənin sonuncu sözlərini yadımdan çıxara bilmirəm. Mənə dedin ki, “…Ən yaxın qonşunuza növbəti dəfə olsa belə yardım etmək istəmirsiniz.” – o, dərindən ah çəkib, bir neçə saniyə susdu – Əslində mən heç birinci dəfə də ona yardım edə bilməmişdim. İfadəmdə hər şeyi olduğu kimi yazmamışdım. Mahirənin öldüyü təsdiqlənəndən bəri, vicdan əzabı məni az qala dəli edir. Ona görə, səni görən kimi əsəblərimə hakim ola bilmədim. Öz səhvimi xatırladım. Günahı öz üzərimdən atmaq istəyərək, rahatlanmaq istədim, amma alınmadı. Zamanında hər şeyi danışsaydım, bəlkə də Mahirəni xilas edə bilərdim.

– Bu gün, vaxtında demədiklərinizi mənə danışacaqsınız?

– Hə… – qadın qəti şəkildə dedi – Mən bu məsələni unutmağa cəhd göstərirdim, amma qəfildən sən qarşıma çıxdın və Mahirənin sağ ola biləcəyini dedin. Çox düşündüm. Nəhayət, qərar verdim ki, sənə hər şeyi danışacam.

– Buyurun, eşidirəm…

– Amma bu haqda danışmaq… – o, cümləsini tamamlaya bilmədi – Nə isə… – qadın kövrəlmişdi – Mahirə çox yaxşı qız idi, oğlum… Bəlkə də bunu deməyim doğru olmaz, amma mən onu öz doğma qızımdan da çox istəyirdim. Tez-tez bizə gələrdi, ev işlərimdə qolumdan tutardı… Bir ara bərk xəstələnmişdim. Çarpayımın başında qızımın əvəzinə Mahirə dayanmışdı. Bunu heç vaxt unuda bilmərəm.

– Bəs, nəyə görə Mahirə itəndə ona yardım etmək istəmədiniz?

– Bacarmadım. – Zivər xala üzümə baxdı – Düşündüm ki, birdən bildiklərim doğru olmaz, səhv anlayaram və bir gün qız tapılar, gəlib qarşımda dayanar, mənə sual verər ki, “Zivər xala, niyə məsələni dəqiq bilmədiyin halda, haqqımda elə sözlər danışdın?” Mən ona nə cavab verərdim?! Bu sualı eşitməmək üçün, sirrimi özümdə saxladım, amma Mahirə tapılmadı. İndi isə sən deyirsən ki, o, sağ ola bilər. Ona görə də, ikinci dəfə bu səhvi təkrarlamaq istəmirəm.

– Bayaq bir söz işlətdiniz: “O, əxlaqsız qadın deyildi”… Bunun məsələyə aidiyyatı var?

– Sonuncu dəfə Lalə ilə birlikdə bizə gəlmişdi. – Zivər xala aramla danışırdı – Gəldi, məni qucaqladı… Nərimanla dalaşmışdılar. Deyəsən, kişi də onu vurmuşdu. Yazıq qız için-için ağlayırdı… Bilmirdim nə edim. Mahirəni çox sevsəm də, Nərimana da haqq qazandırırdım. Əgər bir kişi qadınından şübhələndisə, onun əl-qolunu bağlamaq çox çətin olur.

– Belə başa düşdüm ki, – həmsöhbətimi qabaqladım – Mahirə Nərimanı başqa birisi ilə aldadırmış…

– Hə,  – Zivər xala ehtiyatla dedi – evlərindəki söz-söhbətin, dava-dalaşın səbəbi bu idi.

– Anladım. – deyib, bir az ara verdim – Bəs, niyə siz Nərimana haqq qazandırırdınız? Axı, Mahirəni doğma qızınızdan da çox istədiyinizi söylədiniz? Əslində siz ona inanmalı idiniz…

– İnanırdım, ay oğul… Elə bu günə kimi susmağımın səbəbi də budur. Mahirə ağlayaraq mənə demişdi ki, Nərimanı aldatmır. Mən ona inanmışdım.

– Bəs axı, indicə dediniz ki, Nərimanda da haqq var idi. Mən bunu soruşuram. Bunun səbəbi nədir?

– Bəzən, çox sevdiyimiz insanın sahvlərinə göz yumuruq. – Zivər xala yenə də sualıma cavab vermədi – O insanı qüsursuz hesab edirik və bununla da ancaq özümüzü aldadırıq. Hələ elə vaxt olur ki, gözlə gördüyümüzə belə inanmaq istəmirik.

– Bir dəqiqə… – məsələnin nə yerdə olduğunu anladım – Bu hadisədən kimlərin xəbəri vardı?

– Nəriman və mən,  – Zivər xala darhal cavab verdi – amma Nəriman sadəcə şübhələnirdi. Mən isə…

– Siz isə hər şeyi öz gözlərinizlə görmüşdünüz, elədir?

Qadın məndən belə bir sual gözləmədiyindən, susaraq, sadəcə günahkarmış kimi üzümə baxdı. Hadisələrin bu cür inkişaf edəcəyi, məni çox təəccübləndirmişdi və mən artıq, heç kimin bilmədiyi gizli bir gerçəkdən agah olmuşdum. Bu fakt, eyni zamanda çözüm nöqtəsi də ola bilərdi, lakin hələ ki, qərar vermək çox tez idi.

– İnsan çiy süd əmib, oğul… – Zivər xala bir neçə dəqiqəlik sükutu pozdu – Mahirəyə inansam da, bir gün onu izlədim, ancaq heç bir şey gözümə dəymədi. Qızın doğrudan da günahsız olduğunu görəndə, özümü çox danladım, amma həmin gecə… – qadın əlləri ilə üzünü örtdü – Gecə təsadüfən həyətə çıxdım. Saat on ikini keçmişdi. Asqıdakı paltarları götürəcəkdim. Orada dayanmışdım… – o, əli ilə işarə etdi – Həmin yerdən, Nərimangilin evinin həndəvərini asanlıqla görmək olur. Elə bu vaxt evlərinin arxasında qaraltı gördüm və həyətimizin o biri tərəfinə keçdim. O vaxt orada hasara söykənmiş nərdivanımız var idi. Hər şeyi daha da rahat görmək istədim. Getdim, ehtiyatla nərdivana çıxdım, baxdım…

– Və hər şeyi gördünüz…

– Hə, gördüm. Amma kaş ki, heç baxmayaydım, kaş ki, görməz olaydım… – Zivər xala təəssüfünü gizlədə bilmədi və özündə güc toplayaraq asta səslə pıçıldadı – Mahirə evin arxasında bir nəfərlə söhbət edirdi…

 

 

XIII

 

Bu xəbərlə ölmüş ümidlərimə sanki yeni bir nəfəs gəldi, çünki həmsöhbətim məni, bu oyunda iştirak edən, real mövcudluğu heç kəsə bəlli olmayan bir nəfərin varlığından agah etmişdi. Zivər xalanın o gecə həmin şəxsi üzdən görə bilməsi isə, bəlkə də bu bağlı qıfıla açar ola biləcək yeganə fakt idi.

– Sonralar həmin şəxsi kəndinizdə gördünüzmü? – həmin gecə baş verənləri sonuna qədər dinlədikdən sonra, maraqla soruşdum.

– Hə, gördüm. – qadın məni daha da sevindirdi – Nəriman elə fikirləşirdi ki, Mahirə o görüşdüyü insanla qaçıb. Doğrusu, mən də əvvəllər o fikirdə idim, amma bir gün o oğlanı kənddə gördüm.

–  Harada? Necə?

– Bəhram kişinin həyətində… – Zivər xala əminliklə dedi – Mən Bəhramın dükanına getmişdim. O oğlanı görən kimi tanıdım. Fəhlə idi… Hətta bir gün onunla söhbət də etdim.

– Nə danışdınız?

– O, üç gün Bəhramın evini təmir etdi. Mən də, bilərəkdən hər gün dükana gedirdim. Axırda yanıma çağırdım. Ümumi işindən danışdıq. Guya mən də evimi təmir etdirmək istəyirdim. Axı o, mənim onu tanıdığımı bilmirdi. Gəldi yanıma, söhbət etdik. Kəkələyərək danışdığından, onu elə də yaxşı başa düşmək olmurdu, amma adının Ruslan olduğunu öyrəndim. Çox yaraşıqlı oğlan idi.

– Daha sonra o oğlanı yenə gördünüzmü?

– Yox, heç görmədim. – Zivər xala əlini saçına çəkdi – Bəlkə də bütün bunları sənə danışmaqla səhv etdim. O vaxt Mahirənin öldüyünü eşidəndən sonra, söz vermişdim ki, bu sirri özümlə məzara aparacam. Ancaq sən, Mahirənin sağ olma ehtimalından danışdın. Mən də məcbur qaldım. Həm də, özümün də rahat olmağım üçün, bu məsələyə aydınlıq gətirilməsini istədim. Mən o qızı şərləmirəm, amma əgər yenə də doğru addım atmadımsa, Allah yəqin ki, günahımdan keçər…

Zivər xaladan növbəti ünvanı alaraq, cəld şəkildə Səbuhinin maşınına qayıtdım və biz Bəhram kişinin mənzilinə yollandıq. Ev sahibi, bizi elə həyətdəki dükanındaca qarşıladı. İlk öncə müştəri olduğumuzu zənn etsə də, kimliyimizi öyrəndikdən sonra bizi evinə dəvət etdi, amma mən suallarımı kişiyə elə ayaqüstü ünvanladım. Bəhram kişi çox ünsiyyətcil insan idi. Odur ki, suallarımın hər birinə qısa-konkret cavab verərək, bir neçə il öncə həyətində fəhlə kimi çalışan Ruslanı da dərhal tanıdı və hətta onun kənddən bir qədər kənarda kirayə mənzildə yaşadığını da dedi. Sevincimdən özümə yer tapa bilməsəm də, nədənsə içimdə qəribə bir hiss də var idi. Mənə elə gəlirdi ki, biz Ruslanla görüşə bilməyəcəyik, çünki Zivər xala da, Nəriman da Mahirənin o oğlanla qaçdığını iddia etmişdi.

Ruslanın yaşadığı ünvanda bizi, ev sahibi olan, Xuraman adlı yaşlı bir qadın qarşıladı və mən dərhal gəliş məqsədimizi ona söylədim. Doğrudan da hisslərimdə yanılmadım və biz Ruslanla görüşə bilmədik. Avtomobilə əyləşərək, Səbuhidən kəndin meşəsinə doğru getməyimizi istədim və yolüstü Bəhram kişinin dükanından fənər aldım. Deyəsən, artıq məsələnin nə yerdə olduğunu anlamışdım.

Meşədə iki saata yaxın vaxt itirdim və Səbuhi ilə birlikdə həmin sığınacağı keçən dəfəkinə nisbətən daha tez tapdım. Dostum gördüklərinə inana bilməsə də, bu haqda heç kimə bir kəlmə belə söyləməyəcəyinə söz verdi. Sığınacaqda axtardığımı tapıb, sübut olaraq cibimə qoyarkən, ilk dəfə burada qazana bilmədiyim bu uğuru təcrübəsizliyimin deyil, meşənin qaranlığının adına yazdım və biz oradan uzaqlaşdıq. Kəndə çatanda artıq, saat axşam on birin yarısını göstərirdi. Səbuhini kəndimizə yola salaraq, vaxt itirmədən Minarə xanımgilin mənzilinə üz tutdum.

– Xeyir olsun, İnşallah… – qadın məni görcək təəccübləndi – Niyə gəlmisiniz?

– Mən həyətinizə baxmalıyam…

– Anlamadım. – Minarə xanım evdən çıxıb, qapını örtdü – Necə yəni? Niyə baxmalısınız?

– İndi deyə bilmərəm. – fənəri cibimdən çıxardım – Siz sadəcə mənə icazə verin.

– O nə sözdür?! – qadın bir qədər tərəddüdlü idi – Buyurun… Amma siz niyə təzədən qayıtdığınızı demədiniz?! Axı, nə baş verdi?

Mən qadının sualını cavablandırmadan, evin arxasına keçdim və fənərin işığını yerə salaraq, həyətin müxtəlif hissələrinə baxmağa başladım, amma gözümə diqqətimi cəlb edə biləcək bir nəsnə görünmədi. Qaranlıqda bağın sıx ağacları axtarışıma mane olsa da, hər qarışa diqqət yetirməyi bacardım və bağdakı kol-kos belə, işimi tam olaraq əngəlləyə bilmədi. Ancaq mən nədənsə istiqamətimdə yanıldığımı dərk edirdim. Sanki aradığım izi doğru koordinatlarda axtarmadığım mənə məlum idi, lakin yenə də kürəyimi yerə vurmaq istəmirdim. Zirzəmiyə enəndə, gözlərimi onun qapısındakı qıfıl qarşıladı. Bu an nədənsə, bu evə ilk gəlişimdə darvazada gördüyüm qıfılı xatırladım və yenidən ona nəzər yetirmək üçün darvazaya sarı gedib, sonra yenidən geriyə qayıtdım. Zirzəminin paslı qıfılını açmaq istəsəm də, Minarə xanım açarın olmadığını dedi və mənim istəyimlə, qadın dəmirkəsən mişarı mənə gətirdi. Qaranlıqda qıfılı kəsmək o qədər də asan olmadı, amma mən yenə də iyirmi-iyirmi beş dəqiqə sonra zirzəmiyə enməyə müvəffəq oldum…

Minarə xanım təzyiqi aşağı düşdüyündən, özünü yaxşı hiss etmirdi. Qadının başı bərk ağrıyırdı. Hamam otağında bulaşmış əllərimi yuduqdan sonra, onunla mətbəxdə qarşılaşdım. O, əlindəki çay süfrəsi üçün hazırladığı məcməyini qonaq otağına aparmaq istəyirdi. Lalə artıq yatmışdı.

– Bu da son… – Minarə xanım masanın arxasında əyləşdi – Hər şey bitdi, eləmi?

– Dəqiq demək olmur. – həmsöhbətimi ümidləndirmədim – Olanları sabah sizə ətraflı şəkildə danışacam.

– Necə? – qadın maraqla soruşdu – Siz məsələni həll etmisiniz?

– Bəli, mən artıq, qatilin kim olduğunu bilirəm.

– Kimdir? – Minarə xanım həyəcanla soruşdu – Xahiş edirəm, indi deyin.

– İsrar etməyin! Deyə bilmərəm…

– Xahiş edirəm, Nicat bəy… – qadın ağlamsındı – Sadəcə adını deyin, kifayətdir.

– İnanın ki, deməyi çox istərdim, amma tələsmək lazım deyil.

– Yaxşı, onda bircə bunu deyin. – o, boğazını arıtladı – Məni bir təhlükə gözləyir?

– Təəssüf ki, bunu da indidən deyə bilməyəcəm. İnşallah, qismət olsa, sabah hər şeydən təfərrüatı ilə agah olacaqsınız.

Qadın çətinliklə də olsa, israrından daşındı, amma mən, üzbəüz əyləşdiyimiz zaman, onun küskün gözlərində bir təşəkkür, bir minnətdarlıq olduğunu asanlıqla oxuya bilirdim. O, gecənin bu saatlarında evdə tək qalsa, bəlkə də ağlını itirə bilərdi. Ancaq yenə də təklifimin onu nə qədər narahat etdiyini gizlədə bilmədi.

– Bu gecə sizdə qala bilərəmmi? – özümdə güc taparaq, sualı çətinliklə qadına ünvanladım.

– Təbii ki. – Minarə xanım bir xeyli cavab verməyə tərəddüd etsə də, nəhayət razılaşdı – Sağ olun ki, belə bir vaxtda məni tək qoymursunuz… – o, bu an göz yaşlarını saxlaya bilmədi – Çox qorxuram, Nicat bəy. Həddindən artıq, çox…

Onu başa düşməkdə heç də çətinlik çəkmirdim. Bu gecə, məhz iki il dalbadal ölüm səhəri ilə açılmış bir gecə idi. “İlahi, bəlkə mənim fərziyyəm öz təsdiqini tapmadı və mən köməksiz qadını qoruya bilmədim?!” – deyə, özüm-özümə sual ünvanladıqda, cavab tapmağa gücüm çatmadı.

– Qorxmayın, Minarə xanım! – deyib, ona təskinlik verməyə çalışdım – Gedin, heç nə olmayıbmış və eyni zamanda heç nə olmayacaqmış kimi, rahat yatın. Mən bütün gecə dəhlizdə oyaq olacağam, arxayın olun!

Qadın sözlərimin təsiri altında, bir qədər ürəklənərək mənə təşəkkür edib, yataq otağına keçdi. Mən isə qonaq otağında olan qoltuqlardan birini özümlə bərabər dəhlizin sonuna aparıb, pəncərənin iki-üç metrlik məsafəsində, evin sağ küncünə qoydum. Bura elə yer idi ki, mənimlə pəncərə arasındakı bucaq çox iti olduğundan, həyəti görmək mümkün deyildi və mənə də məhz bu lazım idi.

Səbrlə gözləyirdim… Gecə saat iki radələrində bərk yuxum gəlməyə başladı və mən bütün günümün yorğunluğunu bədənimdə hiss etdim. Durub dəhlizdə gəzişmək, kiçik bir səsdən vahiməyə düşə biləcək qadını daha da qorxuda bilərdi. Odur ki, sakitcə yerimdə oturub nə edəcəyimi bilmirdim və bəlkə də ömrümdə ilk dəfə idi ki, siqaret çəkmədiyimə görə təəssüf edirdim…

 

 

XIV

 

Hər şey elə düşündüyüm kimi də oldu… Səhərə qədər gözümü qırpmadan, saatın saniyə əqrəbinin ahəngdolu səsindən qeyri bir səda eşitmədim. Artıq mən nə baş verdiyini və qatilin kim olduğunu bilirdim. Hər şeyi Minarə xanıma necə danışacağımı xəyal etdikdə isə, məni vahimə bürüyürdü. Görəsən, qadın bütün bunlara tab gətirə biləcəkdimi?! Bu sözləri eşitmək ona elə də asan olmayacaqdı, çünki bütün bu dəhşətli hadisələr, onun dörd ildir yaşadığı mənzildə baş vermişdi.

Mən Minarə xanımın yuxulu simasını görəndə, artıq səhər saat altı idi… Qadının gözlərinin altı şişmiş, ağı isə qızarmışdı. Biz dəhlizdə qəfildən rastlaşmışdıq.

– Sabahınız xeyir. – qadın ağır-ağır dedi – Saat neçədir?

– Altıdır… Artıq səhər açılıb.

– İnana bilmirəm… Yəni hər şey bitdi?! Mən bütün gecəni yata bilməmişəm. Bu gecə ömrümdən az qala iyirmi il itirdim. – qadın pəncərəyə tərəf yaxınlaşdı – Siz dəhlizdə yatmışdınız?

– Dəhlizdə idim, amma yatmamışdım.

– Hiss olunur. – Minarə xanım mənə baxıb, gülümsədi – Mənə görə çox əziyyət çəkdiniz.

– Mən heç nə etmədim… – üzümü yana çevirdim – Sadəcə söz vermişdim və sözümə də əməl etməli idim.

– Yenə də, çox sağ olun. – qadın təşəkkür etdi – Bütün gecə dəhlizdə oldunuz, heç nə görmədiniz?

– Yox, heç bir şey görmədim.

– Bu gün dəqiq iyul ayının 23-dür? Bəlkə hər şey bu gecə baş verəcək?

– Daha heç bir şey olmayacaq. – qorxmuş qadını sakitləşdirdim – Mən, əslində bu gecə də dəhşətli bir hadisənin olmayacağını bilirdim, amma yenə də fikrimi qətiləşdirmək üçün bunu etməyə, yəni sizdə qalmağa məcbur oldum.

– Siz artıq məsələnin nə yerdə olduğunu bilirsiniz?

– Bəli, bilirəm…

– Mənə danışacaqsınız?

– Danışacam, amma bu evdə o qədər dəhşətli hadisələr olub ki, siz evinizi satmağa məcbur olacaq qədər vahimələnəcəksiniz.

– Olsun… Mən hər şeyi bilmək istəyirəm.

– O zaman, gəlin qonaq otağına keçək.

Minarə xanım süfrəyə çay gətirəndə, on dəqiqəyə yaxın vaxt keçmişdi və biz artıq qonaq otağında idik. Mən masanın arxasında, qadın isə mənimlə üzbəüz divanda əyləşmişdi. Beynimdəki ifadələrin ardıcıllığını qorumaq istəyi ilə, uzun müddət sözə başlamağa cəhd etmədim. Yuxulu olduğumdan, vacib bir dəlili unuda biləcəyimi ehtimal edir və olanları xəyalımda bir daha canlandırırdım…

– Baş verənləri anam mənə danışdığı andan, mənim bu hadisə haqqında ilkin təsəvvürüm artıq formalaşmışdı. – nəhayət, sözə başladım – Elmira xanımın danışığından hiss etdim ki, siz öz vahiməli əhvalatınızla, hətta onu da qorxutmağı bacarmısınız. Burada ağlasığmaz təsadüflər və ən əsası dəhşətli ölüm hadisələri var idi. Anamın bildikləri və mənim suallarıma cavab olaraq sizin söylədikləriniz isə, mənim bu işlə daha da maraqla və həvəslə məşğul olmağıma gətirib-çıxartdı… Hələ üstəlik, bu mənim ilk müstəqil işim olduğundan, mən öz üzərimdə böyük bir məsuliyyət də hiss edirdim. – çayımdan bir qurtum alıb, davam etdim – Keçək, əsas məsələyə… Siz mənə əhvalatı danışarkən, etiraf edim ki, mən konkret bir fikrə gəlməkdə çətinlik çəkirdim, amma ögey qızınız Lalənin yazdıqlarını bloknotumda oxuyarkən, ipin ucunun nə vaxtsa əlimə keçəcəyinə inanmağa başladım. Lalə mənə son olaraq, bir məlumat çatdırdı ki, anam itgin düşməzdən əvvəl atamla dalaşmışdı, biz də qonşuya getmişdik.

– Bunun axı məsələyə nə aidiyyatı var? – qadın sözümü kəsdi – Mən hələ ki, heç nə anlamıram.

– İndi sizə daha ətraflı başa salacam. – deyib, stulumda dikəldim – Həmin gün sizlə söhbət edərkən, sözarası meşəbəyidən bəhs etdiniz və mən Lalənin dediklərini ertələyərək, Salman kişi ilə görüşməyi qərara aldım. Doğrudur, son günlər baş verənlərin əksər hissəsində, siz mənim yanımda olmusunuz, amma mən yenə də hər detalı dəqiqliyi ilə söyləmək istəyirəm. Salman kişinin evinə də mənimlə birlikdə getdiniz və bizi onun oğlu Süleyman qarşıladı. Meşəbəyinin başına gələn hadisələrdən hətta siz də xəbərdar idiniz. Onun meşədə üzərinə ağac düşdüyünü Nəriman sizə demişdi və həmin gün Süleyman da bunu təsdiqlədi. Ancaq məlumatlı olmadığımız faktlar da az deyildi. Məsələn, Salman kişinin evinə oğru qiyafəsində girib, mənzili əliboş tərk edərək qaçan şəxsin varlığından xəbərsiz idik. Ev sahibləri vaxtsız gələn qonağın adi bir oğru olduğunu zənn etmişdi. Ancaq nədənsə mənə belə gəlmişdi ki, bu, təsadüf ola bilməzdi. Çünki Süleymanın özünün də təsdiqlədiyinə görə, atası Mahirənin paltarının bir hissəsini tapandan sonra, meşədə qadının cəsədini də axtarmağa cəhd göstərmişdi. Üç-dörd gün sonra isə, meşədə başına ağac düşmüşdü. Mənim fikrimcə, bu adi bir qəza deyildi. Meşədə kimsə gizlənirdi və hər an meşəbəyi tərəfindən aşkar olunacağından qorxurdu deyə, kişini aradan götürmək istəyərək, ona xəsarət yetirmişdi. Meşəbəyinin xoşbəxtlik nəticəsində sağ qalması isə, həmin insanın planını pozurdu və o, tez bir zamanda yarım qalmış işini tamamlamaq istəyirdi. Böyük ehtimalla kişi həmin şəxsi meşədə görmüşdü, çünki evdə onunla bir daha rastlaşanda, özündə güc taparaq qışqırmağı bacarmışdı. Artıq mənim üçün hər şey aydın idi, lakin məchul bir obrazı mühakimə etmək, hələ tez idi, çünki Süleyman atasının üzərinə düşən budağın həqiqətən də altında yıxıldığı ağaca aid olduğuna fikir verməmişdi. Ona görə də, vaxt itirmədən hadisə yerinə baxmağı qərara aldım və üçümüz birlikdə meşəyə yola düşdük. Orada baş verənləri isə, artıq özünüz də yaxşı bilirsiniz. – bu an bir neçə saniyə ara verdim – Mahirənin sağ olması şübhəsində yanılmamışdım. Doğrudan da, yerə iz olaraq basdırılan daşlar, bizi sığınacağa kimi apardı. Oradakı üzərində çiyələk şəkli olan fincan isə, mənimlə razılaşmağınız üçün yetərli oldu. Dediniz ki, bu fincanlar adətən altı ədəd olsalar da, siz Nərimanın evinə gəlin köçəndə, onların beş ədəd olduğunu görüb, sadəcə fikirləşmişdiniz ki, hər halda biri sına bilər. Ancaq həqiqət sübut etdi ki, bu heç də belə deyilmiş.

– Doğrudur… – Minarə xanım razılaşdı – Mən ancaq həmin an, Mahirənin sağ olduğuna tamamilə inandım.

– Amma sığınacaqdakı əşyaların üzərində toz qatı var idi. – qadına xatırlatdım – Böyük ehtimalla, son vaxtlar orada heç kim yaşamırdı. Belə olan halda da, kimisə gözləməyə ehtiyac qalmadı və meşədən qayıtmaq lazım gəldi. Kəndə çatanda isə, təsadüfən qonşunuzun açıq həyət qapısı diqqətimi çəkdi və mən dərhal Lalənin bloknota yazdığı sonuncu cümləni xatırladım. Nərimanla Mahirə dalaşandan sonra, qadın qızı ilə bərabər qonşuya getmişdi. – cibimdən bloknotu çıxarıb, Lalənin yazdığı səhifəni açaraq, onu Minarə xanıma uzatdım – Zivər xala sizə ən yaxın qonşu olduğundan, mən ehtimalımda yanılmadım. Mahirənin bu qadınla doğrudan da sıx ünsiyyətdə olması, Zivər xalanın elə ilk reaksiyasından bəlli oldu. Qadın mənim kimliyimi öyrənən kimi, mənimlə çox kobud rəftar etdi və Mahirənin vəfat etməsində, az qala hüquq-mühafizə orqanı əməkdaşlarını günahlandırdı. Məni də elə bu səbəbdən, əsəbi şəkildə evindən qovdu. Mən isə vidalaşmamışdan öncə ona, Mahirənin yaşaması ehtimalının böyüklüyündən danışdım və qapını arxamca bağlayıb oradan uzaqlaşdım. Ancaq Zivər xalanın bu cür aqressiv rəftarının səbəbini anlaya bilmədim. Nədənsə, mənə belə gəldi ki, qadın nə isə gizlədir…

– O, doğrudan nə isə gizlədirdi?

– Hə, bunu bir qədər sonra sizə deyəcəm. Hələlik isə, ardıcıllığı pozmaq istəmirəm. – deyib, bu məsləni bir kənara qoydum – Ertəsi gün yenidən sizə gəldim və sizdən iki şey istədim: Mahirənin fotoşəklini və evinizin telefon kitabçasını. Kitabçada Mahirənin ata evinin nömrəsini rahatlıqla tapsam da, zənglərimə heç kim cavab vermədi. Məcbur qalıb, oxşar nömrə axtarmağa başladım və qarşısında “Sənubər” adı yazılan nömrəni tapdım. Bu nömrə, son iki rəqəmi ilə Mahirənin ata evinin nömrəsindən fərqlənirdi. Qadının həmin mənzillə əlaqə saxladığını da düşünsək, anlamaq olurdu ki, bu ünvan heç də yad bir yer deyil. Ona görə də, mən “ATS” yalanını uyduraraq, həmin mənzilin ünvanını öyrənə bildim. Məqsədim təbii ki, Bakıya getmək idi, ancaq ilk öncə MirHəmidlə görüşməyi planlaşdırırdım. Elə sizin evdən çıxan kimi də, Səbuhi ilə birlikdə, birbaşa S. kəndinə yollandıq.

– Mən bunu bilmirdim. – Minarə xanım heyrətləndi – Görüşdünüz?

– Görüşdüm, – dərhal cavab verdim – amma bu görüş mənim fikirlərimi daha da qarışdırdı.

– Niyə ki?

– Mən MirHəmidin bu işdə əlinin olduğunu düşünürdüm. Ona görə də onun yanına getmişdim. Mən onun otağına girən kimi, kişi stolun üzərindəki kiçik güzgünü mənə tərəf çevirdi və gəlişimin səbəbini soruşdu. Mən onun bu güzgü jestini anlamadım və Mahirənin fotoşəklini görücüyə uzadaraq, qadını bibim qızı kimi təqdim edib, onun haqqında bir bilgi verməsini istədim. O isə, müxtəlif fəndlər edib, gözlərini qapadı və bir qədər sonra bayaqkı güzgünü özünə tərəf çevirərək, mənim “nə gördünüz?” – sualıma, sadəcə “qaranlıq” – deyə cavab verdi. O, mənimlə danışmaq istəmədi, çünki əslində bu cür fırıldaqlara inanmadığımı anlamışdı. Həmin an bunu necə anladığını başa düşməsəm də, sonradan mənə məlum oldu ki, böyük ehtimalla görücüyə bu haqda məlumat ötürən, mənə tərəf çevirdiyi müəmmalı güzgü imiş…

– Bəs o, Mahirə haqqında başqa heç nə demədi?

– Elə mənim fikirlərimi qarışdıran da, bu oldu… Mənə sadəcə maraqlı idi ki, MirHəmid Mahirənin fotoşəklini görərkən, buna necə reaksiya verəcək?! O isə, kifayət qədər soyuqqanlı davrandı.

– Nə olsun ki? Bu, o demək deyil ki, onlar əlbir deyil…

– Təbii ki, mən də o cür düşündüm, amma görücü mənim son sualıma da maraqlı cavab verdi.
O, mənim “Bibim qızı yaşayır?” – sualımı, “Bəli, yaşayır. Buna əmin ola bilərsiniz…” – deyə cavablandırdı. Məntiqlə düşünəndə isə söyləmək olar ki, əgər onlar əlbir olsalar, o, mütləq Mahirənin öldüyünü deməli idi.

– Belə çıxır ki, MirHəmid günahsızdır?

– Bunu da bir azdan biləcəksiniz. – yenə də ardıcıllığı pozmadım – Həmin gün mən Bakıya yola düşdüm və Sənubər xanımın mənzilini dərhal tapdım. Onlar doğrudan da Mahirənin atasıgil ilə qonşu idilər. Bu əslində çox böyük bir uğur sayılsa da, növbəti şanssızlığa da Bakıda rast gəldim. Sənubər xanım həmin axşam gecə növbəsində olduğundan, evdə yox idi. Belə olan halda da, mən onun qızı Ləmanla danışmaq məcburiyyətində qaldım. Ləman mənə qadının ümumi ailəsindən bəhs etdi və mən sözarası, Mahirənin Mahir adlı qardaşının olduğunu öyrəndim. Ancaq onunla ünsiyyətə girməyə ehtiyac qalmadı. Mahir həbsxana həyatı yaşamışdı deyə, hətta Lalə də, bu adlı dayısının olduğunu bilmirdi. Mahirə xəcalət çəkdiyindən, onun varlığını qızından gizlədirmiş. Ona görə də, Mahirin bütün bu yaşananlardan xəbərsiz olduğunu nəzərə alıb, onu axtarmağa lüzum görmədim və Bakıya getməyimin elə bir xeyirinin olmadığını anladım. – bir neçə saniyə ara verib, davam etdim – Ertəsi gün isə, uğursuz bir gün kimi yadda qaldı. Keçmiş həyat yoldaşınız Faiqlə görüşmək istəsəm də, onun intihar etdiyi məlum oldu. Daha sonra kəndinizə qayıdanda, sizin MirHəmidlə görüşməyinizi istədim, lakin razılaşmadınız. Belə olan halda, daha əlimdən heç bir iş gəlmədiyini anladım və öz kəndimizə qayıtmaq qərarına gəldim. Doğrudan da, o hissləri yaşamaq çox çətin idi. Çünki mən, nədənsə həddindən artıq əmin idim ki, bu işin öhdəsindən gələ biləcəyəm. Baş verənlərə görə isə, mənə sadəcə təəssüflənmək qaldı…

– Bəs, sonra nə baş verdi? – qadın, marağını gizlətmədi – Niyə qayıtdınız?

– Təəssüfləndiyimi, ümumiyyətlə son günlərdə yaşadıqlarımı, qarşılaşdığım uğursuzluğu Səbuhiyə danışanda, hələ evinizin həndəvərində idik. Beş-on dəqiqə Səbuhi ilə söhbət etdim və artıq evə qayıtmaq istədiyimiz vaxt, dostum məndən, bayaqdan arxadan bizə baxan qadının kim olduğunu soruşdu. Çevrildim baxdım…

– Kim idi?

– Zivər xala… – deyə həmin an cavab verdim – Qadın gözlərini mənə zilləmişdi. Maşından çıxıb ona doğru yaxınlaşdım. O isə, salamımı belə almadan, qəfildən sadəcə “O, əxlaqsız qadın deyildi” – söyləməklə kifayətləndi.

– Anlamadım, kim?

– Siz, Mahirənin Nərimanı başqa biri ilə aldatdığını bilirdiniz?

– Yox, – Minarə xanım heyrətləndi – amma…

Qadın sözünü kəsib, bir qədər susdu və gözlərini məndən çəkdi. Sanki nə isə xatırlamağa çalışırdı.

– Nəriman bir dəfə söyləmişdi ki… – Minarə xanım aramla dedi – “Mahirə məni atıb getdi”… İndi yadıma düşür. O, mənə belə bir söz demişdi, amma mən çox da fikir verməmişdim. Dəhşətdir… Ailəli bir qadının bu cür davranması sadəcə dəhşətdir! Bunları sizə Zivər xala dedi?

– Hə, qadın bu haqda danışmaq istəmirdi. Onun ilk dəfə mənimlə kobud rəftar etməsinin də əsl səbəbi bu imiş… O, Mahirənin ölümündə özünü günahlandırırmış. Çünki zamanında bu haqda heç kimə bir söz deməyib. Elə zənn edib ki, Mahirə nə vaxtsa qayıdıb, onu qınaya bilər. O, Mahirəni çox istəyirmiş… Bu arada, onunla söhbətimdə, Lalənin dediyi də öz təsdiqini tapdı. Mahirə Nərimanla dalaşandan sonra, onlar Zivər xalanın evində gecələmişdilər. Qadın deyir ki, Mahirə ağlayırdı və Nərimanı aldatmadığını söyləyirdi. Bu səbəbdən də, Zivər xala etiraf etdi ki, hər şeyi gözləri ilə görsə belə, bu həqiqətə inanmaq istəməyib.

– O, doğrudan hər şeyi görüb?

– Bəli, gecə ikən Mahirənin evin arxasında bir nəfərlə söhbət etdiyini, hətta həmin insanı da şəxsən görə bilib…

– Demək, Mahirə doğrudan da həmin adamla qaçıb… Biabırçılıqdır!

– Xeyr, belə olmayıb… Mahirə heç yerə getməyib.

– Bəs onda o, haradadır? – Minarə xanım maraqla soruşdu.

– Burada, – deyib azacıq ara verdim – sizin mənzilinizdə…

 

 

XV

Endşpil

 

Qadın diksinib, özünü divanın söykənəcəyinə atdı.

– Siz mənimlə zarafat edirsiniz? Necə yəni burada, bizim evdə? Siz Mahirənin ruhunu nəzərdə tutursunuz?

– Bunları söyləmək, mənim üçün çox çətindir. Mən bu faktlarla qarşılaşanda, özüm öz düşüncəmdən vahimələnirdim. Mahirənin ruhu yox, cəsədi bu evdədir.

– Anlamadım… – qadın titrəyən əlini alnına qoydu – Mən ağlımı itirirəm?! Nicat bəy, siz nələr danışırsınız?

– Təəssüflə deməliyəm ki, bu, həqiqətdir…

– Axı, mən anlamıram… Necə yəni?! Yəni necə ola bilər?! O, haradadır?

– Zirzəmidə…

– Dünən gördünüz? – o, ayağa qalxıb, stulda əyləşdi – Nə bildiniz ki, zirzəmidədir?

– Yadınıza gəlir, sizin həyətinizə girən kimi, qapılarınızdakı qıfıllar diqqətimi çəkdi. – qadına xatırlatdım – Dediniz ki, Nəriman bir ara al-verlə məşğul imiş, bu qıfılları da Litvadan gətiribmiş.

– Aha, yadımdadır…

– Darvazanızdakı, Litva istehsalı olan o böyük qıfıl çox gözəldir. Hətta paslanmayan materialdan hazırlanıb. Zirzəminizdəki qıfılın isə, yağan yağış nəticəsində paslı olması diqqətimi çəkdi… Əslində isə o, o dərəcədə paslı olmamalı idi, çünki onun üzərinə yağış yağa bilməz. Belə çıxır ki, bu paslı qıfıl, əvvəllər darvazanızdan asılı olub. Sonradan Nəriman hər ehtimala qarşı, bu qıfılların yerini dəyişib və açarını da gizlədib. Çünki ilk baxışdan, açarı olmayan paslı bir qıfılın, uzun zamandır açılmadığını asanlıqla güman etmək olar.

– Bir dəqiqə… – qadın sözümü kəsdi – Siz nə demək istəyirsiniz?

– Minarə xanım, anlayıram ki, eşitdiklərinizi qəbul etmək sizin üçün elə də asan olmayacaq, amma bu, acı həqiqətdir. Mahirə öz əcəli ilə ölməyib. Onu həyat yoldaşı Nəriman qətlə yetirib…

– Mən sizə inana bilmərəm… – qadın gülümsəsə də, dəhşətli həyəcan keçirirdi – Nəriman qatil ola bilməzdi. – o, asta şəkildə əlini stola vurdu – Mən onu yaxşı tanıyırdım.

– Görünür, o qədər də yaxşı tanımamısınız… – əminliklə dedim – Mən bütün bu olanları özümdən uydurmuram. Əlimdə, hər şeyi sübut edəcək tutarlı dəlillər var.

Minarə xanım gözlərimin içinə baxdı. Etiraz etməyin lüzumsuz olduğunu dərk edənə qədər, susdu. Nə isə demək istəsə də, bir söz tapıb dinə bilmədi…

– Bəs, o çəhrayı zolaqlı varlıq nə imiş? – bir xeyli danışmağa özündə güc tapa bilmədikdən sonra, nəhayət asta səslə soruşdu – Mahirənin ruhu?

– Qonşunuz Bəhram kişini tanıyırsınız?

– Tanıyıram… – o, bir qədər də təəccübləndi – Dükanı olan Bəhramı deyirsiniz? Onun bu məsələyə nə aidiyyatı var?

– Xeyr, aidiyyatı yoxdur. – dərhal aydınlıq gətirdim – Məsələ burasındadır ki, Zivər xala Mahirə ilə görüşən o oğlanı, qadın itgin düşəndən sonra, kəndinizdə bir daha görüb. Oğlan, Bəhramın evində fəhlə kimi çalışırmış. Zivər xala deyir ki, onu görən kimi tanıdım və bilərəkdən, hər gün dükana getməyə başladım. Qadın  nəhayət, oğlanı yanına çağıraraq təmirlə bağlı bir yalan uydurub, onunla söhbət etməyi bacarır və adının da Ruslan olduğunu öyrənir. Qadının dediyinə görə, oğlan kəkələyərək danışsa belə, həddindən artıq yaraşıqlı imiş… Bu məlumatları eşidəndən sonra, vaxt itirmədən Bəhram kişinin yanına getdim. O da Ruslan adlı fəhləsinin olduğunu təsdiqlədi və bizə, onun kirayə yaşadığı ünvanı söylədi. Həmin evə yollanarkən isə, qapını üzümüzə Xuraman adlı bir qadın açdı. Biz ondan da Ruslanı soruşduq. Qadın bizə bilirsiniz nə söylədi?! O, dedi ki, Ruslan həbsxanadan qaçdığı üçün bu yaxınlarda yenidən tutulub. Kənddə fəhləliklə məşğul olsa da, əslində cinayətkar qruplaşmalardan birinin üzvü imiş. O, hətta ələ keçməmək üçün, adını belə dəyişibmiş…

– Axı, bu nə deməkdir?! Mən heç nə başa düşə bilmirəm… – Minarə xanım çarəsizliklə üzümə baxdı – Nəriman Mahirəni qətlə yetirmişdi deyə, o axmaq da öz sevgilisinin qisasını almaq qərarına gəlmişdi?

– Sevgilisinin yox, bacısının… – asta səslə dedim.

– Nə? – qadın donub qaldı – Kimin bacısının?

– Öz bacısının… – bir daha əminliklə təsdiqlədim – “Lal Mahir”… Bu adı doğrudan da bir dəfə eşitmişdim…

– Ola bilməz… – Minarə xanım heyrətdən qurumuş dodaqlarını yaladı – Belə çıxır ki, Ruslan…

– Bəli, özünü Ruslan adı ilə qələmə verən şəxs, əslində Mahirənin doğma qardaşı Mahir imiş… – ayağa qalxıb, otaqda gəzişməyə başladım – Ləman mənə Mahir haqqında o qədər də pis şeylər danışmamışdı. Görünür, onun əsl kimliyindən xəbərdar olmayıb. Qız mənə demişdi ki, Mahir şərlənərək həbsxanaya düşüb. Cəzaçəkmə müəssisəsindən çıxarkən də, birbaşa Sənubər xanımgilə üz tutub və onları aldadaraq günahsızlığının sübut olunduğunu və vaxtından əvvəl azadlığa buraxıldığını deyib. Hətta guya, həqiqi cinayətkar da həbs edilibmiş… Ləman mənə dedi ki, Mahir ondan qisas alınacağından çox qorxurmuş. Ona görə də, Sənubər xanımgilə bərk-bərk tapşırıb ki, onu gördüklərini heç kəsə deməsinlər. Əslində isə Mahir, müəyyən səbəblərdən həbsxanadan qaçmağı planlaşdırıb və maraqlıdır ki, doğrudan da buna nail olub. Bir dəfə müəllimimiz bizə bu haqda danışmışdı. İki məhbus, əvvəlcədən çarpayının ayaqlarını söküb dəmir alətlərlə silahlanaraq cəzaçəkmə müəssisəsi nəzarətçilərinə kameranın kanalizasiya xəttində nasazlıq olduğunu deyib, onları aldatmağı bacarıblar. Nəzarətçilərə ağır bədən xəsarəti yetirəndən sonra, qaçmağa cəhd etsələr də, onlardan birini yaxalamaq mümkün olub. O vaxt KİV bu haqda bir məlumat işıqlandırmayıb, çünki həbsxana əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qaçaqlardan birini silah gücü ilə ələ keçiriblər, amma daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib. Digər məhbusu isə, ələ keçirmək mümkün olmayıb.

– Demək, qızımın və həyat yoldaşımın qatili odur, hə?! – qadın qəfildən ağlamağa başladı.

– Bəli, odur… – çətinliklə təsdiqlədim – Ləmanın dediyinə görə, Mahir onlarda olarkən, həyətdə onun anası ilə söhbət edibmiş… Hər halda bacısının artıq ərdə olduğunu da qonşusu Sənubər xanımdan öyrənir və dərhal kəndə gələrək, Mahirəni tapır. Qadın isə, böyük ehtimalla həqiqətdə onun kim olduğunu bildiyi üçün, Nərimana Mahir adlı qardaşından bəhs etməyib. Hətta Lalə də mənə dayısının və xalasının olmadığını demişdi… Belə olan halda, Mahirə onu evində saxlaya bilməzdi. Ona görə də, Mahir meşədə gizlənmək qərarına gəlir. O, biz aşkar etdiyimiz həmin sığınacaqda gizlənirmiş və təbii ki, ara-sıra bacısı ilə görüşürmüş. Fincanı xatırladınız? Siz doğrudan da yanılmamışdınız… Mahirin yaşaması üçün gərəkli olan bu kimi əşyaların hamısını ona, bacısı vermişdi. Xuraman xanımın sözündən sonra isə mən, Səbuhi ilə birlikdə yenidən meşədəki həmin sığınacağa yollandım. Qadın ilə kişinin yaşam tərzi arasında mütləq fərq olmalı idi. Mən də həmin sığınacaqda, ilk gedişimdə qaranlıq səbəbindən gözümdən yayınan ətrafdakı bir neçə siqaret kötüyünü dərhal tapdım və burada həqiqətən də Mahirin yaşaması təsdiqləndi. – cibimdən, özümlə götürdüyüm siqaret kötüyünü çıxarıb, masanın üzərinə qoydum – Demək, Nərimanın şübhələri doğrudan da əsassız deyilmiş. O, Mahirənin kimsəsiz olduğunu bildiyi üçün, onun həqiqətdə qardaşı ilə görüşdüyünə də inanmayacaqdı. Qadın da öz növbəsində, bu həqiqəti gizlətməyə məcbur idi…

– Nə deyəcəyimi bilmirəm… – Minarə xanım əlləri ilə üzünü örtmüşdü – Demək, çəhrayı zolaqlı paltar geyinən də Mahir imiş?!

– Təbii ki… – dərhal razılaşdım – Hər halda, Nəriman bir gün Mahirəni izləyib və onu görüş başındaca yaxalayıb. Böyük ehtimalla Mahir qaça bilib, çünki Nərimana elə gəlirmiş ki, onun bu qətl hadisəsini özündən qeyri bilən yoxdur. Ona görə də həyətdə çəhrayı zolaqlı varlığı görəndə, dərhal Mahirənin ruhundan şübhələnərək, evə girməyə qorxmuşdu. Ancaq Mahirə, çox güman ki, qardaşının gözü qarşısında öldürülüb. Nəriman isə qadının meyitini zirzəmidə basdırmazdan əvvəl, onun paltarının bir parçasını meşəyə atmağa müvəffəq olur. Təbii ki, bu vaxt o, valideynsiz qalacaq qızını, kənddəki hörmətini, eyni zamanda sizi düşünür və üzərinə düşəcək qatil damğasından qorxaraq, bu addımı atmaq qərarına gəlir. Hər kəsdə istədiyi fikri formalaşdırandan sonra isə, həyatını əvvəlki axarı ilə yaşamağa başlayır. Belə olan halda da, Mahir təbii olaraq, qisas haqda fikirləşir və işinə mane ola biləcək meşəbəyini də aradan götürməyi planlaşdırır. Əvvəlcə onun başına ağacla vurur, sonra da yarımçıq qalan işini tamamlamaq üçün gecə ikən Salman kişinin evinə girir. Ancaq sizin evdə baş verənlərlə müqayisədə, Mahirin bu dəfə bəxti gətirmir.

– Bəs, MirHəmid? – qadın ağlamsınaraq soruşdu – Onun bu işdə əli yoxdur?

– Onun haqda bir fikir yürütmək, doğrudan da asan deyil. – etiraf etməyə məcbur oldum – O, mənim ona inanmadığımı belə hiss edə bildi. Hərçənd ki, mən bu cür cəfəngiyyata inanmıram, ancaq o, Mahirənin yerini belə mənə demişdi.

– Axı o, Mahirənin sağ olduğunu bildirmişdi?!

– Yox, – gülümsəyərək etiraz edib, yenidən qadınla üzbəüz əyləşdim – O, Mahirə haqqında sadəcə qaranlıq gördüyünü demişdi. Mən qadının cəsədini qaranlıq zirzəmidə aşkarlayarkən, onun bu kəlməsini xatırladım və sonrakı dialoqumuz yadıma düşdü. Mən, MirHəmidə “Bibim qızı yaşayır?” – deyə sualı bu formada ünvanladıqda, çox kobud bir səhvə yol vermişdim. Görücü də “Bəli, yaşayır. Buna əmin ola bilərsiniz…” – deyə sualımı cavablandırarkən, əslində Mahirəni yox, mənim öz bibim qızını nəzərdə tutmuşdu. MirHəmid ona inanmadığımı anladığından, mənimlə ünsiyyətə girmək istəməmişdi.

– Nicat bəy, mənə yenə kömək edin… Mən o Mahir əclafı polisə şikayət edəcəyəm. Onun bu gizli cinayətlərini aşkara çıxaracağam…

– Minarə  xanım,  siz  indi   əsəbisiniz.  Mən  sizi  başa  düşürəm, – deyib, qadına yaxınlaşdım – amma nəbadə bu haqda polisə şikayət edəsiniz. Buna görə sizin başınız ağrıya bilər…

– Mənim niyə?

– Özünüz fikirləşin… Siz hər şeyi polisə danışsanız, məcbur olub, Nərimanın Mahirəni necə öldürdüyünü də söyləməli olacaqsınız. Mahirə sağ ikən, siz artıq Nərimanı tanıyırdınız. Qadın öldükdən sonra isə onunla ailə qurmusunuz və burada söhbət məhz, izi itirilmiş dəhşətli qətldən gedir… Siz mənim nə demək istədiyimi anlayırsınız?

– Mən heç nə etməmişəm. – o, qorxaraq dedi – Mənim bütün bu olanlardan xəbərim yox idi.

– Sizin günahkar olmadığınızı bilirəm, amma başqasına bunu izah etmək, sadəcə əlavə problem deməkdir.

– Bəs, mən indi nə edəcəm? – o, yenə sifətini ovucunda gizlətdi – Qızımın və həyat yoldaşımın qatili rahatca yaşasın, mən də durub baxım?

– Çətin də olsa, bunu etməyə məcbursunuz, həm də qatil rahatca yaşamır. O, həbsdədir…

Minarə xanım çevrilib, üzümə baxdı. Nə isə demək istədi, susdu, amma yenə də bu həqiqətlə barışmadı. Ağlayaraq, çarəsizliklə bir daha bu məsələdə məndən yardım istədi. Mən isə bu dəfə onu güclə də olsa, razı sala bildim və yaşanan qaranlıq məqamlara doğru aydınlıq gətirməyim məni, bataqlıqdan çətinliklə canını qurtarmış bir canlı tək sevindirdi. Ancaq dəhlizdə Lalə ilə qarşılaşanda, qeyri-ixtiyari olaraq gözlərim yaşardı. Yaxınlaşıb əlimi saçına çəkdim. Üzümə baxıb gülümsəsə də, mənə elə gəldi ki, qız hər şeyi anlamışdı. Onun simasında, indiyədək görmədiyim bir kədər hiss olunurdu. Elə bil, qız son illərdə anasının cəsədi üzərində yaşadığına peşiman idi və indi bu günahının necə bağışlanacağını məndən soruşmaq istəyirdi. Sualın səslənməyəcəyini bilirdim, ancaq bu baxışlara belə tab gətirmək çətin olduğundan, mən əyilib sadəcə qızın alnından öpərək, evdən çıxdım.

– Elə bil yuxu görürəm… – qadın məni yola salanda, pilləkənlərlə aşağı düşərkən dedi – Bəs, nəyə görə o alçaq qətlləri eyni gündə edib?

– Tarixlərə fikir vermədiniz?! Nərimanın bildirdiyinə görə, Mahirə iyul ayının 25-də itgin düşüb. Demək, həyat yoldaşınız qadının cəsədini iki gün gizlədəndən sonra polisə xəbər vermək qərarına gəlib. Mahir də,  Nərimanı  daha da qorxutmaq üçün, bacısının  öldüyü  tarixdə,  yəni  iyulun 23-də ilk olaraq qızınız Nigarı, daha sonra isə…

– Kifayətdir… – o, ağlamsınaraq sözümü kəsib, zirzəminin yarıaçıq qapısına baxdı – Mən artıq bu evdən qorxuram. Burada yaşaya bilmərəm…

– Haqlısınız. Kim olsa, bu cür davranardı. Evin satılmasında sizə kömək edərəm… – qorxmuş qadına təsəlli verdim – Bu vaxt ərzində də, əgər istəyirsinizsə, Lalə ilə bizdə qala bilərsiniz…

Minarə xanım çətinliklə gülümsünərək təşəkkür edib, evdən bəzi əşyalar götürəcəyi üçün, gözləməyimi xahiş etdi. Fürsətdən istifadə edib, pilləkənləri aşağı düşərək, bağa keçdim və buradakı böyük xurma ağacına söykəndim. Bu an, yayın bu qızmar günəşli havasında içimə soyuq yağış kimi yağan sevinc hissinin bəlkə də yeganə bir səbəbi var idi: İllərdir vicdan əzabından gecəsini-gündüzünə satan Zivər xalaya baş verənləri detalları ilə danışa bilməsəm də, əslində Mahirənin Nərimana xəyanət etmədiyini söyləyərək, qadının çiyinlərindəki bu yükü götürəcəkdim… Amma bu uzun cümlənin sonuna qoyduğum cəsarətli “nida”nın da əhvalımı müsbət istiqamətdə dəyişdiyini qeyd etməliyəm. “Doğrudanmı, mən bu cür çətin işin öhdəsindən gələ bildim?! – deyə ağır-ağır düşündüm – Yoxsa bu, yatmağı özündən çox sevən bir insanın gördüyü növbəti bir yuxu idi?!” Başımı azca yuxarı qaldırıb, mavi səmaya baxdım və hər iki əlimlə xurma ağacına toxundum. Yox, əgər nəyinsə varlığı səndə əminlik yaradırsa demək, gerçəklik çəkidə daha ağırdır. Mən də həmin an, bu ağır reallığı asanlıqla hiss edirdim.

Üzərinə söykəndiyim ağac isə, sanki mənim varlığımı duyaraq, gecə yuxusuz qaldığımı hiss etmişdi. Ağac, elə bil bir qədər yumşalmışdı…

 

 Kamil İsayev

 

11 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. NIHAT
    Yan 02, 2014 @ 11:16:16

    Bunu mutleq oxuyun cox maraqli hekaydi cox sag olun amil isayev muelimm

  2. kemale
    Yan 30, 2014 @ 19:02:27

    maragli hekayedir..cox sag olun!

  3. Elcan
    Fev 11, 2014 @ 20:45:31

    BU YEKAYE MENIM 3 SAAT VAXTIMI APARDI AMMA OXUDUGUMA PEWMAN DEYILEM SUPER HEKAYE IDI. HEKAYE ELA DEYIWDIRILIB ADLAR MEKANLAR ELA QURAWDIRILIB AMMA HEQIQETEN KAMIL ISAYEV HALAL OLSUN SENE.

  4. Elcan
    Fev 11, 2014 @ 20:46:34

    (…………………………)

  5. ceyhun
    Fev 16, 2014 @ 14:44:17

    hekayeye gore twk.bu hadise realdir yoxsa yazici texeyyulunun mehsuludur?

  6. Qadir
    Apr 21, 2014 @ 01:01:14

    Cox maraqlidi hedsiz hemde ibretamiz.tewekkurler cox sagolun

  7. ceferlikonul
    May 25, 2014 @ 12:43:35

    Çoox çox sağolun. Hedsiz maraqlı yazıdı .

  8. ferid
    İyn 17, 2014 @ 14:26:56

    maraqlida olsa düşündürücüdür

  9. Tutu666
    İyn 20, 2014 @ 09:12:47

    cox xowum geldi..twk..

  10. Tural
    Avq 22, 2014 @ 06:04:10

    Çox maraqlıdır oxumağa dəyər. Amma məncə bu təklifimlə razılaşarsınız. Bu bir kino şəklinə salınıb çəkilsə necə olar? Məncə əla alınar. Təşəkkürlər.

  11. TAMARA
    Dek 07, 2014 @ 08:39:55

    cox maraqli idi.Xosuma getdi.Amil Isayev cox sagolun

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: